Vüqar Həşimovun xatirə turniri ilə bağlı iclas keçirilib

Vüqar Həşimovun xatirə turniri ilə bağlı iclas keçirilib Toplantıda Təşkilat Komitəsinin üzvləri iştirak ediblər
Fərdi
6 Aprel , 2017 11:29
Vüqar Həşimovun xatirə turniri ilə bağlı iclas keçirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq "ShamkirChess 2017" şahmat turniri ilə əlaqədar Təşkilat Komitəsi üzvləri və Azərbaycan Şahmat Federasiyası (AŞF) rəsmilərinin iştirakı ilə yarışın keçiriləcəyi Şəmkirdə iclas keçirilib.

Turnirin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov turnirin yüksək səviyyədə təşkil ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verib.

AŞF-nin vitse-prezidenti Faiq Həsənov Şəmkirdə V.Həşimovun xatirəsinə 4-cü dəfə keçiriləcək beynəlxalq şahmat turnirinin ənənə halını aldığını bildirib. O, turnirlərin yüksək səviyyədə təşkilində rolu olan bütün dövlət qurumlarına təşəkkürünü bildirib.

Vüqar Həşimov Memorialının direktoru, “Shamkir Chess 2017” Təşkilat Komitəsinin sədri Fərid Hüseynov yarışın yüksək səviyyədə keçiriləcəyinə inandığını söyləyib: "Şəmkir şəhəri artıq bütün şahmatçılar üçün doğma məkana çevrilib. Ardıcıl dördüncü dəfə bu gözəl şəhərdə Vüqar Həşimov Memorialı təşkil olunacaq. Əvvəlki illərdə təşkilatçılara dəstək olduqları üçün dövlət qurumlarına təşəkkür edirəm. İnanıram ki, bu il də “ShamkirChess 2017”nin yüksək səviyyədə təşkil olunmasına nail olacayıq".

Təşkilat Komitəsinin üzvləri mərhum şahmatçı V.Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Qeyd edək ki, “ShamkirChess 2017”də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster mübarizə aparacaq. Aprelin 20-də start götürəcək superturnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ilə yanaşı Uesli So (ABŞ), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Radoslav Voytaşek (Polşa), eləcə də Veselin Topalov (Bolqarıstan) iştirak edəcək. 9 turdan ibarət yarışa aprelin 30-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi