Yuxarı

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının ikinci gününə yekun vurulub

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının ikinci gününə yekun vurulub

Bakı. 14 dekabr. REPORT.AZ/ “Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, proqrama əsasən, yarışın ikinci günü sərbəst güləşçilər arasında 86, 97 və 125 kiloqram, yunan-Roma güləşçiləri arasında isə 59, 66 və 71 kiloqram çəki dərəcələrində 116 idmançı birincilik uğrunda mübarizə aparıb.

Sərbəst güləşçilərin mübarizəsində Aleksandr Qostiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq), yunan-Roma güləşçilərinin yarışında isə Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq) və Rüstəm Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur. Bununla yanaşı, görüşlərin obyektiv idarə olunması məqsədilə Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimlərinin də köməyindən istifadə edilir.

Azərbaycan çempionatında ədaləti qorumaq üçün 10-a yaxın beynəlxalq dərəcəli hakim ölkəmizə dəvət edilib. Xüsusilə prinsipial qarşılaşmalarda onların xidmətindən istifadə olunacaq.

Dekabrın 15-də yekun vurulacaq yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar federasiya tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi