Yuxarı

​Şəhriyar Məmmədyarov sabiq dünya çempionu Kramniki məğlub edib

Azərbaycan şahmatı rahat nəfəs ala bilər

Bakı. 21 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2015" turnirində 5-ci tur başa çatıb.

"Report" xəbər verir ki, yarışın hesabat turunda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramnik üzərində qələbə qazanıb.

Ağ fiqurlarla oynayan Məmmədyarov 6 saat 35 dəqiqəlik mübarizənin yekununda dünya çempionunu mat edib. Mətbuat konfransında Şəhriyar qələbə təəssüratlarını jurnalistlərlə bölüşüb:

"Xantı-Mansiyskdəki turnirdə Vladimir Kramnikə məğlub olmuşdum. Həmin partiyada böyük üstünlüyüm var idi. Qələbə qazanmağa borclu idim. Amma sonradan oyunda dönüş oldu, Kramnik qələbə qazandı. Ona görə bu dəfə uğur qazanmaq istəyirdim. Deyə bilmərəm ki ciddi hazırlaşmışam. Biz bir-birimizi yaxşı tanıyırıq. Dəfələrlə rəqib olmuşuq. Ona görə ciddi hazırlaşmaq o qədər effektli olmur".

Maraqlıdır ki, indiyə qədər azərbaycanlı şahmatçılar heç vaxt Vladimir Kramnik üzərində qələbə qazanmayıb. Bu mənada Şəhriyar ilkə imza atdı:

"Azərbaycan şahmatçıları müxtəlif dövrlərdə güclü rəqibləri məğlub edib. Dünya çempionları Vişvanatan Anand və Maqnus Karlsen üzərində qələbələrimiz olub. Lakin Kramniki heç vaxt məğlub edə bilməmişik. Bu mənada ilk dəfə Kramnik məğlub oldu. İndi Azərbaycan şahmatı rahat nəfəs ala bilər".

Məmmədyarov "ShamkirChess 2015" turnirində ilk qələbəsinin növbəti turlara daha yaxşı hazırlaşmağa kömək edəcəyini deyib:

"Sözsüz ki, qələbə qazanmaq yaxşıdır. Çətin qələbə oldu. 6 saatdan artıq yarışmaq çətindir. Fikir verdinizsə ani olaraq oyunu tez başa vura bilərdik. Amma lazımi gedişi görmədim. Çünki, yorulmuşduq. Şahmatçı 5 saatdan sonra əvvəlki vəziyyətdə oynaya bilmir. Yorğunluq özünü göstərir. Bir dəfə Dortmund turnirində Peter Lekoyla 7-8 saat oynadıq. Axırda zalda heç kimin qalmadığını gördük. Demək istəyirəm ki, uzun partiyalar şahmatçını yorur. Karlsenə məğlubiyyətdən sonra çox düşünürdüm. İndi növbəti turlar haqda fikirləşməliyəm. Qələbəni tez unutmaq lazımdır".

Qeyd edək ki, Vladimir Kramnik məğlubiyyətdən sonra mətbuat konfransına gəlməyib. Rusiyalı dünya çempionu Heydər Əliyev Mərkəzindən birbaşa otelə yollanıb.

Sumqayıt şahmat məktəbinin yetirməsi Vladimir Kramnikin mətbuat konfransına gəlməməsinə belə şərh verib:

"Kramnik güclü şahmatçıdır. Dünya çempionudur. 7 saata yaxın mübarizədən sonra yəqin, yorulub. Ona görə mətbuat konfransına gəlmədi. Burda heç bir problem yoxdur. Xantı-Mansiyskdə Kramnikə məğlub olandan sonra özümü toparlayıb mətbuat konfransına gəlmişdim. Həyatımda heç vaxt elə pis olmamışdım. Uduş vəziyyətində olan oyunu uduzduğum üçün mətbuat konfransının tez bitməsini gözləyirdim. Kramniklə Xantı-Mansiyskdəki mətbuat konfransını heç vaxt xatırlamaq istəmirəm. Amma özümdə güc tapıb orada iştirak etmişəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi