​Şəhriyar Məmmədyarov: "Məğlubiyyətimi xatırlamaq istəməzdim"

​Şəhriyar Məmmədyarov: "Məğlubiyyətimi xatırlamaq istəməzdim" O, Sergey Karyakinlə görüşündən danışıb
Fərdi
26 May , 2016 18:01
​Şəhriyar Məmmədyarov: Məğlubiyyətimi xatırlamaq istəməzdim

Bakı. 26 may. REPORT.AZ/ "Sergeylə oynamaq hər zaman maraqlıdır. Bu gün ilk tur olduğu üçün nəticəni normal qəbul edirəm. Nəzərə alaq ki, bir-birimizi yaxşı tanıyırıq. Dünya Kubokunda Karyakinə məğlubiyyətimi xatırlamaq istəməzdim. Dünya Kubokundan sonra bir neçə dəfə qarşılaşmışıq".

"Report"un məlumatına görə, bunu "Shamkir Chess 2016" turnirində iştirk edən azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, turnirin önəmli olduğunu və ilk turdakı rəqibi Sergey Karyakinlə oyuna hazırlaşmağın asan olmadığını bildirib: "İddiaçılar turnirində ona kömək etmişəm. Çox güclü şahmatçıdır. Çoxları iddiaçılar arasında onun şansının az olduğunu deyirdi. Lakin Sergey yüksək səviyyəli şahmatçı olduğunu sübut etdi. Onu Maqnus Karlsenlə çətin görüş gözləyir. Karyakinə lazım olarsa, yenidən kömək etməyə hazıram. Karlsenlə oyuna ciddi hazırlaşmaq vacibdir. O, təsadüfi olaraq iddiaçılar turnirində qələbə qazanmayıb. Dünya çempionluğu uğrunda görüşdə çox maraqlı mübarizə olacaq".

Rusiya təmsilçisi Sergey Karyakin də Məmmədyarovun köməyinə ehtiyacı olduğunu deyib: "İlk turdakı oyundan razı qaldım. Partiyada irəliləyiş hiss olunmurdu. Ona görə də bir növ ədalətli nəticə oldu. Məmmədyarov iddiaçılar turnirində qələbə qazanmağa kömək edən şahmatçılardan biri oldu. Çempionluq matçına hazırlıq zamanı yenidən onun köməyinə ehtiyacım olacaq. Şəhriyarla işləmək rahatdır. Uzun müddətdir birgə oynayırıq. Həyatda dost olmağımıza baxmayaraq, yarışda bir-birimizi məğlub etməyə çalışırıq".

Son xəbərlər

Orphus sistemi