Yuxarı

​Şəhriyar Məmmədyarov: "Dünyanın ən güclü qadın şahmatçısı ilə oynayıram"

Bu gün azərbaycanlı şahmatçı ilə Hou Yifan arasında ikinci görüş keçiriləcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov çinli Hou Yifanla heç-heçə oynayıb. 

"Report"un Dünya Kubokunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdən sonra keçirilən mətbuat konfransında Şəhriyar Məmmədyarov oyunda maraqlı vəziyyətin yarandığını deyib.

O bildirib ki, rəqibin bir gediş etməklə heç-heçəyə oynayacağını düşünsə də, gedişat fərqli olub: "Vəziyyətə görə heç-heçə mənim üçün də rahat olardı. Amma rəqib fərqli oynadı. Bundan sonra vəziyyət mənim üçün təhlükəli hal aldı. Bir sözlə, maraqlı vəziyyət idi. Rəqibim də yaxşı oynadı. Sona yaxın gördüm ki, qələbə qazanmaq üçün şans çox azdır. Bir epizodda yalandan tez oynadım ki, guya nəsə görürəm. Amma əslində heç nə görmürdüm".

"Rəqibin xanım olmasının sənin üçün hansısa fərqi varmı" sualını qrossmeyster belə cavablandırıb: "Baxır xanıma. Mənim rəqibim dünya çempionudur. Ən güclü qadın şahmatçısı ilə oynayıram. Belə xanım şahmatçıya qarşı kişilərdən daha çox ehtiyatlı oynamaq lazımdır".

Qeyd edək ki, bu gün Şəhriyar Məmmədyarovla Hou Yifan arasında ikinci görüş keçiriləcək. Bu dəfə Məmmədyarov ağ fiqurlarla mübarizə aparacaq. Görüş saat 15-də start götürəcək

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi