​Şahmat üzrə Azərbaycan yığmasının Qəbələdə keçirilən təlim-məşq toplanışını başa çatıb

​Şahmat üzrə Azərbaycan yığmasının Qəbələdə keçirilən təlim-məşq toplanışını başa çatıb İdmançılar yaradılan şəraitdən razı qalıb
Fərdi
25 İyun , 2016 16:30
​Şahmat üzrə Azərbaycan yığmasının Qəbələdə keçirilən təlim-məşq toplanışını başa çatıb

Bakı. 25 iyun. REPORT.AZ/ Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının Qəbələdə keçirilən təlim-məşq toplanışı başa çatıb.

"Report"un məlumatına görə, yığmanın üzvü Şəhriyar Məmmədyarov təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini və birgə hazırlıq keçməyin müsbət hal olduğunu deyib. 

O qeyd edib ki, yığma üzvləri bildiklərini bir-biri ilə bölüşüblər: "Rəqiblər haqda müzakirələr aparırıq, debütlər barədə danışırıq. Fikrimcə, hazırlığın milliyə çox böyük faydası olacaq. Milli komandanın üzvləri il ərzində xaricdə çoxlu sayda beynəlxalq turnirlərdə iştirak edir. Ona görə ünsiyyətimiz az olur. Hər bir şahmatçı Bakı Şahmat Olimpiadasının məsuliyyətini dərk edir. Gözəl məkanda hazırlıq keçdik. İnanıram ki, zəhmətimiz bəhrəsini verəcək. Əsas məqsəd millinin Bakı Şahmat Olimpiadasına hazır olmasıdır. Yığma üzvləri böyük həvəslə yarışa hazırlaşır. Doğma paytaxtımızda bizə inanan insanların ümidini doğrultmaq istəyirik".

Teymur Rəcəbov Bakı Şahmat Olimpiadasında Azərbaycanı layiqli şəkildə təmsil etməyə çalışacaqlarını söyləyib: "Bakı Şahmat Olimpiadası Azərbaycanda keçirilən ən böyük idman yarışlarından biridir. İdman ölkəsi kimi tanınan Azərbaycan sentyabrda şahmat dünyasının diqqətində olacaq. 42-ci Ümumdünya Şahmat Olimpiadası həm də gənc nəslin şahmata olan marağını artıracaq. İlk hazırlıq mərhələsi yaxşı keçdi. Mötəbər yarışın yüksək səviyyədə keçiriləcəyinə şübhə yoxdur. Şahmatçı kimi biz millimizin layiqli çıxış etməsi üçün çalışacayıq".

Arkadi Naydiç Qəbələdə keçirilən toplanışda milli üzvləri üçün ideal şəraitin yaradıldığını qeyd edib: "Qəbələdəki hazırlığın komandamıza çox faydalı oldu. Açılışlar, debüt və müxtəlif kombinasiyaları müzakirə etdik. Əsas komandaya böyük ümid bəsləndiyini bilirik. Məhz buna görə olimpiadaya ciddi hazırlıq gedir. Bakı Şahmat Olimpiadasında bizi güclü rəqabət gözləyir. Şahmatçılar buna hazır olmalıdır".

Eltac Səfərli də komanda yoldaşları kimi toplanışdan razı qaldığını bildirib. Onun sözlərinə görə, Qəbələdə həm məşq, həm də idmanla məşğul olmaq üçün ideal şərait yaradılıb: "Qəbələdə ilk hazırlıq başa çatdı. Məşqdən çox razı qaldım. Həm məşq, həm də idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmışdı. Qarşıda bizi daha iki hazırlıq gözləyir. Fikrimcə avqustun sonuna yaxın yığma Bakı Şahmat Olimpiadasına tam hazır olacaq".

Rauf Məmmədov isə hazırlıq planını belə dəyərləndirib: "Hazırlıq planına əsasən üç təlim-məşqimiz olacaq. İlk belə hazırlığı Qəbələdə keçdik. Etyen Bakronun rəhbərliyi altında debütlər, açılışlar və müxtəlif gedişləri müzakirə etdik. Bakı Şahmat Olimpiadası əvvəlki yarışlardan rəqabətə görə fərqlənəcək. Doğma şəhərimizdə çıxış etdiyimiz üçün məsuliyyət daha çoxdur. Layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik".

Son xəbərlər

Orphus sistemi