Sahil Babayev Avropa çempionatından qayıdan boksçularla görüşüb

Sahil Babayev Avropa çempionatından qayıdan boksçularla görüşüb Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xorvatiyanın Poreç şəhərindəki Avropa çempionatından qayıdan 22 yaşadək boksçulardan ibarət milli komanda ilə görüşüb.
Fərdi
120
27 Mart , 2022 17:36
Sahil Babayev Avropa çempionatından qayıdan boksçularla görüşüb

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xorvatiyanın Poreç şəhərindəki Avropa çempionatından qayıdan 22 yaşadək boksçulardan ibarət milli komanda ilə görüşüb.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Avropa çempionu Nicat Hüseynov (51 kq), qitə birinciliyinin ikincisi Ruslan Qədirov (54 kq), bürünc mükafatçılar Cəlal Qurbanovla (63,5 kq) Nəbi İsgəndərovu (67 kq) uğurları münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.

O bildirib ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq 10 ildən sonra Azərbaycan rekordunu təkrarlamaq uğurlu nəticədir. Babayevin sözlərinə görə, Avropa çempionatında Azərbaycanın təmsil olunduğu 7 çəki dərəcəsində 4 medal qazanmaq yüksək nəticədir.

ABF prezidenti vurğulayıb ki, yığma U-22-lərin yarışında standart müəyyənləşdirib. Növbəti yarışlarda da komanda üzvlərinin ən azı yarısının medalla Vətənə dönməsi üçün gözəl ənənənin təməli qoyulub.

Nazir görüləcək bütün tədbirlərin ana xəttində ilkin olaraq məhz 2024-cü il Paris Yay Olimpiya Oyunlarının dayandığını bildirib. O, olimpiadada da boksçuların qızıl medal qazanmaqla, idman tarixində yeni səhifə açacağına inam ifadə edib. Nazir həmçinin Poreçdə çıxış etmiş idmançıların fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə maraqlanıb.

İdarə Heyətinin üzvü, Xorvatiyadakı Avropa çempionatına rəhbərlik etmiş Rövşən Hüseynov boksa göstərilən dövlət qayğısı sayəsində gələcəyin komandasının formalaşdığını və bu boksçuların bir neçə il ölkəni beynəlxalq arenada layiqincə təmsil edəcəklərini bildirib. Yığmanın böyük məşqçisi Nəriman Abdullayev isə daha uğurlu çıxış üçün məşqlərdə intensivliyi artırıb, səhvləri aradan qaldırmağa çalışacaqlarını deyib.

Avropa çempionu Nicat Hüseynov bu titulla kifayətlənməyəcəyini və növbəti yarışlarda da məqsədinin ancaq Azərbaycan himnini səsləndirməkdən ibarət olacağını söyləyib. Digər mükafatçılar və boksçular da Avropa, dünya çempionatları və olimpiadada inamlı çıxışı hədəflədiklərini qeyd ediblər.

Ardınca İdarə Heyətinin üzvləri və baş katib komandanın Avropa çempionatındakı çıxışını uğurlu hesab ediblər. Federasiya prezidenti onlara növbəti təlim-məşq toplanışları və yarışlara hazırlıqla bağlı tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi