Sahil Allahverdiyev: "İrəvanda tək yolum erməniyə qalib gəlmək idi" - MÜSAHİBƏ

Sahil Allahverdiyev: "İrəvanda tək yolum erməniyə qalib gəlmək idi" - MÜSAHİBƏ Ermənistanın paytaxtı İrəvanda keçirilmiş Avropa çempionatında Gürcüstan millisinə qızıl medal qazandırmış əslən azərbaycanlı boksçu Sahil Allahverdiyevin "Report"a müsahibəsi
Fərdi
1 İyun , 2022 17:53
Sahil Allahverdiyev: İrəvanda tək yolum erməniyə qalib gəlmək idi - MÜSAHİBƏ
Sahil Allahverdiyev

Ermənistanın paytaxtı İrəvanda keçirilmiş Avropa çempionatında Gürcüstan millisinə 48 kq çəki dərəcəsində qızıl medal qazandırmış əslən azərbaycanlı boksçu Sahil Allahverdiyevin "Report"a müsahibəsi

- Yarışla bağlı təəssüratlarınızı bilmək istərdik: Avropa çempionu olmaq və bunu Ermənistanın paytaxtında bacarmaq necə hissdir?

- Avropa çempionu olmaq mənim üçün çox böyük hissdir. Bunu Ermənistanda qazanmağın başqa cür sevinci var. Hissləri sözlə izah etmək mənim üçün qeyri-mümkündür.

- Azərbaycanlı olduğunuzu biləndə sizə qarşı hər hansı təxribat olmadı?

- Düzü, hər hansı təxribat olmadı. Sadəcə, yarış bir az çətin keçdi. 1/4 finalda erməni boksçu Bareqam Harutyunyan ilə döyüşdüm.

- Həmin döyüş barədə nə deyə bilərsiniz? Müharibə meydanındakı qələbədən sonra yəqin ki, rinqdə də ermənilərə qarşı daha inamlı döyüşürsünüz?

- Bu qarşılaşma çətin keçdi. Rəqib öz torpağında döyüşdüyü üçün bir az həyəcanlı idim. Amma orada mənim üçün tək yol rəqibimə qalib gəlmək idi. Başqa cür ola da bilməzdi.

- Qələbədən sonra arenada Azərbaycan adı olmasa da, azərbaycanlı adı səsləndi. Həmin vaxt armənilərin buna reaksiyası necə oldu?

- Yarışda mənim azərbaycanlı Gürcüstan vətəndaşı olduğumu bilirdilər. Qələbədən sonra heç bir reaksiya göstərmədilər.

- Rinqə ikiqat motivasiya ilə çıxdığınızı söyləmək olar?

- Bəli. Harada yarışdığımızı və rəqibin kimliyini nəzərə alaraq, döyüşə ikiqat motivasiya ilə çıxmışdım.

- Nə vaxtsa, Azərbaycan millisində çıxış etmək istəyirsiniz?

- Düzü, bəli, istərdim. Amma artıq gecdir. Bu, mənim şəxsi fikrimdir.

- Sizə nə vaxtsa bu yöndə təklif olub?

- Xeyr, olmayıb. Olsaydı, bəlkə də Azərbaycanda millisində çıxış edərdim.

- Niyə gec olduğunu düşünürsünüz?

- Mənim 23 yaşım var və artıq 7 ildir ki, Gürcüstan millisindəyəm.

- İndi təklif olsa, qəbul etməzsiniz?

- Yəqin ki, bundan sonra təklif olsa, yox deyərəm. Qəbul etsəm, iki il Avropa və dünya çempionatı kimi beynəlxalq turnirlərdə iştirak edə bilməyəcəyəm. Onu da qeyd edim ki, Gürcüstanda yaşayan azərbaycanlılar arasında ilk dəfə belə hadisə olur və bu, Gürcüstan boksunda tarixi nailiyyətdir.

- Yarışda qalib gəldikdən sonra Azərbaycan bayrağı açmaq və yaxud formanızda ölkəyə məxsus hər hansı atribut daşımaq fikrinizdən keçdimi?

- Həsəvkar boksda buna icazə verilmir. Döyüşdüyün millinin bayrağını açmağa da icazə yoxdur. İcazə verilsəydi, sadəcə, fikrimdən keçirməzdim, edərdim.

- Avropa çempionu oldunuz. Növbəti hədəfiniz nədir?

- Növbəti hədəfim dünya çempionatında və Yay Olimpiya Oyunlarında eyni uğuru təkrarlamaqdır.

Son xəbərlər

Orphus sistemi