Sadıq Sadıqov: "Təəccüblənirdilər ki, sizin uşaqlara nə olub?"

Sadıq Sadıqov: "Təəccüblənirdilər ki, sizin uşaqlara nə olub?" Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqovun "Report"a müsahibəsi
Fərdi
2699
3 Avqust , 2021 12:36
Sadıq Sadıqov: Təəccüblənirdilər ki, sizin uşaqlara nə olub?

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqovun "Report"a müsahibəsi

- Federasiya olaraq cüdoçuların Tokio-2020 Yay Olimpiya Oyunlarındakı nəticələrini necə qəbul etdiniz?

- Xatırlayırsınızsa, mayın 21-də sizə ağızdolusu və özümə güvənərək müsahibə vermişdim. 9 lisenziya qazandığımızı və idmançıların uğurla çıxış edəcəklərini söyləmişdim. Həqiqətən ACF olaraq olimpiadadan çox şey gözləyirdik. Ötən 5 il ərzində təlim-məşq toplanışları, dünya, Avropa çempionatları, Qran-pri və Böyük Dəbilqə yarışlarında cüdoçularımızın qazandıqları nəticələri əlimizdə əsas tutaraq, fikirləşirdik ki, Tokio olimpiadasından ən azı 3 medalla dönəcəyik. Ancaq biz fikirləşdiyimiz kimi olmadı. Bu, texniki heyətin və məşqçilərin işidir. Biz uyğunlaşma ilə əlaqədar Yaponiyaya yarışdan 5 gün əvvəl yola düşdük. Tokio ilə Bakı arasında saat fərqi +5 olduğuna görə fikirləşdik ki, 5 gün kifayət edər. Həqiqətən pandemiya ilə əlaqədar Tokioda ciddi yoxlanışlar, nəzarət var idi və yarışlar da qapalı keçirilirdi. Uşaqlardan gündəlik test götürülməsi, havanın isti olması da onlara təsir edə bilər. Bəlkə də psixoloji səddi aşa bilmədilər. Orada başqa dövlətlərin cüdo mütəxəssisləri və məşqçiləri var idi. Birlikdə təlim-məşq toplanışlarında olmuşdular. Dünya çempionatından əvvəl bizim idmançılar Xorvatiyada hazırlıq prosesi keçdilər. Gürcüstan millisi ilə birlikdə toplanışda olduq. Onlar da təəccüblənirdilər ki, sizin uşaqlara nə olub? Cüdoçular güləşməmişdən əvvəl özlərini birtəhər hiss edirdilər. Bilmirəm ki, psixoloji gərginlik idi, yoxsa uyğunlaşma problemi yaşadılar. Nə idisə, özlərini doğrultmadılar.

- Daha çox hansı çəkilərdən medal gözləyirdiniz?

- Bütün çəki dərəcəsində olan cüdoçularımız medala iddialı idilər. 60 kq-dakı Kəramət Hüseynov gəncdir, bu, onun ilk olimpiadası idi və gələcəyi qabaqdadır. İnanıram ki, o, sözünü növbəti yarışlarda deyəcək. 100 kq-dakı Zelim Kotsoyev də cavandır, onun da gələcəyi irəlidədir. 66 kq-dakı Orxan Səfərov təcrübəli idmançılarımızdan biridir. Səfərov ikinci dəfə Yay Olimpiya Oyunlarında iştirak etdi. Görüşdən sonra onunla söhbətimizdə sanki yuxulu idi. Başa düşə bilmirəm, biz elə situasiyaya düşdük ki... Rüstəm Orucov (73 kq) da üçüncü dəfə olimpiadada yarışdı. Rio-2016-da final həyəcanı yaşamışdı. Orada məğlub olduğu yaponiyalı olimpiya çempionu Şohey Ono ilə bu dəfə püşkün nəticəsinə görə, 1/4 finalda qarşılaşmalı oldu. 81 kq-dakı Murad Fətiyev dişi və dırnağı ilə lisenziya qazandı. Böyük Dəbilqə yarışlarında ən güclü cüdoçuları məğlub edərək özünü göstərmişdi. Amma olimpiadada alınmadı.

- Tokio-2020-dəki nəticələrə əsasən hansı tədbirlər gördünüz?

- Bakıya gələn kimi məsələyə aydınlıq gətirmək üçün mütəxəssislərlə ilk görüşümüzü keçirdik. Qərara alındı ki, ukraynalı Ruslan Maşurenkonun rəhbərlik etdiyi məşqçilər heyətini istefaya göndərək. Qarşıdakı bir neçə gündə milli komandanın yeni məşqçilər heyəti yığışacaq. Yarışlarımız hələ qabaqdadır. Sentyabrda ilk MDB Oyunları keçiriləcək. Buna da az vaxt qalıb. Böyük Dəbilqə yarışları da olacaq. İdmançılar yenə lisenziya üçün mübarizələrini davam etdirəcəklər. Ancaq buna baxmayaraq, olimpiadanı əldən verdik. Çox böyük uğursuzluq oldu.

- Yeni baş məşqçi yenə əcnəbi olacaq?

- Xeyr, yerli olacaq. Üstünlük azərbaycanlı mütəxəssislərə veriləcək. Bu istiqamətdə federasiyada mütəxəssislərin iştirakı ilə çoxlu müzakirə aparılıb. Bir neçə gün ərzində bütün məşqçilər heyəti təsdiqlənəcək. Hələlik əsas milli gənclərdən ibarət komandanın məşqçilərinə tapşırılıb. Elçin İsmayılovun rəhbərliyi altında məşqlər avqustun 5-də tam bərpa olunacaq. Yeni baş məşqçi ilə bağlı qərarı isə bundan bir həftə - on gün sonra verəcəyik.

- Bəs cüdoçularla bağlı hansı tədbirlər görüləcək?

- Hər bir federasiyanın öz qanun və qaydaları var. Bizdə olimpiadaya qədər dünya və Avropa çempionatlarında, həmçinin Böyük Dəbilqədə yer tutan idmançıların əmək haqları təyin olunan cədvəl əsasında verilirdi. Olimpiada isə yarışların yekunudur. İdmançılara bildirildi ki, olimpiadada nəticələr olmadığı üçün əmək haqqları ölkə çempionatı səviyyəsinə endirilib. Bundan sonra kim özünü göstərsə, maaşı qalxacaq. Əks halda, hamı bilir ki, zəhməti olmayan insan əmək haqqı ala bilməz. Yüksək əmək haqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyinə qərar verilib. Gənclərdən ibarət komandamız güclüdür, onlara ümidlərimiz çox böyükdür. Müxtəlif çəkilərdə yaxşı uşaqlar var ki, biz üzərlərində işləyərək, uğursuzluğu növbəti - 2024-cü il Paris Yay Olimpiya Oyunlarında aradan qaldırmallyıq. İdmançılar özlərini sübut etməlidirlər. Onlar uğursuzluqlarını bəzi şeylərin üstünə atırlar. Havanın isti keçməsi, püşkatma, uyğunlaşma və s. ilə əlaqələndirirlər. Amma bunlar səbəb deyil. Biz qərara gəldik ki, zəif nəticələr məşqçilər heyətinin işi ilə əlaqədardır. Ona görə onların hamısını istefaya göndərdik. İdmançılar da öz razılıqlarını veriblər. Bundan sonra federasiyanın qanunları ilə işimizi davam etdirəcəyik.

- Heyətdəki azsaylı legionerlərdən Uşangi Kokauri uzun müddətdir Azərbaycan millisində olsa da, dünya çempionatında mükafatçı olmaqdan başqa heç nə ilə yadda qalmayıb...

- Mən sizi çox düzgün başa düşürəm. Kokauriyə qədər 100 kq-dan yuxarı çəkidə olimpiadaya real namizədlərimiz yox idi. Çox zəif idilər. Amma son 5 il ərzində bu çəkiyə həm yeniyetmələrdən, həm də gənclərdən elə uşaqlar yetişib ki, onlar Kokaurini layiqincə əvəzləyə bilərlər. Uşangi də Azərbaycanı təmsil edib, 2018-ci ildə Bakıdakı dünya çempionatında ikinci olub. Böyük Dəbilqə və Qran-pri yarışlarında da qalib gəlib. Buna baxmayaq, ona imkan verilməyib ki, hansısa gənc idmançının qarşısında dursun. Kim güclüdürsə, ölkəni olimpiadada həmin cüdoçu təmsil edəcək. Yenə qeyd etmək istəyirəm ki, nəinki cüdoda, bütün idman növlərində ağır çəkidə problemimiz var. Amma cüdoda bu gün yeniyetmələr və gənclərdən 3-4 idmançı özlərini təsdiqləyib. Onlar Kokaurini layiqincə əvəzləyə bilərlər.

- Zəif nəticələrə pandemiyanın təsiri nə dərəcədə oldu?

- Tokio-2020-nin bir il uzadılması, ölkə və paytaxt çempionatlarının keçirilməməsi, zalların bağlı olması bizə maneələr yaratdı. Amma mən bunu əlimizdə səbəb kimi tutmuram. Pandemiya dönəmində "Evdə qal" layihəsində iştirak etdik. Bilirsiniz ki, idmançıların bir ay məşq etməməsi onları hansı vəziyyətə gətirib çıxarır. 4-5 il məşq edən idmançını bir ay idmandan saxlasanız, onun formasında böyük dəyişiklik baş verir və bunu geri qaytarmaq çox çətindir. Sual verə bilərsiniz ki, pandemiya ilə bağlı proseslər bütün dünyada baş verib axı. Amma tam əminliklə deyə bilərəm ki, elə deyil. Dünyanın hər yerində milli komandanın üzvləri hardasa yer tapıb məşq edirdilər. Fransa, Gürcüstan, Rusiya, Kosovo, Çexiya və digər ölkəlırdən olan nümayəndələrlə söhbətlərimizdə bunun şahidi olduq. Amma bizim uşaqlar iki ay evdə tamamilə qapandılar, çölə çıxa bilmədik. Düzü, vəziyyət də ağır idi. Olimpiadanın son ana qədər keçirilib-keçirilməyəcəyi məlum deyildi. Tokioda da yarış ab-havası yox idi. Elə vəziyyətə düşmüşük ki, niyə belə nəticələrin olduğuna dair açıqlama da vermək olmur. Məşqçi işi yox idisə, onları artıq göndərdik. Özləri də boyun qaçırmadılar.

- Məşqçi işi doğrudanmı yox idi?

- 5 il ərzindəki yarışlara baxanda yaxşı nəticələr görürük. Kəramət Hüseynov axırıncı dünya çempionatında bürünc medal qazandı, yaponiyalı Ryuju Naqayamanı uddu. Amma 2019-cu ilin gürcüstanlı dünya çempionu Luxumi Çxvimianiyə uduzaraq, mübarizəni dayandırdı. Orxan Səfərov qazaxıstanlı Yerlan Serikjanova uduzdu. Biz də onun asanlıqla məğlub olacağını gözləmirdik. Bir az psixoloji gərginlik var idi. Mən bununla əlaqələndirirəm. 5 il ərzində cüdoçularımız bir yerdə oturmayıblar, nəzərdə tutulan bütün təlim-məşq toplanışları və yarışlarda olublar. Azərbaycandakı toplanışlara 60-70 idmançı qatılırdı. Çox böyük maliyyə və vəsaitlər xərcləndi, amma məşqçilər heyəti nəyisə düzgün aparmadı və bu səbəbdən, komandadan uzaqlaşdırıldı. Bundan sonra ümidimiz çox böyükdür. Yeni və gənc nəsil var. İnanıram ki, onlar öz sözlərini deyəcəklər.

- Qadın cüdoçu İrina Kindzerska (+78 kq) ilk dəfə bürünc medal əldə etdi. O, belə açıqlama verdi ki, medal ölkədə qadın cüdosunun inkişafına təkan verəcək. Qadın cüdosunda problem nədən ibarətdir?

- Nəinki qadın cüdosu, digər növlərdə də qadınların yarışlarında həmişə bizdə böyük problem olub. Amma 5 il ərzində çox böyük işlər görülüb. Qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov ölkəmizdə tanınmış mütəxəssislərdəndir. Qadın cüdoçular növbəti olimpiadalarda müxtəlif çəki dərəcələrində öz sözlərini deyəcəklər. İnanıram ki, 2024-cü il Paris Yay Olimpiya Oyunlarında ən azı 3 qadın cüdoçu ilə təmsil olunacağıq. Bir idmançı 2-3 ilə yetişdirilmir. Bunun üçün 10 il vaxt lazımdır. Qadınların məsələsi bir az da mentalitetlə bağlıdır. Regionlarda qadın cüdosunun inkişafı istiqamətində nə qədər çalışsaq da, yenə görürük ki, qızların cüdoya axını azdır. Bununla belə, əvvəlki illərdən fərqli olaraq, bir az artırmışıq. Əvvəllər heç yox idilər, amma indi baxırıq ki, 48 kq, 52 kq və 57 kq çəkilərdə növbəti Yay Olimpiya Oyunlarında bizi təmsil edəcək qızlarımız olacaq.

- İndiyədək qadın cüdoçulardan olimpiadalarda medal qazanan olmayıb. Monqolustandan da legioner dəvət edilib, lakin ortalığa ciddi nəticə çıxmayıb...

- Monqolustandan dəvət etdiyimiz cüdoçular da Azərbaycanı beynəlxalq yarışlarda təmsil etdilər. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qələbələr qazandılar, digər yarışlarda mübarizə apardılar. Ən yüngül çəkidəki idmançı ağır və bərpa olunmayan zədə səbəbindən, 52 kq-dakı təmsilçi isə karyerasını başa vurmaq istədiyi üçün öz ölkələrinə geri qayıtdılar. Sonuncu isə 57 kq-da lisenziya yarışlarında iştirak etsə də, ötən il pandemiya dövründə qapanmalar və ailəsindəki çətinliklərlə əlaqədar evinə yola saldıq. İdmanda rəqabət mütləqdir. Bütün yarışlarda legionerlərlə yanaşı, azərbaycanlı qızların da iştirakını təmin etmişik. Əlbəttə, bu rəqabətdən güclü çıxan da öz çəkisinin lideri sayılır. Həyat davam edir. Qarşıda bizi yenə məsul yarışlar, beynəlxalq turnirlər gözləyir. Ümid edirik ki, cüdoçularımız gələcək sınaqlarda Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

Son xəbərlər

Orphus sistemi