Ruslan Maşurenko: "Dünya çempionatında qarşımıza qoyulan tapşırığı yerinə yetirdik" - MÜSAHİBƏ

Ruslan Maşurenko: "Dünya çempionatında qarşımıza qoyulan tapşırığı yerinə yetirdik" - MÜSAHİBƏ "Rüstəm Orucov üçün dietoloq tutmuşuq"
Fərdi
28 Dekabr , 2018 14:50
Ruslan Maşurenko: Dünya çempionatında qarşımıza qoyulan tapşırığı yerinə yetirdik - MÜSAHİBƏ

Bakı. 28 dekabr. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ruslan Maşurenkonun “Report”a müsahibəsi...

- İli necə xarakterizə edərdiniz?

- Bu, Azərbaycan millisində ilk ilim idi. Əlbəttə, daha yaxşı nəticələr əldə etmək istərdik. İlin əvvəli planlaşdırdığımız kimi olmadı. Lakin federasiya rəhbərliyi və məşqçilər korpusu ilə birgə düzəlişlər etdik. Prinsipcə, dünya çempionatı ərəfəsində qarşımıza qoyulan tapşırığı yerinə yetirdik. Hərçənd, əla nəticə gözləyirdik. Çünki dünya çempionatına ev sahibliyi edirdik. Ümumən götürsək, nəticəmiz yaxşıdır, iki medal qazandıq. Ancaq komandanın lideri sayılan bəzi cüdoçular hansısa səbəblərə görə bacarmadılar. Ola bilər ki, yarışın Bakıda baş tutması psixoloji baxımdan onlara mənfi təsir etdi. Çünki həmin idmançılar daha sonra Daşkənd və Abu Dabidə keçirilən Qran prilərdə yaxşı nəticə göstərdilər, hazırlığın normal olduğunu isbatladılar. Hazırda 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına xal qazanmaq mərhələsindəyik. Komandamız indi yaxşı, döyüşkən vəziyyətdədir. Təlim-məşq toplanışı keçdik, uşaqlar normal formadadırlar, zədəlilər də sıraya dönür. Yığma 2019-cu ildə uğurlu çıxışa, reytinq xalları qazanmağa hazırdır.

- Bəzi cüdoçuların dünya çempionatında sizi məyus etdiklərini söyləmək olarmı?

- Məyus etdiklərini söyləməzdim. Hər şeyin məntiqli izahı var. Lakin bəzi uşaqlardan daha yaxşı nəticə gözləyirdik. Buraxılan səhvləri 100 faizlik idmançıların ayağına yazmaq olmaz. Burada kollektiv çalışır. Hamı ən yaxşı nəticə üçün işləyir.

- Bəzi cüdoçular çəkilərini dəyişmək istəyir. Üstəlik, 81 kq-da yüksək səviyyədə cüdoçu yoxdur. Vəziyyəti dəyişmək üçün planlarınız varmı?

- Bizim bəzi düzəlişlərimiz oldu. Orxan Səfərov 60 kq-dan 66 kq-a keçdi. Həmçinin 60 kq üçün də çox yaxşı idmançılarımız var. Onların inkişaf tempi çox yüksəkdir. Bu baxımdan, Kəramət Hüseynov, Tofiq Məmmədov, Rəşad Yelkiyev, Rövşən Əliyev, Balabəy Ağayev kimi cüdoçuları qeyd edərdim. Onlar artıq gənclər və böyüklər arasındakı yarışlarda özlərini göstərə biliblər. Ölkə çempionatında da bu uşaqların səviyyəli olduqları göründü. Onların beynəlxalq yarışlarda da yaxşı nəticə göstərəcəklərinə əminəm. 73 kq-da Rüstəm Orucov və Hidayət Heydərov kimi cüdoçularımız var. Orucovun çəkisi artıq idi, onun üçün dietoloq tutmuşuq. Hazırda yaxşı formadadır. Təsadüfi deyil ki, Çində keçirilən “World Masters” turnirində birinci yeri tutdu. Özü də buna güclü idmançıları udmaqla nail oldu. 73 kq çəkidə əsas komandaya Rüfət Məmmədovu da cəlb etmişik. Çox müsbət inkişaf dinamikasına malikdir. 23 yaşadək cüdoçular arasında Avropa çempionatında ikinci olub. Bəli, həqiqətən də 81 kq çəkidə bir az boşluq var. Bu çəki üçün azərbaycanlı cüdoçular arasında ölkəni beynəlxalq yarışlarda layiqincə təmsil edə biləcək lider axtarırıq. 90 kq bizdə stabil çəkidir. 100 kq çəki də, həmçinin. Zelim Kotsoyevin mədəsi ilə bağlı problemi vardı, artıq müalicə olunub və məşqlərə başlayır. 100 kq-dan yuxarı çəkidə Uşanqi Kokauri kimi yetərincə səviyyəli idmançımız var. O, dünya çempionatında ikinci yeri tutdu. Hazırda dünyanın ən yaxşı cüdoçuları sırasında yer alıb və bundan sonra da uğurlu nəticə göstərəcəyinə inanıram.

- Ancaq Kokauri ölkə çempionatında Şahin Qəhramanova uduzdu...

- Bəli, məğlub oldu. Lakin ölkə çempionatı asan yarış deyil. Orada Rüstəm Orucov, Nicat Şıxləlizadə də uduzdu. Çempionat çox gərgin keçdi.

- Komandanın bəzi aparıcı cüdoçuları bizilə söhbətlərində bildiriblər ki, yeni gəldiyiniz vaxt sizin məşq metodunuz onlara uyğun gəlməyib...

- Bura gələn zaman uşaqların durumunu görəndən sonra məşqlərdə əvvəlki yükləməni verə bilməzdim. Uşaqları qısa zamanda bərpa etməli idik. Əvvəlki metod Avropa çempionatında elə də yaxşı nəticə vermədi. Həmin yarışın yekunlarını müzakirə edən zaman hamıda çox fəal şəkildə işləmək, məşq etmək, onlara veriləcək yükün öhdəsindən gəlmək əhvalı var idi. Bütün məsələləri müzakirə etdik və hazırlıq planında düzəlişlər oldu. İndi də yüksək səviyyədə hazırlıq gedir. 2019-cu ildə bu işin nəticəsini görəcəyik.

- Elxan Məmmədov yenidən cüdoçu kimi çıxış edəcək, yoxsa fəaliyyətini elə məşqçi qismində davam etdirəcək?

- Xeyr. O, tamamilə məşqçi işinə keçib, mənim birinci köməkçimdir. Bütün yarışlarda məşqçi kimi iştirak edir. Bu amil komandanın hazırlığına çox müsbət təsir edir. Uzun müddətdir cüdodadır, çox yaxşı təcrübəsi var. Onun məşqçiliyə keçməsi çox yaxşı variant oldu.

Son xəbərlər

Orphus sistemi