Rumıniya Cüdo Federasiyasının prezidenti: "Bakıda azərbaycanlı həmkarlarımızla əməkdaşlıq məsələlərini müzakirə edəcəyik" - MÜSAHİBƏ

Rumıniya Cüdo Federasiyasının prezidenti: "Bakıda azərbaycanlı həmkarlarımızla əməkdaşlıq məsələlərini müzakirə edəcəyik" - MÜSAHİBƏ "Həmzə Kərimovun vitse-prezident seçilməsi Azərbaycanın uğuru və üstünlüyüdür"
Fərdi
10 Mart , 2017 09:57
Rumıniya Cüdo Federasiyasının prezidenti: Bakıda azərbaycanlı həmkarlarımızla əməkdaşlıq məsələlərini müzakirə edəcəyik - MÜSAHİBƏ
Report.az

Buxarest. 10 mart. REPORT.AZ/ Rumıniya Cüdo Federasiyasının prezidenti Kozmin Quşanın Azərbaycana səfər öncəsi "Report”un Şərqi Avropa bürosuna müsahibəsi...

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirində rumıniyalı cüdoçular da iştirak edəcək. İdmançıların medallar uğrunda mübarizədə şanslarını necə qiymətləndirirsiniz?

- Bakıdakı turnirə böyük həvəs və maraqla yola düşürük. Federasiya prezidenti olaraq, mən və vitse prezidentimiz Həmzə Kərimov bu mötəbər yarışda cüdo yığmamızın üzvlərini dəstəkləmək üçün Azərbaycan paytaxtına gedəcəyik. Çox təəssüf edirəm ki, cüdo yığmamız Bakıya müəyyən itkilərlə yola düşüb. Komanda üzvlərimiz Daniel Nitya, Andrea Kitsu, Monika Unquriyanu aldığı zədələr üzündən yarışı buraxmalı olacaqlar. Hazırda onlar bərpa prosesi keçirilər. 48 kq və 52 kq çəki dərəcəsində çıxış edəcək qadın cüdoçularımızın medallar uğrunda mübarizədə şanslarını yüksək qiymətləndiririk. Yeniyetmələr arasında dünya və Avropa çempionu Larisa Florian Düsseldorf Qran Prisində uğurlu çıxış etmiş və bürünc medal qazanmışdı. Hesab edirəm ki, Bakıdan 1 medalla geri qayıda biləcəyik.

Ötən ilin yanvarında Azərbaycanın qadın cüdoçuları Kluj şəhərində Rumıniya cüdoçuları ilə birgə təlim məşq toplanışında iştirak etdilər. Bakıya səfəriniz zamanı gələcəkdə Azərbaycan və Rumıniya Cüdo federasiyaları arasında bu cür toplanışların keçirilməsi və ümumiyyətlə, əməkdaşlıq məsələlərini müzakirə edəcəksiniz?

- Əlbəttə, Azərbaycan Cüdo Federasiyası ilə çox yaxşı əlaqələrimiz mövcuddur. Bakıda olduğumuz zaman federasiyalarımız arasında əməkdaşlıq, idman mütəxəssislərinin qarşılıqlı səfərlərinin təşkili, hər iki ölkə idmançıları üçün birgə təlim məşq toplanışlarını keçirilməsi və digər məsələləri müzakirə edəcəyik. Azərbaycanın cüdo üzrə kişilərdən ibarət çox güclü komandası var. Onlar təlim məşq toplanışlarında rumıniyalı cüdoçular üçün çox yaxşı rəqib ola bilərlər. Məsələn, 100 kq çəkidə Elmar Qasımovu qeyd edə bilərəm. Bu çəkidə bizim yeniyetmələr arasında vitse çempionumuz var və hazırda o, böyüklər arasında yarışlara qatılır. Əlbəttə, onu inkişaf etdirmək istəyirik. Belə bir idmançı ilə görüşərək öz üzərində çalışmalıdır. 73 kq çəkidə çox güclü 2 cüdoçunuz - Rüstəm Oruçov və Hidayət Heydərovu göstərə bilərəm. Yeniyetmələr arasında dünya çempionu olan Heydərov Parisdəki Böyük Dəbilqədə Orucovu məğlub etdi. Həmçinin 81 kq çəkidə də çox güclü idmançılarınız var. O ki qaldı qadınlara, bizim çox güclü qadın cüdoçularımız var və öz təcrübəmizi Azərbaycan cüdoçuları ilə bölüşməyə hazırıq. Beləcə qadınlardan ibarət Azərbaycan yığmasının səviyyəsi də yüksələ bilər. Birgə toplanışlar hər iki ölkənin cüdoçuları üçün təcrübə baxımından səmərəli olacaq. Bütün bunların həyata keçirilməsi üçün isə hesab edirəm ki, Azərbaycan və Rumıniya Cüdo Federasiyaları arasında əməkdaşlığa dair protokol imzalanmalıdır. Bakıya səfərimiz zamanı birgə əməkdaşlıq məsələlərini də müzakirə edəcəyik.

Rumıniya Cüdo Federasiyasına keçirilən son seçkilərdə SOCAR-ın bu ölkədəki “SOCAR Petroelum SA” şirkətinin Baş direktoru Həmzə Kərimov da vitse-prezident vəzifəsinə seçildi. Sizcə H.Kərimovun vitse-prezident seçilməsi Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına hansı töhfələri verə bilər?

- Fevralın 20-də seçkilər keçirildi və mən Rumıniya Cüdo Federasiyasının prezidenti seçildim. Seçkilərdə həmçinin vitse-prezidentlər də seçildi. SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətinin Baş direktoru Həmzə Kərimov bu vəzifəyə seçilən 5 vitse prezidentdən biridir. Hesab edirəm ki, H.Kərimovun bu vəzifəyə seçilməsi Azərbaycanın uğurudur və eyni zamanda bir üstünlüyüdür. Bu, bizə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə birgə və qarşılıqlı əməkdaşlıq etməyə imkan verəcək. Onun Rumıniyada Azərbaycanın təbliği və tanıdılması istiqamətində gördüyü işlər və eləcə də rəhbərlik etdiyi SOCAR Petroleum SA-nın ölkəmizin yanacaq bazarında qısa zamanda əldə etdiyi uğurlar, rumın dilini bilməsi və yerli mətbuata məhz bizim dildə verdiyi müsahibələrdən sonra rumın ictimaiyyəti ölkəniz barədə daha tez məlumatlanır və bizlərdə Azərbaycanla bağlı daha dolğun təsəvvürlər yaranır.

Son xəbərlər

Orphus sistemi