Rüfət Hacılı: "Abilimpiya hərəkatı ilə tərəfdaşlıq məhsuldarlığa təkan verəcək" - MÜSAHİBƏ

Rüfət Hacılı: "Abilimpiya hərəkatı ilə tərəfdaşlıq məhsuldarlığa təkan verəcək" - MÜSAHİBƏ Milli Paralimpiya Komitəsinin Beynəlxalq Əlaqələr və Marketinq şöbəsinin müdiri Rüfət Hacılının Reporta müsahibəsi
Fərdi
2 İyun , 2020 12:31
Rüfət Hacılı: Abilimpiya hərəkatı ilə tərəfdaşlıq məhsuldarlığa təkan verəcək - MÜSAHİBƏ

Milli Paralimpiya Komitəsinin Beynəlxalq Əlaqələr və Marketinq şöbəsinin müdiri Rüfət Hacılının "Report"a müsahibəsi 

Rüfət Hacılı – 9 noyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Təhsili: Bakı Dövlət Universitetinin Şərqşünaslıq (Regionşünaslıq Türkiyə) fakültəsini bitirib.

Əmək fəaliyyəti: 2017-ci ildən etibarən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində işə başlayıb. Beynəlxalq Əlaqələr, idman şöbəsində aparıcı mütəxəssis, Uşaq Paralimpiya Komitəsinin, Boccia İdman Federasiyasının koordinatoru və müxtəlif tədbirlərin təşkilat komitəsinin üzvü olub. 2019-cu ilin iyul ayından etibarən Beynəlxalq Əlaqələr və Marketinq şöbəsinin müdiri vəzifəsində çalışır.

İngilis, Rus və Türk dillərində sərbəst danışır.

- İlk növbədə, oxuculara Abilimpiya hərəkatı barədə qısa məlumat verərdiniz...

- Abilimpiya əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında peşə sahəsində Beynəlxalq Müsabiqələr (yarışlar) sistemidir. Bu hərəkat 1970-ci illərdə Yaponiyada yaradılıb və ilk Beynəlxalq Abilimpiya Müsabiqələri 1981-ci ildə Tokio şəhərində keçirilib. 2021-ci ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərində növbəti X Beynəlxalq Abilimpiya çempionatı keçiriləcək. Abilimpiya hərəkatının yaradılmasında məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların peşə bacarıqlarını inkişaf etdirmək və peşəkar mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Abilimpiya Hərəkatına 50-yə yaxın ölkə qoşulub: Yaponiya, Avstraliya, Çin, Hindistan, Fransa, Cənubi Koreya, Çexiya, Almaniya, Kanada, Rusiya və s. 

- Məlum olduğu kimi, Azərbaycanda xeyli istedadlı əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar var. Bu sahədə onlara dəstək verilməsi və üzə çıxarılması sahəsindəki mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Bəli, ölkədə xeyli istedadlı əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar var və bu insanlar müxtəlif peşə sahələrində fəaliyyət göstərirlər. Əlilliyi olan insanların, xüsusi ilə də gənclərin peşə yiyələnmələri və ixtisaslarını təkmilləşdirmək məqsədi ilə həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən müəyyən işlər görülür. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Təhsil Nazirliyinin xətti ilə peşə reabilitasiya mərkəzlərində hər il müxtəlif peşə sənətlərinin öyrədilməsi məqsədi ilə yüzlərlə əlilliyi olan şəxslərə təlimlər keçirilir, ümumrespublika musiqi festivalları və sərgiləri təşkil olunur. İctimai təşkilatlar da əlilliyi olan insanların bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə təqdim olunması mövzularında müxtəlif layihələr həyata keçirirlər. Bütün bunlarla yanaşı, qeyd edim ki, bu sahədə daha çox geniş miqyaslı və səmərəli işlərin görülməsinə ehtiyac var. 

- Hazırda ölkədə Abilimpiya hərakatının inkişafı məqsədi ilə hansı işlər görülmüşdür?

- İlk növbədə Milli Paralimpiya Komitəsi (MPK) və ictimai birliyin üzvlərinin iştirakı ilə işçi qrup yaradılıb. İyunun 3-də MPK-da Ümumi yığıncaq keçiriləcək, gündəlikdə federasiyanın təsis olunması müzakirə ediləcək. İşçi qrupu federasiyanın yaranması üçün sənədlərin hazırlanması, fəaliyyat planının tərtib olunması, tərəfdaşların cəlb olunması, digər ölkələrin Abilimpiya federasiyaları ilə əlaqələrin qurulması və irəlidən gələn məsələlərin həll olunmasını təmin edir. 

- Beynəlxalq Abilimpiya çempionatında iştirak etmək üçün hansı tədbirlər görülür?

- Mayın 25-də Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Rusiya Abilimpiya Federasiyasının prezidenti Dina Makeyeva ilə audiokonfrans keçiriblər. Audiokonfransda Azərbaycanın Beynəlxalq çempionatda iştirakı və birgə əməkdaşlıq barədə müzakirələr aparılıb. Mayın 29-da 10-cu Beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək 50-dən artıq peşə sahələri KİV-lər vasitəsi ilə açıqlanıb və bunun böyük bir marağa səbəb olduğunu vurğulamaq istərdim. İştirak etmək istəyən namizədlərin bazası yaradılıb və onların sırasından seleksiya işləri aparılması nəzərdə tutulur. Bazanın tərtib olunmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəznində fəaliyyat göstərən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzi”nin əməkdaşlıq edirik.

- Milli Paralimpiya Komitəsi Beynəlxalq Əlaqələr sahəsində mühüm işlər görür, bunlar Abilimpiya Federasiyasında da davam edəcəkmi?

- UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə təqdimat hazırlanıb təkliflər göndərilib. Ölkədə kifayət qədər diplomatik nümayəndəliklər var və onların arasında UNDP-nin Dayanıqlı inkişaf proqramının əlilliyi olan şəxslərin peşə bacarıqlarına yiyələnməsi sahəsində çoxlu layihələrə imza atıb. Düşünürük ki, Abilimpiya hərəkatı ilə tərəfdaşlıq bu sahədə görüləcək işlərin daha da məhsuldar olmasına təkan verəcək.

- Siz hal hazırda Abilimpiya hərəkatına qoşulmaq istəyən əlilliyi olan şəxslərin bazasını yaradırsınız, daha sonra bu istiqamətdə peşə bacarıqlarının yiyələnməsi və artırılması üçün nə işlər görməyi planlaşdırırsınız?

- Ölkədə bu sahədə uzun illərdir müxtəlif işlər aparılır və bizim məqsədimiz bu istiqamətdə vahid ictimai strukturun yaradılması və beynəlxalq təcrübənin tətbiq olunmasıdır. Abilimpiya hərəkatı sahəsində yetərincə inkişaf eləmiş ölkələrin təcrübəsindən istifadə etmək məqsədi ilə Fransa və Rusiya kimi ölkələrdən mütəxəssislər dəvət olunacaq. Mütəxəssislər Federasiyanın fəaliyyət planının, yerli hakimlərin, mütəxəssislərin hazırlanmasına və iştirakçılar üçün kurslar təşkil olunmasına yardımçı olacaq. Bu Abilimpiya hərəkatına aid olan hər bir sahə üzrə mütəxəssislərimizin hazırlanmasına və onların lazımı biliklərlə məlumatlandırılmasına böyük töhfə verəcək. 

Son xəbərlər

Orphus sistemi