Rövnəq Abdullayev: "Məqsədimiz Azərbaycanda və Gürcüstanda elmi, təhsili və idmanı inkişaf etdirməkdir"

Rövnəq Abdullayev: "Məqsədimiz Azərbaycanda və Gürcüstanda elmi, təhsili və idmanı inkişaf etdirməkdir" SOCAR-ın prezidenti gürcüstanlı idmançıları Azərbaycanın "Neftçi" İdman Klubu ilə əməkdaşlığa dəvət edib
Fərdi
27 Noyabr , 2017 19:50
Rövnəq Abdullayev: Məqsədimiz Azərbaycanda və Gürcüstanda elmi, təhsili və idmanı inkişaf etdirməkdir
Report

Tbilisi. 27 noyabr. REPORT.AZ/ "Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi diqqət ölkəmizin idman şərəfinin artmasına, idman ölkəsi kimi tanınmasına səbəb olub".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandaki səfiri Dursun Həsənov bu ilin oktyabrında Barselonada karatenin kyokuşin növü üzrə keçirilən Avropa çempionatının qalibi Kəmalə Məmmədova və Antalyada keçirilən boks üzrə gənclər arasında Avropa çempionatının qızıl medalçısı Sahil Allahverdiyevlə görüşdə söyləyib.

Görüşdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev və digər rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səfir Azərbaycanda əsası ulu öndər tərəfindən qoyulmuş idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb: "Bu qayğının nəticəsidir ki, idmançılarımızın uğurları günbəgün artır. Bu gün respublikamızın bütün rayonlarında müasir idman kompleksləri inşa olunaraq istifadəyə verilib. Azərbaycan I Avropa Oyunlarını, Formula 1, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq idman turnirlərini yüksək səviyyədə təşkil etməklə dunyanın idman olkələri sırasında layiqli yer tutub".

D.Həsənov bu cür yarışların təşkilində və ölkəmizdə idmanın inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib. Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısından danışan səfir istər ölkəmizdə, istərsə də Gürcüstanda idmanın inkişafında SOCAR-ın rolunu vurğulayıb. Bildirib ki, SOCAR Azərbaycanda və Gürcüstanda bir neçə idman federasiyasına sponsorluq edir: "Biz hamımız SOCAR-ın idmana qayğısı nəticəsində əldə olunan uğurların şahidiyik. Sevindirici haldır ki, Gürcüstanda yaşayan soydaşlarımız da göstərilən diqqət və qayğıdan bəhrələnərək yüksək nəticələr qazanıblar. K.Məmmədova və S.Allahverdiyevin qazandıqları uğurlar buna bariz nümunədir".

Diplomat Gürcüstanda yaşayan soydaşlarımızın bundan sonra da böyük uğurlar qazanacağına ümidvar olduğunu bildirib, idmançılara və onların məşqçilərinə uğurlar arzulayıb.

Sonra SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev çıxış edərək idmançıları təbrik edib: "SOCAR təkcə Azərbaycanda deyil, qonşu və dost Gürcüstanda da elmin, təhsilin və idmanın inkişafına böyük önəm verir. Azərbaycan Prezidentinin də dediyi kimi, məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdir. Bunun üçün də əlimizdən gələni edəcəyik".

SOCAR-ın prezidenti gürcüstanlı idmançıları Azərbaycanın "Neftçi" İdman Klubu ilə əməkdaşlığa dəvət edib.

Sonra idmançılara qiymətli hədiyyələr təqdim olunub. Hədiyyələri səfir Dursun Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Temur Abbasov və digər rəsmi şəxslər təqdim ediblər.

İdmançılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, SOCAR rəhbərliyinə və səfirə minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi