Yuxarı

Rəsul Çunayev: "Yarışlarda qulaqcıqla "Lezginka" dinləyir, özümü toydakı kimi hiss edirəm"

Gedib orda-burda sözlər danışmaqla deyil, gərək öz işinlə sübut edəsən

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Rəqibim çox güclü güləşçi idi. Avropa və dünya çempionu, olimpiya mükafatçısı idi. Onu ötən ilki Avropa çempionatının yarımfinalında 9:0 hesabı ilə yenmişdim. Burada isə final görüşü idi, məsuliyyət daha böyük idi". "Report"un məlumatına görə, bunu ABŞ-ın Las Veqas şəhərindəki dünya çempionatında 71 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayev deyib.

O, finalda ukraynalı Armen Vardanyana 6:4 hesabı ilə qalib gəldiyi görüşü belə şərh edib: "İlk hissədə çalışdım ki, daha çox xal alım. Əks halda, rəqib məndən xal ala bilərdi. Hesab 6:4 mənim xeyrimə olanda özümü rahat hiss edirdim. Vuruşurdum, bilirdim ki, rəqibim mənə heç nə edə bilməz. Xal ala bilərdim. Amma bu niyyətlə irəli atılmadım. Çünki səhv buraxa bilərdim. Taktiki görüş qurdum və qələbə qazanaraq, dünya çempionu oldum. Əsas məsələ xal yox, qızıl medal qazanmaq idi. Görüşlərimin heç birində yorğun yox idi, əksinə, görüşdən-görüşə, finaladək özünü yaxşı formada hiss edirdim. Bunun nəticəsində dünya çempionu oldum.

Çunayev yenə çempionluğu əsgəri salamla qeyd etsə də, bu dəfə tamaşaçılar önündə addımlamayıb. O, səbəbini belə izah edib: "Hər dəfə fərqli şeylər gözləyirsiniz. Gözləmək də maraqlı oldu ki, yenə eyni formada qeyd edəcək. Amma elə etmədim".

İstedadlı güləşçi uğurlarının sirrini də açıqlayıb: "Yarışlarda olduqda qulaqcıqla "Lezginka" dinləyirəm. Özümü toydakı kimi hiss edirəm. Stres, həyəcanı boğmaqdan və özümü sərbəst hiss etməkdən ötrü musiqilərə qulaq asıram. Özümü gülərüz, pozitiv göstərirəm ki, rəqiblər baxanda özləri stress keçirsinlər. Bilirəm ki, rəqiblərim məndən çəkinir, mən kimdən çəkinməliyəm ki... Rəqiblərin çəkinməsi onların zəif çıxışlarına gətirib çıxarıb".

Çunayevin qızıl medal qazandığı çəki dərəcəsi qeyri-olimpiya çəkisi sayılır. Həmin çəkiyə daha yaxın olan 66 kq-da isə dünya və Avropa çempionu Həsən Əliyev ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Yeni dünya çempionu növbəti yarışlarda aşağı çəkiyə keçəcəyini açıqlayıb: "Əvvəllər 66 kq çəki dərəcəsində çıxış edirdim. Həsən Əliyevlə bir-birimizin önünü kəsməməkdən ötrü baş məşqçi hazırkı dünya çempionatınadək 71 kq çəkidə yarışmağı məsləhət gördü. Mən də qəbul etdim. Son 2 ildə bütün yarışlardan medalla qayıtmışam. Hazırkı dünya çempionatından sonra 66 kq çəkidə çıxış edəcəyəm. Bunun üçün ilk növbədə, lisenziya götürmək lazımdır. Kimi hara göndərəcəyinə baş məşqçi qərar verəcək. Mənim üzərimə isə yalnız məşq etmək düşür. Gedib orda-burda sözlər danışmaqla deyil, gərək öz işinlə sübut edəsən".

Qeyd edək ki, Rəsul Çunayev bu il "Bakı 2015" I Avropa Oyunlarının qalibi, Azərbaycan yığmasının heyətində Dünya Kubokunun sahibi, ötən il Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı, 2013-cü ildə isə Universiadanın qalibi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi