Yuxarı

​"Red Bull Racing"in pilotları Bakıdakı debüt yarışlarını ruh yüksəkliyi ilə gözləyirlər

Daniel Rikkardo: Yeni trass hər bir pilot üçün böyük çağırışdır

Bakı. 4 iyun. REPORT.AZ/ "Red Bull Racing" komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen ruh yüksəkliyi ilə Bakıdakı debüt yarışlarını gözləyirlər.

"Report" xəbər verir ki, bu barədə "GPUpdate.net" nəşri yazıb.

"Mən Bakıya səfəri gözləyirəm. Yeni trass hər bir pilot üçün böyük çağırışdır. Mənim həm də bunun küçə avtodromu olması faktı xoşuma gəlir. Mən şəhərin şəkillərini görmüşəm: düşünürəm ki, ora mənim xoşuma gələcək. O mənə bir qədər Büdapeşti xatırlatdı", - deyə Daniel bildirib.

Maksın atası Yos Ferstappen əvvəllər Bakıda keçirilən GT yarışlarında çıxış edib.

"Atam 2012-ci ildə orada maşın sürüb. Mən həmin yarışlara canlı yayımda baxmışam. Demək lazımdır ki, yolun bəzi hissələri həminkilərə çox bənzəyir. O, şəhər haqqında yaxşı fikirdə idi, ona görə mən də Bakıya səfərimi səbrsizliklə gözləyirəm.

Küçə yolunda uzun düz hissə var ki, bu da maşını kökləyən zaman əlavə çətinliklər yaradacaq. Bu küçə trekində sıxıcı güc lazımdır, amma uzun düz yol köklənmə sahəsində bizi güzəştlər axtarmağa sövq edir.

Bütün pilot və komandalar sıfırdan başlayacaq. Özün üçün yeni ölkələr və avtodromlar kəşf etmək həmişə maraqlıdır", - deyə 2016-cı il İspaniya Qran-prisinin qalibi bildirib.

Azərbaycan "Formula 1 Qran-prisi"nin debüt mərhələsini 17-19 iyun tarixlərində qəbul edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi