Rauf Məmmədov: “Qarabağ” "Atletiko"ya qol vuranda sevincdən nə edəcəyimizi bilmirdik"

Rauf Məmmədov: “Qarabağ” "Atletiko"ya qol vuranda sevincdən nə edəcəyimizi bilmirdik" "Ermənistana qalib gəlməsəydik, çempionluq çətin olacaqdı"
Fərdi
8 Noyabr , 2017 12:19
Rauf Məmmədov: “Qarabağ” Atletikoya qol vuranda sevincdən nə edəcəyimizi bilmirdik
Report

Bakı. 8 noyabr. REPORT.AZ/ Yunanıstanın Krit adasında üçqat Avropa çempionu olan Azərbaycanın kişi şahmatçılardan ibarət yığma komandası Vətənə dönüb. “Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında milli komandanın üzvləri jurnalistlərin suallarını cavablandırıblar.

Şəhriyar Məmmədyarov bildirib ki, Azərbaycan yığması ilk dəfə Avropa çempionatına reytinqcə ikinci komanda kimi yollanıb. Təcrübəli qrossmeyster hələ yarışdan əvvəl favoritlər sırasında göstərildiklərini söyləyib: “Çempionata yenə uğursuz başladıq. Lakin 2013-cü ildə olduğu kimi, toparlana bildik. Bu, çox gözəl xüsusiyyətdir. Komandamız inanılmaz yaxşı oyunlar göstərirdi. Kimsə məğlub olanda, digər şahmatçılar əvəzini çıxmağa çalışırıdı. Hər görüşdə 2 nəfər qalib gəlirdi. Bu da komandanın yaxşı oynamasına kifayət edirdi. Ümumi atmosfer çox yaxşı idi. Uğura gedən yol çox gözəl alındı. Əsas rəqiblərə - Rusiya, Ermənistan və Macarıstana qalib gəldik. Bu 3 görüşdən 1-də belə qalib gəlmək çox çətindir. Lakin biz hamısını məğlub etdik. Güclü ölkələr ilk turda 1-ci lövhəyə istirahət verirlər. Ona görə də mən oynamadım. Bəziləri deyir ki, ilk turda çıxış etməməyim böyük səhv idi. Amma elə deyil, 9 oyundan hansısa biri uğursuz olmalı idi. Növbəti hədəfimiz Olimpiadadır. İnanıram ki, biz orada da qalib gələ bilərik. Onu da deyim ki, Avropa çempionu olmaq daha çətindir. Komandamız hazırda ideal formadadır. Heyətimiz təcrübə toplayıb. Belə deyək, komandamız ağsaqqalaşıb”.

Azərbaycan yığmasının heyətində ən yaxşı nəticə göstərən Rauf Məmmədov da ən çətin görüşün Ermənistana qarşı olduğunu söyləyib. Onun sözlərinə görə, bu, psixoloji məsələdir: “Biz həmin oyunda qalib gəlməsəydik, çempionluq çətin olacaqdı. Çünki bu, psixoloji məsələdir. Rahat qalib gəldim. Ermənistanı udandan sonra fikirləşdim ki, qızıl medala çox böyük şansımız var. Yunanıstanla yanaşı, Rusiya, Türkiyə, Serbiya və Polşada da biz rahat oynayırıq. Son iki ölkədə də Avropa çempionu olmuşuq. İlk çempionluq mənim üçün daha böyük önəm kəsb edir. 2009-cu ildə Vüqar Həşimov axırıncı oyunu udanda... İndi elə emosiyalar yoxdur. Vüqar hər zaman bizim qəlbimizdədir. Bu, həm də onun qələbəsidir. Üçüncü turda İspaniya ilə heç-heçədən sonra sosial şəbəkədə “Biz təslim olmuruq, qayıdacağıq” yazdım. Hətta, uşaqlara azarkeşlik etdiyim “Mançester Yunayted”in 2007/2008 mövsümündəki çempionluq videoçarxını izlətdim. Mənə elə gəldi ki, son 6 oyunda qalib gələ bilərik. Nəticədə 5 görüşdə qalib gəldik və 1 heç-heçə etdik. Göstərdik ki, Azərbaycan Avropanın ən güclü komandasıdır”.

R.Məmmədov Azərbaycan şahmatçıları Avropa çempionatında çıxış etdikləri ərəfədə Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində İspaniyada “Atletiko” ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ”ın uğuruna da toxunub. O, deyib ki, Madrid təmsilçisi ilə oyunlardan 2 xal qazanmaq böyük nəticədir: “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı barədə ruslar, ukraynalılar, belaruslular, bir sözlə, çoxları danışırdı. Amma ermənilərdən heç nə eşitməmişəm. “Qarabağ” qol vuranda sevincdən nə edəcəyimizi bilmirdik. Oyuna Belarus yığması ilə birgə baxırdıq. Təəssüf ki, görüş 1:1 hesabı ilə qurtardı. Fikirləşirdim ki, uduzmayacağıq. Çünki “Atletiko” elə də yaxşı formada deyil, qalib də gələ bilərdik. “Atletiko”dan 2 xal almaq böyük nəticədir. Qarşıda “Çelsi” ilə oyun var. Çətin olacaq”.

Yığmanın digər üzvü Qədir Hüseynov isə son illərdəki uğurlu nəticələrə diqqət çəkib. O, Azərbaycan yığmasının favoritlər sırasında yer aldığını bildirib: “Məqsədimiz çempionluq idi. Son 8 ildə 3 dəfə Avropa çempionu olmaqla yanaşı, son 6 turnirdə 5 dəfə medal qazanmışıq. Bu da Azərbaycan yığmasının favoritlərdən olduğunu göstərir. Ermənistanla görüşlər hər zaman prinsipial keçir. Özümüz də bunu başa düşürük. Onlar bizə uduzandan sonra psixoloji baxımdan geri düşdülər və yarışı 12-ci yerdə bitirdilər. Bu isə Ermənistan üçün çox uğursuz nəticədir”. 

Son xəbərlər

Orphus sistemi