Yuxarı

​"Qızıl Qran-Pri"də qadın güləşçilər mübarizəyə qoşulacaq

Mübarizə 8 çəki dərəcəsində olacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsində bu gün qadın güləşi üzrə 48 kq, 53 kq, 55 kq, 58 kq, 60 kq, 63 kq, 69 kq və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. "Report"un məlumatına görə, Bakı İdman Sarayında keçirilən yarışda 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.

48 kq çəkidə Şəfəq Muradzadə mübarizəyə qoşulacaq. Onun rəqibi rusiyalı Valentina İslamova olacaq. 53 kq-da Anjela Doroqan türkiyəli Merve Kelgerlə, Solmaz Həşimzadə isə qazaxıstanlı Jildiz Yeşimova ilə güləşəcək. 55 kq-da Almaz İsmayılova Nataliya Sinişini, Alyona Kolesnik isə ABŞ idmançısı Karlene Sluberskini sınağa çəkəcək. 58 kq çəki dərəcəsində Yuliya Ratkeviçin rəqibi Finlandiyadan Tiina Vaimonpaa, 60 kq-da İrina Netrebanın rəqibi isə yaponiyalı idmançı Yukako Kavai olacaq. Adları qeyd olunan bütün idmançılar mübarizəyə 1/8 mərhələdən qoşulacaqlar.

63 kq çəkidə Azərbaycanın bir idmançısı 1/8, digəri isə 1/16 final mərhələsində çıxış edəcək. Müvafiq olaraq Elmira Qəmbərova çinli Xi Luo Judma, Raqnetta Qurbanzadə isə qazaxıstanlı Yekaterina Larionova ilə üz-üzə gələcək. 69 kq çəkidə 1/8 finalda ilk görüşünə çıxacaq Gözəl Zutova Elis Manolovadan üstün olmağa çalışacaq. 75 kq-da isə Səbirə Əliyevə digər bir çinli pəhləvan Jou Qianla yarışacaq. Əliyeva 1/4 finalda mübarizə aparacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın sərbəst güləşçiləri 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi