"Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi keçirilib

"Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi keçirilib İncəsənət ustalarının iştirakı ilə konsert proqramı olub
Fərdi
24 Noyabr , 2016 17:58
Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi keçirilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib. 

"Report"un Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, tədbirdə əvvəlcə incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub. Sonra iştirakçı komandaların bayraqları arenaya gətirilib. 

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə dövlət səviyyəsində idmana və idmançılara göstərilən diqqət, yaradılmış şərait nəticəsində Azərbaycanın ən mötəbər beynəlxalq yarışların, o cümlədən dünya və qitə çempionatları, Olimpiya təsnifat turnirlərinin keçirildiyi məkana çevrildiyini bildirib: "Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş idman növləri xüsusi yerlərdən birini tutur. Qeyd etmək lazımdır ki, Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanmış, onlardan 9-u güləşçilərin payına düşmüşdür. Hər üç güləş növü üzrə yığma komandanın topladığı xalların cəminə əsasən Azərbaycan güləşçiləri 91 xalla Rusiya komandasından sonra II yerə layiq görülmüşlər". 

Dünya Güləş Birliyinin vitse-prezidenti Axrolcan Ruziyev yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O deyib ki, bu turnir Dünya Güləş Birliyinin təqvim planının ən güclü yarışlardan biridir: "Dostluq, qardaşlıq və qarşılıqlı hörmət şəraitində gücünü sınamaq üçün bütün qitələrdən gəlmiş buradakı bütün güləşçiləri təbrik edir və hər bir iştirakçıya uğurlar arzu edirəm". 

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev artıq 9-cu ildir keçirilən bu mötəbər yarışın təşkilini Azərbaycana etibar etdiyinə görə Dünya Güləş Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib. AGF rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində son illər Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib: "Ötən il tarixdə ilk dəfə baş tutan Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsi bütün dünya idman ictimaiyyəti, qonaqlar və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. İdmançılarımız öz uğurlu çıxışları və zəfərləri ilə Azərbaycan idman tarixini zənginləşdirdilər. Qazanılan nailiyyətləri davam etdirən pəhləvanlarımız bir müddət öncə Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən 31-ci Yay Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc medal əldə etməklə güləş tariximizdə yeni səhifə yazdılar. Qazanılan bu uğurlar Azərbaycanın ümumi tərəqqisinin, güləş idman növünün yüksələn xətt üzrə inkişaf etdiyinin göstəricisidir. Qarşıda bizi Qitə və Dünya çempionatları, paytaxt Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları gözləyir. Hədəfimiz bu mötəbər yarışlarda da yüksək əyarlı medallar qazanaraq bayrağımızı yüksəltmək, himnimizi səsləndirməkdir". 

AGF I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev çempionatda iştirak edən idmançılara uğurlar arzulayaraq yarışı açıq elan edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə yarışların təntənəli açılış mərasimi başa çatıb.

Son xəbərlər

Orphus sistemi