Bakı. 30 iyun. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) 4 olimpiadanın teleyayım hüququnu "Discovery Communications" mediaholdinqinə 1,3 milyard dollara satıb. "Report" İOC-un rəsmi saytına istinadən xəbər verir ki, 2018, 2020, 2022, 2024-cü il Yay və Qış Olimpiya Oyunları yayımının böyük hissəsini holdinqə məxsus "Eurosport" telekanalı həyata keçirəcək.
"Discovery Communications"un kommunikasiyalar üzrə direktoru Devid Zaslavanın sözlərinə görə, telekanal təkcə Avropada Oyunlar üçün rekord həcmdə - 700 milyon nəfərlik auditoriya toplamaq niyyətindədir. Holdinqin yayımları Rusiya istisna olmaqla, qitənin bütün ölkələrini əhatə edəcək.
Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları Pxençxan (Cənubi Koreya), 2020-ci il Yay Olimpiya Oyunları Tokio (Yaponiya) şəhərlərində təşkil olunacaq. 2022-ci il Qış və 2024-cü il Yay olimpiadalarının keçiriləcəyi şəhərlər hələ müəyyənləşməyib.