Yuxarı

Bu gün ​Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları start götürür

İdmançılar Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparacaqlar

Bakı. 8 Avqust. REPORT.AZ/ Ötən gün Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin rəsmi açılış mərasimi baş tutub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, icra hakimi Səbuhi Abdullayev, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya və baş katibi Frans Şrayber iştirak edib.

Oleqario Vaskes Ranya mərasimdə çıxış edərək deyib ki, ötən il və bu il Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kuboku yarışları, bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, eləcə də birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib: “Biz bu mötəbər yarışları yaxından izləyirik və deyə bilərəm ki, artıq Azərbaycanın çox böyük yarışları təşkil etmək təcrübəsi var. Mən Azərbaycan xalqını çox sevirəm, bilirəm ki, bu ölkədə idmana dövlət səviyyəsində qayğı göstərilir. Bizim federasiya gələcəkdə Azərbaycanın Olimpiya Oyunları keçirmək istəyinə yaxından dəstək olacaq”.

Qeyd edilib ki, yarışların final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı, eləcə də rəsmi qonaq və nümayəndə iştirak edir. Dünya Kuboku uğrunda yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən Dünya Kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Yarışların 6-cı mərhələsi, yəni final görüşləri avqustun 8-dən 16-dək Qəbələdə keçiriləcək. Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur.

Yarışlara bu gün Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək. Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparacaqlar. Yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsi ilə canlı yayımlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi