Portuqaliya millisinin baş məşqçisi: “Azərbaycan voleybolçuları yaxşı oyun nümayiş etdirdilər”

Portuqaliya millisinin baş məşqçisi: “Azərbaycan voleybolçuları yaxşı oyun nümayiş etdirdilər” “Ucaboylu voleybolçulara qarşı oynamaq hər zaman çətindir”
Fərdi
15 Yanvar , 2017 07:50
Portuqaliya millisinin baş məşqçisi: “Azərbaycan voleybolçuları yaxşı oyun nümayiş etdirdilər”

Buxarest. 15 yanvar. REPORT.AZ/ “Ötən gün Rumıniyaya qarşı keçirdiyimiz oyuna nisbətdə, bu gün daha yaxşı çıxış etdik”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Portuqaliyanın gənc qızlardan ibarət U-18 voleybol millisinin baş məşqçisi Jose Afonso bildirib.

Baş məşqçi əlavə edib ki, yetirmələri ilk oyunda buraxdığı səhvləri Azərbaycan millisinə qarşı oyunda təkrarlamayıb.

“Rumıniya ilə oyun zamanı servis, blok və müdafiədə müəyyən səhvlərimiz oldu. Azərbaycan komandası ilə oyunda çalışdıq ki, bu səhvlərə yol verməyək. Əlbəttə, Azərbaycan voleybolçuları da yaxşı oyun nümayiş etdirdilər. Düzdür, oyun zamanı müəyyən səhvlərə yol versələr də, ümumilikdə oyunları xoşuma gəldi”, - deyə J.Afonso vurğulayıb.

Rumıniya ilə oyunun daha çətin olduğunu deyən Portuqaliya millisinin çalışdırıcısı yetirmələrini sonuncu turda Rusiya komandasına qarşı daha ağır görüşün gözlədiyini deyib:

“Həm Rusiya, həm də Rumıniya komandalarının voleybolçuları bizim idmançılarla müqayisədə daha ucaboyludurlar. Bu cür komandalara qarşı oynamaq isə hər zaman çətindir”.

Qeyd edək ki, bu gün “E” qrupunun sonuncu turunun oyunları keçiriləcək. Bakı vaxtı ilə saat 17:00-da ilk olaraq Rusiya millisi Portuqaliya, saat 19:30-da isə Azərbaycan yığması Rumıniya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi