Bakı. 20 fevral. REPORT.AZ/ "Konkisürənin zədələnməsindən sonra mən Azərbaycan adından olimpiadaya yollanmağa namizəd ola biləcək yeganə idmançı idim. Çünki ötən qış yaxşı nəticələrim olmuşdu. Beləliklə, bir neçə saat ərzində qərar qəbul etməli idim. Dəfələrlə edilən zəngdən sonra olimpiadada iştirakıma dair vəd verdim".
"Report"un məlumatına görə, bunu Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən dağ xizəkçisi Patrik Braxner Avstriya mətbuatına açıqlamasında deyib. Ardıcıl ikinci olimpiadada iştirak edən avstriyalı legionerin yarışa yollanması çətinliklə başa gəlib. ABŞ-a köçməsi üzündən Braxnerin praktiki heç bir avadanlığı və məşq praktikası olmayıb. Bu səbəbdən, o, hər şeyi çox qısa vaxtda təşkil etmək məcburiyyətində qalıb. Çünki Azərbaycan tərəfi sifariş ərizəsinin bitmə müddətinə bir gün qalmış onun adını Beynəlxalq Olimpiya Komitəsinə göndərməyə müvəffəq olub.
Karyerasını bərpa edən avstriyalı idmançı səhər 5-dən 7-dək fitnes çalışmaları edib, axşamlar isə işdən sonra və bazar günləri xizəklə çalışıb: "Çünki mən hazırlıq müddətində öz işimi də qorumaq istəyirdim. Bu, mənim üçün çox ciddi təlim layihəsi idi. Təlimin bütün aspektlərini lazımi səviyyədə və maksimum effektli aparmalı idim".
Braxnerin böyük slalom və slalom yarışlarında iştirak edəcəyi deyilsə də, o, yalnız slaloma köklənməyi qərara alıb. Soyuq hava şəraiti üzündən o, Açılış mərasimindən məhz qrip infeksiyası ilə də mübarizə aparmalı olub. Təcrübəli dağ xizəkçisi olimpiadada qarşısına konkret hədəf qoymayıb: "Arzum 30 ən yaxşı slalomçu sırasına düşməkdir. Olimpiada təcrübəmə əsasən, yarışa təzyiq altında olmadan çıxacağam".
26 yaşlı xizəkçi idmançı fəaliyyəti ilə yanaşı, xeyriyyəçiliklə də məşğuldur. O, "United Aid For Azerbaijan" (UAFA) layihəsi çərçivəsində idmançı avadanlıqları sataraq, yardımlar edir. Yeni hərrac fevralın 13-də başlanıb.
Qeyd edək ki, Patrik Braxner 7 yanvar 1992-ci ildə Avstriyada doğulub. 2014-cü ilin avqustundan 2017-ci ilin yazınadək ABŞ-da təhsil alıb. Orada o, xizəksürmə idmanı üzrə kollegiyanın üzvü olub. Təhsilini başa vurduqdan sonra karyerasını başa vuraraq, Avstriyaya qayıdıb. O, 18 yaşından Azərbaycanda işləməyə başlayıb. Azərbaycanı təmsil etməsi üçün danışıqları atası aparıb.