​Patimat Baqomedova: "Yuxarı çəkidə güləşmək istəyirəm, çünki öz çəkimdə Mariya Stadnik var"

​Patimat Baqomedova: "Yuxarı çəkidə güləşmək istəyirəm, çünki öz çəkimdə Mariya Stadnik var" "Zədəm yüksək dərəcədə məşq etməyimə mane olur"
Fərdi
29 Yanvar , 2015 10:30
​Patimat Baqomedova: Yuxarı çəkidə güləşmək istəyirəm, çünki öz çəkimdə Mariya Stadnik var

Bakı. 29 yanvar. REPORT.AZ/ "Ayağımdakı zədə mənə əziyyət verirdi. Amma indi yaxşıyam və çalışacağam ki, Avropa Oyunlarında güləşim". Bunu "Report"a açıqlamasında Azərbaycanın qadın güləşi üzrə yeniyetmələr arasında olimpiya çempionu Patimat Baqomedova deyib. 

22 yaşlı pəhləvan "Bakı-2015" I Avropa Oyunlarında 53 kq çəki dərəcəsində çıxış etməyi düşündüyünü bildirib: "Hazırda 48 kq çəkidə güləşirəm. Martın sonlarında Polşada 23 yaşadək güləşçilər arasında keçiriləcək ilk Avropa çempionatında ən aşağı çəkidə mübarizə aparacağam". 

Baqomedova çəkisini artırmaq istəyinə səbəb kimi 48 kq-da dünya və 4 qat Avropa çempionu Mariya Stadnikin güləşməsini göstərib: "İndi çəkim azdır, o vaxta qədər 53 kq olsam, Avropa Oyunlarında güləşmək istəyərəm. Çəki artanda güləş daha da çətinləşir, amma medal qazanmaq istərdim".

Avropa Oyunlarınadək Azərbaycanın qadın güləşi üzrə yığma komandası Rusiyadakı Dünya Kubokuna da qatılacaq. Rəqiblər Yaponiya, Polşa və ABŞ olacaq. Baqomedova ən çətin rəqib kimi Yaponiyanın adını çəkib. Amma onun fikrincə, "gündoğar ölkə" yığmasına qalib gəlmək mümkündür: "Bizim komanda da zəif deyil. Biz də inamlı çıxış edib nəticə qazanırıq. Yəni deməzdim ki, hamısı bizdən güclüdür".

Amma gənc pəhləvan Dünya Kubokunda iştirakının sual altında olduğunu bildirib: "Təbii ki, mən də güləşmək istəyirəm. Amma ayağımda zədə olduğundan, qorxuram. Zədəm sağalsa, heç bir yarışı buraxmayacağam. Hətta zədəm yüksək dərəcədə məşq etməyimə mane olur".

Baqomedova qarşıdakı yarışlarla bağlı proqnozunu da açıqlayıb. O, yığmadan 2-3 medal gözlədiyini, mükafatçılardan birinin Stadnikin olacağına şübhə etmədiyini açıqlayıb. 

Qeyd edək ki, Patimat Baqomedova 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında və 2013-cü ildə gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi