Paralimpiya çempionu: “Birinci yarışda uduzmağım bugünkü qalibiyyətim üçün başlanğıc oldu”

Paralimpiya çempionu: “Birinci yarışda uduzmağım bugünkü qalibiyyətim üçün başlanğıc oldu” “Qələbə sevincini tam olaraq Azərbaycan himni səslənəndə yaşadım”.
Fərdi
134
13 Sentyabr , 2021 16:54
Paralimpiya çempionu: “Birinci yarışda uduzmağım bugünkü qalibiyyətim üçün başlanğıc oldu”

“Qələbə sevincini tam olaraq Azərbaycan himni səslənəndə yaşadım”.

Bunu “Report”a açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib.

26 yaşlı paralimpiyaçı 14 ildir ki, idmanla məşğul olduğunu bildirib. O deyib ki, idmana başladığı dövrlərdə, ilk yarışında uduzsa da, həvəsdən düşməyib. Əksinə, bu, daha da inamla mübarizə aparmaq üçün ona stimul verib:

“2007-ci ildə müəllimimin sayəsində bu sahəyə gəlmişəm. Doğrusu, əvvəllər bu sahə bir az maraqsız gəlirdi. Yarışı tez bitirib evə getmək istəyirdim. Amma bu fikirlərim ilk yarışdan sonra dəyişdi. Birinci yarışda uduzmağım bugünkü qalibiyyətim üçün başlanğıc oldu. Həmin gün özümə söz verdim ki, daha çox çalışmalı, ruhdan düşməməli və hökmən qalib olmalıyam. Şükürlər olsun ki, bu gün o qələbəni qazanmışam”.

Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı sonuncu çıxış edəcəyi üçün yarışöncəsi narahatlığının da olduğunu bildirib:

“Heç vaxt axırıncı iştirak etməmişdim. Həmin an bir tərəfdə ağlayanları, digər tərəfdə isə sevinənləri görüb nə edəcəyimi bilmirdim. Bu, məndə daha çox məsuliyyət yaradırdı. Həm də artıq bilirdim ki, hər kəs - bütün Azərbaycan xalqı bizi izləyir. Özlüyümdə düşünürdüm ki, görəsən, mən hansı hissləri keçirəcəyəm. Yarışda iştirak etdim və qızıl medal qazandım. Bu, tam başqa hissdir. Himnimiz səslənəndə yaşadığım duyğuları isə ifadə etmək mümkün deyil. Mən qələbəni tam olaraq həmin an, Azərbaycan himni səslənəndə yaşadım”.

Son xəbərlər

Orphus sistemi