Azərbaycanda dayandırılmış beynəlxalq yarışlar eyni növlə bərpa olunur

Azərbaycanda dayandırılmış beynəlxalq yarışlar eyni növlə bərpa olunur Milli Gimnastika Arenasında keçiriləcək və mayın 9-dək davam edəcək yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır
Fərdi
247
6 May , 2021 18:16
Azərbaycanda dayandırılmış beynəlxalq yarışlar eyni növlə bərpa olunur

Mayın 7-də Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürəcək.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında keçiriləcək və 3 gün davam edəcək yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Əslində bu turnir 24 - 26 aprel 2020-ci ildə keçirilməli idi. Lakin həmin vaxt koronavirus pandemiyası ilə əlaqədar idman tədbiri bu ilə təxirə salınmışdı.

Sabah başlanacaq Dünya Kuboku pandemiya dövründə Azərbaycanda digər idman növləri üzrə bərpa olunan ilk beynəlxalq yarış olacaq. Bu dövrdə ölkədəki son beynəlxalq yarış da gimnastika ilə bağlı olub. Ötən il martın 12-də start götürmüş idman gimnastikası üzrə Dünya Kuboku yarışın 2-ci günündə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar qərarı səbəbindən yarımçıq dayandırılmışdı.

Budəfəki yarış karantin qaydalarına uyğun olaraq azarkeşsiz və bəzi məhdudiyyətlərlə keçiriləcək. Gimnastlarla ünsiyyət minimuma endirmək üçün "Mixed Zona" olmayacaq. İdmançılarla müsahibələr ZOOM proqramı vasitəsilə onlayn qaydada təşkil ediləcək.

Milli Gimnastika Arenasına daxil olmaq üçün akkreditasiyası olan hər kəsdən koronavirus testi götürüləcək. Analiz nəticəsi müsbət çıxan şəxslər arenaya buraxılmayacaq.

Azərbaycan yığması Dünya Kubokunda 8 gimnastla təmsil olunacaq. Onlardan Zöhrə Ağamirova ilə Arzu Cəlilova fərdi, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadə isə qrup hərəkətləri üzrə yarışlarda qüvvəsini sınayacaq.

Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edəcək. Yarışların ilk 2 günündə təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Yarışın son günündə qaliblər müəyyənləşəcək.

Ənənəyə uyğun olaraq, bu dəfə də ən çox icra xalını yığmış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi