Ötən il 49 ağırlıqqaldırandan dopinq aşkarlanıb

Ötən il 49 ağırlıqqaldırandan dopinq aşkarlanıb Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bəyanat yayıb
Fərdi
22 Yanvar , 2016 11:06
Ötən il 49 ağırlıqqaldırandan dopinq aşkarlanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ 2015-ci ildə 49 ağırlıqqaldıranın dopinq-testi müsbət nəticə verib. "Report"un Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytına istinadən verdiyi məlumata görə, xoşagəlməz hallardan 24-ü iki ay öncə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında qeydə alınıb.

Həmin mundialda 19 medalçı, 2 dünya rekordçusu və yeniyetmələr arasında rekordçunun orqanizmindən istifadəsi qadağan olunmuş dərman izləri tapılıb. Bu idmançılar Belarus, Yunanıstan, Qazaxıstan, Moldova, KXDR, Rusiya və Azərbaycandandır. IWF sərt proqramını davam etdirəcəyini və dopinqsiz idman uğrunda mübarizədə təslim olmayacağını bəyan edib. Qurumun prezidenti Tamaş Ayan Hyustonda 600-dək idmançıdan 220-nin və ya 30 faizinin yoxlanıldığını açıqlayıb. O, rəhbərlik etdiyi qurumun illik büdcəsindən dopinqlə mübarizəyə 20 faiz, təmiz idman üçün təlimlərə isə 23 faiz vəsaitin ayrıldığını bildirib.

Xoşagəlməz hallara rəğmən, T.Ayan ağırlıqqaldırma növünün Yay Olimpiya Oyunlarının proqramından çıxarılma ehtimalının olmadığını vurğulayıb. Əksinə, IWF prezidenti bu növün olimpiya proqramında əsas növlərdən sayıldığını söyləyib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanın 6 ağırlıqqaldıranından - Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq), Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq), Dadaş Dadaşbəyli (105 kq) və Silviya Angelovadan (48 kq) götürülmüş dopinq-testin A nümunəsi müsbət nəticə verib. Hələlik B nümunəsinin açılmasına qərar verilməyib. Ağırlıqqaldıranlardan Dadaşbəyli istisna olmaqla, qalan 5-i ikinci dəfə dopinq-testdən keçə bilməyib. Qaydalara əsasən, bu halda idmançıları ömürlük cəza gözləyir. Eyni zamanda AAAF 200 min dollar cərimələnə, Azərbaycan ağırlıqqaldıranları isə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına buraxılmaya bilər. 

Son xəbərlər

Orphus sistemi