Yuxarı

Nizami Paşayev: "Rio-2016-da ən azı gümüş medal üçün mübarizə aparacağıq" - MÜSAHİBƏ

Yeni baş məşqçi həmçinin özünə qarşı ittihamlara cavab verib

Bakı. 29 fevral. REPORT.AZ/ Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nizami Paşayevin "Report"a müsahibəsi

- Necə oldu ki, bu vəzifəyə təyinat aldınız?

- Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov məni çağırdı. "2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarınadək səni baş məşqçi təyin edirik. Özünü doğrultsan, olimpiadadan sonra da bu vəzifədə qalacaqsan. Əks halda, gedəcəksən" dedi. Nəticədə təyinatım gerçəkləşdi və işə başladıq.

- Yeni baş məşqçi kimi qarşınıza hansı vəzifələr qoyulub?

- Birinci növbədə həm kişilər, həm də qadınlar arasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq vəzifəsi qoyulub. 8-16 apreldə Norveçdə Avropa çempionatı keçiriləcək. Çempionatda lisenziya qazanıb olimpiadaya hazırlaşacağıq.

- Əslində, ötənilki dünya çempionatında 4 lisenziya qazanılmışdı. Amma idmançıların dopinq-testdən keçə bilməmələri üzündən həmin vəsiqələrdən məhrum olma təhlükəsi yaranıb. Bu istiqamətdə hər hansı yenilik var?

- Hələ Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytında heç bir məlumat yoxdur. Ona görə mən də bu barədə bir şey deyə bilmərəm.

- Lisenziyaların saxlanılması gözlənilir?

- Hər şey ola bilər. Yəqin ki, martın ortalarınadək bütün qaranlıq məsələlərə aydınlıq gələcək.

- Miroslav Çoroşun baş məşqçi postundan istefaya göndərilməsinə dopinq qalmaqalının səbəb olduğunu düşünmürsünüz?

- Bunu Azərbaycan Ağır Atletika Federasiyası araşdırdı. Kimin günahkar olduğunu deyə bilmərəm. Yəqin ki, günahı olduğu üçün də Çoroşu işdən çıxardılar.

- Ağırlıqqaldırma növündə ilk olimpiya medalının sahibi Valentin Xristov Rio-2016-da iştirak şansını dopinq-testdən keçə bilməməsi səbəbindən itirsə, olimpiadaya zəif heyətlə qatılmalı olacaqsınız. Bu baxımdan, üzərinizə düşən vəzifəni həyata keçirməyin çətin olacağını düşünmürsünüz?

- Əlbəttə, çətin olacaq. Özüm də idmançı olanda bütün ümidlər yalnız mənə bəslənilirdi. İkiqat dünya çempionu olsam da, təəssüflər olsun ki, müəyyən səbəblərdən olimpiya medalı qazana bilməmişəm. Amma hər halda var gücümlə çalışacağam ki, bu məsuliyyətli yükün altından şərəflə çıxaq və Rio-2016-da yaxşı nəticə göstərək. Ötən olimpiadada yalnız Xristov bürünc medalla kifayətlənmişdisə, bu dəfə ən azı gümüş medal üçün mübarizə aparacağıq.

- İdmançı karyeranız zamanı özünüz də dopinq cəzası almısınız. Bu baxımdan azərbaycanlı ağırlıqqaldıranların tez-tez dopinq-testdən keçə bilməmələrini nə ilə əlaqələndirərdiniz?

- Bu, bir az çətin sualdır. Ola bilsin, məşqçi məsuliyyətsizliyindən irəli gəlir, yaxud təxribatdır. Bunu dəqiq demək çətindir.

- Bu yaxınlarda Rusiya paytaxtında Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının birgə təlim-məşq toplanışında qalmaqal baş verib. Nəticədə həmkarınız Hafiz Süleymanov qadın millisini də götürərək, vaxtından əvvəl Moskvadan Bakıya qayıdıb...

- Kim deyir ki, o, qadınlardan ibarət millinin baş məşqçisidir? Dediyiniz şəxs elə vəzifədə çalışmayıb. Baş məşqçi Miroslav Çoroş idi. Biz hamımız köməkçi-məşqçi idik. Nə baş məşqçi? Kim onu baş məşqçi təyin etmişdi? Hansı sənəddə o, belə vəzifədə göstərilirdi? Özü-özünü təyin etmişdi?

- Həm qadın ağırlıqqaldıranlardan Səbinə Əzimova, həm də Süleymanovun özü əleyhinizə açıqlama veriblər. Moskvada nə baş vermişdi ki, qadınlardan ibarət komanda vaxtından əvvəl Bakıya qayıtdı?

- Vallah, heç nə baş verməmişdi. Qadın idmançıları özbaşına götürüb Bakıya gətirməyinin səbəbi mənə məlum deyil.

- Amma Əzimova Sizin ona qarşı aqressiv davranmağınızdan şikayətlənib. Deyib ki, Sərdar Həsənovun otağına çay içmək üçün konfet götürməyə düşdüyü vaxt onu söyüb-döymüsünüz...

- Hamısı yalan, iftira söhbətlərdir. Gecə saat 01:00-da konfet almağa düşmürlər. Özü də oğlanın otağında, qapını bağlayıb üz-üzə oturmurlar. Saat 23:00-da hamının yatma vaxtıdır. Özüm idmançı olmuşam, neçə ildir məşqçi işləyirəm. Mənim komandamda nizam-intizam birinci yerdədir. Kimin nizam-intizamı yoxdursa, o, təlim-məşq toplanışında heç vaxt yer almayacaq. Nizam-intizam qaydalarını pozub, ona görə də cəzalanıb. Hazırda yığmada yoxdur və heç vaxt da olmayacaq.

- Bəs Anastasiya İbrahimli ilə Mərziyyə Məhərrəmova yığmada qalır?

- Məhərrəmova gəldi, üzr istədi. Onu toplanışa cəlb etdim. Amma xəbərdarlıq etdim ki, bir daha nizam-intizamı pozsa, təlimlərdən həmişəlik məhrum ediləcək. İbrahimli isə Əzimova kimi bir daha yığmada olmayacaq.

- Onun da qovulmasına intizamsızlığı səbəb oldu?

- Bəli. Onların nə etdiklərini deməyəcəyəm. Çünki bu, kollektivə yaraşan söhbət deyil. Amma nizam-intizam qaydalarını pozublar.

- Dünya çempionu Boyanka Kostovanın Bolqarıstanda hazırlıq keçməsi nə ilə əlaqədardır?

- Kostova ötən il boyunca Azərbaycan yığmasının heyətində təlim-məşq toplanışları və yarışlarda iştirak edib. Ona görə də Prezident İlham Əliyevin idmançılarla görüşündən sonra - dekabrın 28-də Bolqarıstandakı evinə gedib. Mən onun şəxsi məşqçisiyəm, Azərbaycana mən onu gətirmişəm. Yeni gəldiyi vaxt birdən 80 kq, təkanla isə 100 kq ağırlıq qaldırırdı. Onu bu səviyyəyə mən qaldırdım. Dünya çempionatında 112 kq birdən, 140 kq təkanla qaldırdı və qızıl medal qazanaraq, bir neçə dünya rekordu yenilədi. Şəxsi məşqçisi və milli komandanın baş məşqçisi olaraq, icazə verdim ki, evinə dincəlməyə yollansın. Martın 10-da qayıdacaq və olimpiadayadək heç bir yerə getmədən burada hazırlaşacaq.

- Avropa çempionatında Kostovanın timsalında qadınlardan ibarət yığmanın lisenziya qazanma şansları kişi ağırlıqqaldıranlardan daha yüksək qiymətləndirilir. Kişi atletlərdən 5-i dopinq-testdən keçə bilmədiyi üçün heyətin zəiflədiyi bildirilir. Belə fikirlərlə nə dərəcədə razısınız?

- Kim deyir ki, kişilərdən ibarət yığmanın heyəti zəifləyib? Onlar cəzalansalar belə, Rövşən Fətullayev, Nailxan Nəbiyev, Avropa çempionu Əfqan Bayramov kimi güclü ağırlıqqaldıranlarımız var. Tezliklə bu heyətin nəyə qadir olduğunu görəcəksiniz. Zəif, yoxsa güclü olduqlarını zaman göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi