​Nigar Arpadarai: "Avropa Qran-Prisində Bakıya 10-12 min turistin gəlişi gözlənilir"

​Nigar Arpadarai: "Avropa Qran-Prisində Bakıya 10-12 min turistin gəlişi gözlənilir" "Hesablamalarımıza görə, artıq 60-65 faiz otellər tutulub"
Fərdi
29 Fevral , 2016 17:53
​Nigar Arpadarai: Avropa Qran-Prisində Bakıya 10-12 min turistin gəlişi gözlənilir

Bakı. 29 fevral. REPORT.AZ/ "Hazırlıqlar plana uyğun olaraq gedir. Tikinti işləri öz qaydasında davam edir. 6 km uzunluğunda olan tras asfaltlanmalıdır. Bu asfalt qatı daimi olacaq və 10 il ərzində bir dəfə istifadə olunacaq". "Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Formula 1 üzrə Bakıda keçiriləcək Avropa Qran-Prisinin hazırlıq prosesi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

N.Arpadarai trasın bəzi yerlərində qənbər daşları olan hissənin zədələnməyəcəyini, həmin ərazidə örtük qatınının salınacağını və sonra bu örtüyün söküləcəyini bildirib: "Asfalt həmin bu örtük qatının üzərinə salınacaq. İndi orada iş gedir. Bu qat isə müvəqqətidir. Yəni yarış bitəndən sonra asfalt qatı götürüləcək və həmin küçə əvvəlki vəziyyətinə qaytarılacaq. Bu da çox cüzi iş sayılır. Çünki növbəti illərdə yalnız həmin ərazidə olan yollar yenilənəcək. Digər bütün yerlər eyni ilə qalacaq. Bu proses bir dəfə həyata keçirilir. Oradakı kommunikasiya da yenilənir. Bu isə insanların istifadəsində olacaq". 

Görüləcək işlər siyahısına təhlükəsizlik baryerləri, tribunaların qurulması, bulvar ətrafında əyləncə xarakterli tədbirlərin təşkili üçün xüsusi avadanlıqların gətirilməsi də daxildir. BŞH rəsmisinin sözlərinə görə, vaxt az olsa da, işlər plana uyğun gedir: "Formula 1 və Beynəlxalq Avtomobil Federasiyasından nümayəndələr gəlir və yoxlama işləri aparırlar. İşimizi plana uyğun olaraq dəyərləndirirlər". 

Müsahib təbliğat işlərinə başladıqlarını da açıqlayıb: "Martın sonundan etibarən Formula 1 təqvimi canlanır. İlk yarış Avstraliyada olacaq. Biz də çalışacağıq ki, yarış zonalarında təbliğat xarakterli tədbirlər görək. Beynəlxalq mətbuatla da ünsiyyətimiz olacaq. Hansısa bir sponsorluq fəaliyyətimiz olacaq. Bu da xaricdən olan turistləri cəlb etmək üçün atılan addımdır. Ancaq indiyədək bizə olan diqqət böyükdür. Dünyada olan Formula 1 mediasının, kanalların gözü bizdədir. Bu yaxınlarda Formula 1-in rəsmi saytında Bakı haqqında videoçarx da yayımlanıb. Diqqət böyükdür və biz çox həyəcanla iyunda bütün Formula azarkeşlərini Bakıda salamlamaq üçün bu vaxtı gözləyirik".

Ümumilikdə 30 min oturacaq və əlavə olaraq 10 min ayaqüstü yerlərin nəzərdə tutulduğunu söyləyən BŞH rəsmisi 10-12 min xarici turistin gözlənildiyini deyib: "Onların yerləşdirilməsi üçün xüsusi otellərlə də iş birliyimiz var. Ölkəyə turist axınının olacağı ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi ilə də işləyirik. Onlar da öz tərəfindən lazımi işləri görürlər. Hesablamalarımıza görə, artıq 60-65 faiz otellər tutulub. Bu, çox gözəl göstəricidir. Üstəlik, nəzərə almaq lazımdır ki, turistlərdən əlavə, Formula komandaları, nümayəndələri, media işçiləri də gələcək. Xaricdən gələn media nümayəndələrinin işini asanlaşdırmaq üçün onlara tövsiyələrimizi veririk. Onların ödəmək istədiyi məbləğə hansı otellərin olması barədə məlumat veririk və həmin əraziyə yaxın otellərin də siyahısını göndəririk. Bilet satışına gəldikdə, proses normal gedir. Digər ölkələrlə təcrübə mübadiləsi aparırıq. Hələlik gözlədiyimiz kimi gedir və bu da bizi çox sevindirir. Bizim hədəf ölkələrimiz var. Türkiyə, Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya və Ukraynadan Avropa Qran-Prisinə böyük maraq var. Bu yaxınlarda ticarət mərkəzlərində stendlər quraşdırılacaq. Hazırda dizaynla bağlı iş gedir".

Qeyd edək ki, Formula 1 üzrə Avropa Qran-Prisi 17-19 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi