Gənclər və idman nazirliyi beynəlxalq standartlara cavab verən skeytbordinq meydançası tikmək istəyir.
Bu barədə "Report"a müsahibəsində "Roller club"un prezidenti Rüstəm Hüseynov məlumat verib.
Onun sözlərinə görə, bağlı meydançalar bu idman növü üzrə inkişafa təkan ola bilər: "Skeytbordinq meydançası xüsusi qurğularla təchiz olunmuş yerdir. Yarış keçirmək üçün meydançanın layihəsini beynəlxalq federasiyadan almalıyıq. Standartları onlar təsdiqləyir. Azərbaycan sabah hansısa beynəlxalq turnir keçirmək istəsə, beynəlxalq standartlara uyğun meydança olmalıdır. Digər formada istənilən dizaynlı meydança inşa edə bilərik. Lakin bu, standartlara uyğun olmaya bilər. Burada ölçü ilə yanaşı, fiqurların sayı və digər amillər də vacibdir. Skeytbordinqdə sosial və idman üçün nəzərdə tutulan meydançalar olur".
Hüseynov Bakıda bu baxımdan lazımi infrastrukturun olmadığını söyləyib: "Fəaliyyətimizin ilk 10 ilində bundan ötrü Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə üz tutmuşdum. Son 10 ildə isə artıq müraciət etmirəm. Çünki aldığım cavablar məni buna vadar edir (gülür). Dediklərinə görə, belə bir şərait olmayıb. Görünür, keçmiş şəhər rəhbərliyi bu işdə maraqlı deyildi. O vaxt müraciət edəndə bizə "yox" cavabı gəlirdisə, sonra şəhərin bir neçə yerində özləri bu cür skeyt-parklar tikdilər. Məsələn, Binəqədi rayonunda var. Bu yaxınlarda orada məktəblilər arasında tədbir keçirdik. Hava şəraiti imkan vermədiyindən, məşq xarakterli bir şey oldu. Birinci dəfə üçün pis alınmadı və uşaqları bu idman növünə cəlb etdik. Qış Parkında da meydança var. Yəni, proses gedir. Lakin bizimlə məsləhətləşmirlər. Haradasa şəkilləri görüblər və istəyirlər ki, Azərbaycanda da bu cür meydançalar olsun. Bilmirlər ki, bunu daha düzgün formada etmək üçün heç olmasa, bizimlə məsləhətləşməlidirlər. Soruşsaydılar, köməklik edər, müvafiq layihələr seçərdik. Hamısı yarımçıq tikililərdir. Həm də düzgün tikmirlər, bucaqlar səhvdir. Çünki bunu edənlər adi tikinti ilə məşğul olanlardır. Bu işin də öz incəlikləri mövcuddur. Vizual olaraq, fiqur var. Lakin üstündə istədiyin hərəkəti etmək olmur, məhdudiyyət yaradır".
Klub prezidenti bildirib ki, beynəlxalq standartlara cavab verən skeytbordinq meydançaları qurmaq üçün xaricdən mütəxəssis dəvət edilməlidir: "Mütləq peşəkar yanaşma lazımdır. Adi qaydada tikilsə, yararsız olacaq. Bunu edirlərsə, düzgün qaydada etsinlər ki, uşaqlar da yararlana bilsinlər. Divanı düzəldirsənsə, onun üstündə kimsə oturmalıdır. Oturan yoxdursa, nəyə lazımdır"?
Rüstəm Hüseynovla müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.