Namiq Əliyev: "Güləş üzrə Avropa çempionatına adi turnir, məşq prosesi kimi baxırıq"

Namiq Əliyev: "Güləş üzrə Avropa çempionatına adi turnir, məşq prosesi kimi baxırıq" Heyətdəkilərin yarısı birinci nömrələr, yarısı yeni simalardır. Çoxusu isə gənclərdir.
Fərdi
4 Fevral , 2020 12:45
Namiq Əliyev: Güləş üzrə Avropa çempionatına adi turnir, məşq prosesi kimi baxırıq

"Heyətdəkilərin yarısı birinci nömrələr, yarısı yeni simalardır. Çoxusu isə gənclərdir". 

"Report"un məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev İtaliyanın paytaxtı Romadakı Avropa çempionatı üçün açıqlanan heyəti dəyərləndirərkən deyib. Qurumun rəhbəri bildirib ki, onları daha çox olimpiya çəkiləri maraqlandırır. 

O, çempionatın reytinq xarakteri daşıdığı üçün önəmli olduğunu vurğulasa da, bu yarışa adi turnir kimi yanaşdıqlarını etiraf edib: "Bir çox çəkidə müəyyən idmançıları "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa və dünya təsnifat turnirləri üçün qoruyuruq. Bütün bunlara baxmayaraq, qarşıdakı Avropa çempionatı reytinq xarakteri daşıyır. Yarışın yekunları əsasında reytinq siyahısı formalaşacaq. Bu səbəbdən, çempionatın özü də çox önəmlidir. Gənc pəhləvan yaxşı çıxış etməsə, olimpiya lisenziyalı turnirə zəif reytinqlə qatılacağıq. Xüsusən, olimpiya çəkilərində yaxşı nəticə göstərmək lazımdır. Hesab edirəm ki, güləşçilərimiz uğurla çıxış edəcəklər və kifayət qədər medallarımız olacaq. Həmişə Avropa çempionatında yüksək səviyyədə mübarizə aparmışıq. Bu dəfə də belə olacaq. Amma əsas hədəfimiz Avropa çempionatı deyil. Bu yarışa adi turnir, məşq prosesi kimi baxırıq. Ona görə də ola bilər ki, bu, medal sayına da təsir göstərsin. Əsas hədəfimiz olimpiya lisenziyalı turnirlərdir. Aparıcı sərbəst güləşçilər fevralın 15-dən Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışına başlayır. Avropa çempionatı üçün açıqlanan heyətdən bir neçəsi də onlara qoşulacaq. Əsas qüvvəmizi lisenziya turnirlərinə qoymuşuq".

N.Əliyev əsas heyət üzvlərindən bəzilərini Avropa çempionatına aparmaqla risk etdikləri fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, zədə halları zalda məşq zamanı da baş verir: "Məhz zədələri üzündən bir neçə güləşçini Romaya aparmırıq. Həm də çəki salma məsələləri var. Bir ay ərzində iki dəfə çəki salmaq idmançılar üçün çətindir. Çempionata yollananların isə belə bir problemi yoxdur. Artıq zədələrin qarşısını alan ciddi vitaminləşmə də başlayıb. Ona görə də travmaların olmayacağına və uğurla çıxış edəcəyimizə inanıram". 

Qeyd edək ki, qitə çempionatı 10 - 16 fevralda keçiriləcək. Avropa Təsnifat Turniri 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə, Dünya Təsnifat Turniri isə 30 aprel - 3 mayda Bolqarıstanın paytaxtı Sofiyada olacaq. 

Son xəbərlər

Orphus sistemi