Namiq Abdullayev: "Bu qələbələrin davamı gələcək"

Namiq Abdullayev: "Bu qələbələrin davamı gələcək" "Bütün xalqımızı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Əsgərlərimiz torpaqlarımızı azad ediblər, idmançılarımız isə öz qələbələri ilə dünya çempionatında 2 dəfə bayrağımızı qaldır
Fərdi
8 Noyabr , 2021 22:32
Namiq Abdullayev: Bu qələbələrin davamı gələcək

"Bütün xalqımızı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Əsgərlərimiz torpaqlarımızı azad ediblər, idmançılarımız isə öz qələbələri ilə dünya çempionatında 2 dəfə himnimizi səsləndirib, 3 dəfə bayrağımızı qaldırıblar".

"Report"un məlumatına görə, bu fikirləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində komandasının Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis federasiyanın yığma üçün hər cür şəraiti yaratdığını bildirib: "Hər şey idmançılarımızın yüksək səviyyədə çıxışı üçün edilmişdi. Bizdən öncə yunan-Roma güləşçilərimiz mübarizə apardı. Onlar 1 qızıl və 2 bürünc medal qazandılar. Bu da ona dəlalət edir ki, federasiyanın göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. Bütün bunların başında duran isə Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı İlham Əliyevdir. Hər kəsi, məşqçilərimizi, federasiyanı təbrik edirəm. Bu qələbələrin davamı gələcək. Sərbəst güləş yığmamız gəncdir. Qarşıdan gələn yarışlarda bizi onlar təmsil edəcəklər. 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında bu heyəti görürük. Həmin yarışa bu uşaqlar hazırlaşacaqlar. İnanıram ki, dövlətimizin də dəstəyi ilə idmançılarımız yeni-yeni qələbələr qazanacaqlar. Gənclər və idman naziri Fərid Qayıbovun güləşçilərimizlə görüşməsi onlara ruh yüksəkliyi verdi. Böyüklər arasındakı dünya çempionatında da nailiyyətlərimiz oldu".

Abdullayev bu yaxınlarda dünyasını dəyişən qardaşı Xaləddin Abdullayevdən də bəhs edib: "Yaxınlarımızı itirmək çox ağırdır. Hadisə baş verən gün Dağıstanda təlim-məşq toplanışında idik. Həmin vaxt zəng gəldi və ölkəyə qayıtmalı olduq. Allah dünyadan köçənlərə, şəhidlərimizə rəhmət etsin. Amma bu, idmandır. Güləşçilərin yanında olmasaydıq, bu nəticələr də qazanılmazdı. Əlbəttə, çox çətin idi. Amma bu, bizim işimizdir. Bu, ölkənin bayrağını dalğalandırmaq, xalqımızı sevindirmək üçün əlimizdən gələni etdik".

Qeyd edək ki, dünya çempionatında sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirədddin Bayramov (65 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi