Müdafiə naziri hərbçilərin 31-ci dünya çempionatında medal qazanan Azərbaycan idmançıları ilə görüşüb - FOTO

Müdafiə naziri hərbçilərin 31-ci dünya çempionatında medal qazanan Azərbaycan idmançıları ilə görüşüb - FOTO Zakir Həsənov qələbə münasibətilə idmançılara, məşqçilərə və mütəxəssislərə təbriklərini çatdırıb
Fərdi
1 Oktyabr , 2016 16:31
Müdafiə naziri hərbçilərin 31-ci dünya çempionatında medal qazanan Azərbaycan idmançıları ilə görüşüb - FOTO

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançılara, məşqçilərə və mütəxəssislərə təbriklərini çatdırıb.

Hərbi idmançıların bu uğurunu yüksək qiymətləndirən Z.Həsənov Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu qeyd edərək bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də nailiyyətlər əldə edildiyini, qazanılan müvəffəqiyyətlərin məhz Prezident İlham Əliyevin diqqət və qayğısının, dövlət dəstəyinin göstəricisi olduğunu xüsusi vurğulayıb.

Bildirilib ki, yarışlarda Azərbaycanı təmsil edən hərbi qulluqçular Silahlı Qüvvələrin nümayəndələri kimi Makedoniyada ölkənin bayrağını yüksəltmək və dövlət himnini səsləndirməklə Azərbaycan əsgərinin döyüş əzmini və qələbə ruhunu bir daha sübut ediblər.

Qələbədə əməyi olanları təbrik edən nazir orduda idmanın inkişafı üçün geniş imkanların, lazımi şəraitin olduğunu, eləcə də yeni inşa edilən hərbi şəhərciklərdə müasir idman komplekslərinin tikildiyini xatırladaraq bundan sonra da Silahlı Qüvvələrdə idmana daha çox diqqət ayrılacağını bildirib. Gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etməyi hərbi qulluqçulara arzu edən nazir çempionatda yüksək nəticələr göstərmiş idmançıları və məşqçiləri təltif edib və qiymətli hədiyyələrlə mükafatlandırıb.

Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, sentyabrın 19-dan 25-dək Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma növləri üzrə komandaları təmsil ediblər. 4 qitədən, 35 ölkədən, 300-dən çox idmançının iştirak etdiyi çempionatda Azərbaycan təmsilçiləri 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar. Ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vuran yığmamız çempionatın kubokuna layiq görülüb.

Son xəbərlər

Orphus sistemi