Müasir və türk dəyərlərinin birləşdiyi Nur-Sultandan - REPORTAJ - VİDEO

Müasir və türk dəyərlərinin birləşdiyi Nur-Sultandan - REPORTAJ - VİDEO Bunların dilini öyrənməyə ehtiyac yoxdur. Heç özləri öz dillərində danışırlar ki, mən də danışım?
Fərdi
11 Oktyabr , 2019 16:33
Müasir və türk dəyərlərinin birləşdiyi Nur-Sultandan - REPORTAJ - VİDEO

"Bunların dilini öyrənməyə ehtiyac yoxdur. Heç özləri öz dillərində danışırlar ki, mən də danışım?"

Qazaxıstanın paytaxtı Nur-Sultanda uzun illərdir yaşayan azərbaycanlı soydaşlarımızdan biri belə deyirdi. Sözlərində həqiqət payı çox böyük idi. Qazax dilində sözləri yalnız güləş üzrə dünya çempionatının keçirildiyi "Barıs Arena"da görüb-eşitmək olardı. Qalan yerlərdə - küçədə, avtobusda, market və restoranlarda hamı rusca danışırdı. Gərək ki, azərbaycanlı KVN-çilərdən biri demişdi: "Orta Asiya respublikalarının əksəriyyətində türkdilli xalqlar yaşayır, amma onlar bir-birilərini rusca daha yaxşı başa düşürlər".

Qazaxıstan ərazisinə görə dünyada 9-cu, türkdilli dövlətlər arasında isə lider mövqeyindədir. Nur-Sultan isə artıq 21 ildir Qazaxıstanın paytaxtı elan edilib. 1998-ci ildə paytaxt şəhər ölkənin cənubundakı Almatıdan şimalda Rusiya ilə sərhədə yaxın əraziyə köçürülüb. Həmin vaxt bura Tselinoqrad adlanırdı. Astana adı altında 21 ilədək ömür sürdükdən sonra - bu il martın 20-də şəhərə Nur-Sultan adı verilib. Belə bir ad isə 29 il 8 ay 26 gün Qazaxıstana rəhbərlik etmiş Nursultan Nazarbayevin şərəfinə verilib.

Nazarbayev hələ SSRİ tərkibində olduğu vaxt Qazaxıstanın başına keçib. Onun rəhbərliyi altında böyük işlərin görüldüyünü söyləyə bilərik. Böyük əraziyə malik müsəlman dövlətini qonşularla heç bir münaqişə yaşamadan idarə etmək heç də asan deyil. Yəqin ki, bu və digər məqamlar üzündən onun adı sağlığındaca əbədiləşdirilib. Nazarbayevin adı təkcə şəhərə verilməyib. Paytaxtda Nur sözü ilə başlayan məscid fəaliyyət göstərir, şəhərin simvolu sayılan Bayterekin ən yuxarı mərtəbəsində Nazarbayevin qızıl suyuna çəkilmiş əl izləri qoyulub. Ziyarətçilər əlini ora qoymaqla şəkil çəkdirirlər. Qazaxıstan Milli Muzeyinin birinci mərtəbəsində ölkə liderinin qızıldan heykəli mövcuddur.

Nur-Sultan İşim çayının böldüyü sağ və sol sahillərdən ibarətdir. Sağ sahil köhnə evlərdən ibarətdirsə, sol sahildə yeni və müasir binalar, göydələnlər ucaldılıb. Əksər yaşayış binaları qazla təchiz olunmadığından, mərkəzi istilik sisteminə qoşulub. Binaların həyətində isə meydançalar, uşaqlar üçün əyləncə zonaları salınıb.

Lakin evlərə verilən su içməli deyil. Bunu krandan axan su ilə əl-üz yuyarkən də hiss etmək mümkündür. Ona görə də əhali təmiz suyu marketlərdən alır.

Şəhərdə avtobuslar fəaliyyət göstərsə də, insanlar daha çox minik avtomobillərinin xidmətindən yararlanırlar. Bunun üçün şəxsi avtomobil və ya taksi ilə hərəkətdən əlavə, daha sadə üsuldan da yaralanırlar. Yəni, yolun kənarında durub hərəkətdə olan maşınlara əl etsən, ən azı yarısı saxlayıb səni ucuz qiymətə ünvana çatdıra bilər. Təbii ki, özünün gedəcəyi ünvana yaxındırsa.

Qiymət demişkən, Qazaxıstanın pul vahidi təngə dəyərini itirməkdədir. 1 dolları nə az, nə çox - 385 təngəyə dəyişdirmək olar. Bu baxımdan, qaldığımız mənzildən hər gün 3 nəfərə 500 təngə (cəmi 1,3 dollar) xərcləməklə dünya çempionatının keçirildiyi "Barıs Arena"ya getmək olurdu.

Əhalinin sayı 1 milyonu keçdiyindən, artıq metro nəqliyyatından istifadə zərurəti də yaranıb. Amma bundan ötrü yerüstü metro - metrobus xətlərinin çəkilməsi daha məqsədəuyğun sayılıb. Şəhər küçələrində metrobusların hərəkəti üçün beton dirəklərin qurulmasına başlanılıb.

Nur-Sultanda 100 metrdən yüksək yetərincə bina var və ya tikilməkdədir. Bunlardan ən böyüyü - 78 mərtəbəli "Abu-Dabi Plaza"nın 2020-ci ilədək tikilib başa çatdırılması nəzərdə tutulub. 382 metr hündürlüyə malik bina Mərkəzi Asiyanın ən uca çoxfunksiyalı kompleksi sayılacaq. 2016-cı ildən inşasına başlanılan "Abu-Dabi Plaza" üçün indiyədək 1,6 milyard dollar sərf olunub.

Qazaxıstan həm də günəş sisteminə ən yaxın ölkə sayılır. Yer kürəsinin oval çıxıntısında məhz bu ölkə yerləşir. Elə buna görədir ki, Baykonur Kosmodromu Qazaxıstan ərazisində tikilib.

Nur-Sultan şəhəri 2017-ci ildə Beynəlxalq Sərgi Bürosu tərəfindən "Expo-2017"yə ev sahibliyi edib. Sərginin mövzusu isə "Gələcəyin enerjisi" olub. 115 ölkə və 22 beynəlxalq təşkilatın qatıldığı sərgiyə 4 milyonadək insan baş çəkib.

Bu nəhəng binanı ziyarət edərkən özünü doğrudan da başqa aləmdə hiss edirsən. Burada külək enerjisi, dünya səyahəti, robotlar, kosmonavtika və digər son texnologiyalar görmək mümkündür.

Eyni zamanda "Xan-Şatır" ticarət-əyləncə mərkəzini qeyd etmək olar. 2010-cu ildən istifadədə olan bu bina alaçıq formasındadır. "Xan-Şatır" dünyanın ən böyük alaçığı kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Bu binanı Qazaxıstanın həm də öz tarixinə dəyər verməsinin göstəricisi saymaq olar. Nur-Sultanda ənənələrə sadiqliyi muzeylərdə sərgilənən milli geyimlərdən, qopuz və digər qədim musiqi alətlərindən, müxtəlif yerlərdə qurulan çadırlardakı dəvə və at südündən hazırlanmış kımız içkisindən görmək olar.

Bunlara ölkənin digər şəhərlərində də xüsusi diqqət yetirilir. Qazaxıstanın turizm şirkətlərindən birinin jurnalistlər üçün təşkil etdiyi səhər yeməyi zamanı Qazaxıstanın müxtəlif bölgələri, adət-ənənələri barədə məlumat verildi. Bu zaman özləri açıq etiraf etməsələr də, türk adət-ənənələrinin əsrlərdir qorunub saxlanıldığı bir daha özünü büruzə verdi.

Nur-Sultana Gənclər və İdman Nazirliyinin dəstəyi ilə güləş üzrə dünya çempionatını işıqlandırmaq üçün ezam olunmuşdum. Bu müddətdə şəhərlə tanışlıq üçün kifayət qədər vaxtım oldu. Yekun təəssürat isə belədir: Qazaxıstan böyük Türküstanı özündən ehtiva edən dövlətdir. "Ey Türk! Özünə qayıt, sən özünə qayıdanda böyük olursan!" sözləri sanki bu ölkə üçün deyilibmiş... 

Son xəbərlər

Orphus sistemi