​Mövlud Mirəliyev: "Cüdoçularımız olimpiya oyunlarında çox yaxşı iştirak etdilər"

​Mövlud Mirəliyev: "Cüdoçularımız olimpiya oyunlarında çox yaxşı iştirak etdilər" Bu münasibətlə bütün cüdosevənləri, Cüdo Federasiyanı təbrik edirəm
Fərdi
13 Avqust , 2016 01:39
​Mövlud Mirəliyev: Cüdoçularımız olimpiya oyunlarında çox yaxşı iştirak etdilər

Bakı. 13 avqust. REPORT.AZ/ "Artıq 8 aydır məşçi kimi yığma komandada çalışıram. Həyəcan az deyil. Bundan əvvəl keçirilmiş Avropa çempionatında 1 qızıl və 1 gümüş medal qazandıq."

"Report" xəbər verir ki, bunu Azərbaycan cüdo yığmasının məşqçisi Mövlud Mirəliyev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müsahibəsində deyib. O, cüdoçularımızın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da gümüş medallar qazandığını vurğulayaraq Azərbaycan xalqını bu münasibətlə təbrik edib.

"Qısa müddətdə xeyli məşq etdik və mübarizə apardıq. Bildiyiniz kimi reytinq məsələsi də var. İdmançılarımız xal toplamaq üçün mübarizə apardılar. Bu məşqlərin nəticəsidir ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iki medal qazandıq. Bu münasibətlə bütün cüdosevənləri, Cüdo Federasiyanı təbrik edirəm" – deyə yığmanın məşqçisi deyib.

O, bildirib ki, məşqçilər adətən bütün idmançılardan yüksək nəticə gözləyir: "Məşqçi istəyir ki, altı çəkidə idmançıların hamısı medal qazansın. Elmar Qasımov və Rüstəm Orucov ikinci dəfədir olimpiya oyunlarında iştirak edirlər. Onlarda qələbəyə inam var idi. Orxan və Nicat özlərini tam toparlaya bilmədilər. Amma buna baxmayaraq yaxşı çıxış etdilər".

Məşqçi əlavə edib ki, olimpiya oyunları bir qədər çətindir. Bu səbəbdən də hər idmançı özünü toparlaya bilmir.

"Ümumiyyətlə cüdoçularımız olimpiya oyunlarında çox yaxşı iştirak etdilər. Onlar mübarizəyə tam hazır idilər".

Məşqçi əlavə edib ki, 90 kq. Çəkidə mübarizə aparan Məmmədəli Mehdiyevdən yüksək nəticə gözləyirmiş. Mövlud Mirəliyev Yaponiyada keçiriləcək yarışda Məmmədəli Mehdiyevin yüksək nəticə verəcəyinə inandığını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi