MirHəsən Seyidov: "Karate Federasiyasındakı fəaliyyətim "İrəli"dəki işimi ləngitməyəcək" - MÜSAHİBƏ

MirHəsən Seyidov: "Karate Federasiyasındakı fəaliyyətim "İrəli"dəki işimi ləngitməyəcək" - MÜSAHİBƏ "Azərbaycan milli komandasına rəhbərlik etməyi bütün məşqçilər istəyər"
Fərdi
12 Fevral , 2018 15:07
MirHəsən Seyidov: Karate Federasiyasındakı fəaliyyətim İrəlidəki işimi ləngitməyəcək - MÜSAHİBƏ
Report/ Elchin Murad

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi, "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidovun “Report”a müsahibəsi

- AMKF-yə gəlişiniz necə baş tutdu? 

- Gənclər və idman sahələri bir-birinə yaxındır. Federasiya rəhbərliyi tərəfindən belə bir məsul vəzifəni tutmaq təklif olundu. Bir qədər düşündükdən sonra qərara aldım ki, bu, mənim üçün yaxın sahədir. Yeniyetmə yaşlarımda karate ilə məşğul olmuşam. Müəllimlərim hazırda Azərbaycanda karate sahəsində qərar qəbul edən insanlardır. Bu sahəni özümə yaxın saydığım üçün baş katib qismində çalışmağa qərar verdim. 

- Lakin təyinatınızla bağlı xəbər daha əvvəl çıxsa da, rəsmiləşməsi bir qədər gec oldu... 

- Təyinatın olub-olmayacağı ilə bağlı müəyyən fikirlər vardı. Mənim və AMKF-nin İdarə Heyətinin fikirləri çox vacibdir. Çünki gənclər işi ilə paralel olaraq, karate sahəsinə necə dəstək verəcəyimə, hansı formada hərəkət edəcəyimə qərar verməli idim. Həm də İdarə Heyəti qarşıma qoyulacaq tələbləri müəyyənləşdirməli idi.

- Digər federasiyalarda baş katib, adətən, idarəetmə aparatına cavabdehlik daşıyır. Bu mənada siz daha çox federasiyanın özündə, yoxsa "İrəli"də olursunuz?

- Mən "İrəli"nin qərargahına indi gəlmişəm. Hazırda federasiyada yer baxımından bir qədər qarışıqlıqdır, müəyyən texniki problemlər var. Çalışırıq ki, yeni yer tapaq. Ona görə istəmədim ki, biz orada görüşək. Bura gələnədək federasiyada idim. Demək olar ki, bura yenicə gəlmişəm. Yeni iş prosesi başladığından, çalışıram ki, vaxtımın çox hissəsini federasiyanın müəyyən mövcud problemlərinin həllinə yönəldim. Amma paralel olaraq, gənclər sahəsi mənə çox yaxındır. Burada böyük bir komanda çalışır.

- Federasiyanın problemi deyərkən, yəqin ki, "İnter Arena"da yerləşməsini də nəzərdə tutursunuz. Orada qalmağınız sual altına düşməyib?

- Xeyr, sual altında olan mövzu yoxdur. Ofisimizin orada olması məqsədəuyğundur. Çünki idman zallarımız da orada yerləşir. Zallara yaxın olmaq əhəmiyyətlidir. Məşqçilərin gəliş-gedişi, müəyyən sənədlərin təsdiqlənməsi, razılaşdırılmalar, ezamiyyətlər, idmançılar müəyyən proseslərə cəlb edilməsi, görüşlərin keçirilməsi və s. məsələlər üçün bu cür əlverişlidir.

- Artıq AMKF-yə yeni sponsorun cəlb edildiyini söyləmək olar?

- Bu istiqamətdə işlər gedir. Bir neçə təklif var, onlara baxıb, dəyərləndirmişik. Düşünürəm ki, yaxın günlərdə sponsorla bağlı yekun fikrimiz olacaq. Təklif olunan sponsorlar arasında seçim edib, işə başlayacağıq. Artıq bir neçə təklif var. Onların içində məşhur təşkilatlar da var. Sponsorla bağlı qərarı İdarə Heyəti verəcək. Bunun üçün bir qədər gözləmək lazımdır.

- Adətən, yeni sponsor gələndə federasiya prezidenti də onların nümayəndəsi olur. AMKF-də belə bir şey gözlənilirmi?

- Bu, fərqli yanaşmadır. Federasiyanın öz prezidenti var – Yaşar Bəşirov. O, uzun müddət karate sahəsində çalışan təcrübəli insanlardan biridir. Məşqçilərimiz var, idmançılarımız yüksək səviyyədədirlər. Düşünürəm ki, yeni cəlb olunacaq təşkilat, həqiqətən də, sponsor qismində iştirak edəcək.

- Azərbaycana daha çox medal qazandıran idman növlərindən biri kimi karate artıq olimpiadanın proqramına daxil edilib. Bu səbəbdən, karateyə daha çox diqqət ayrılacağını söyləmək olar?

- Karatenin bir çox növləri mövcuddur. Artıq WKF-ə (Dünya Karate Federasiyası - red.) daxil olan karate növü olimpiadanın proqramına daxil edilib. 2020-ci il Tokio Yay Olimpiya Oyunılarında karateçilərimiz iştirak edə biləcəklər. Həmçinin bu il Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına ciddi hazırlıq prosesinə başlanılıb. Federasiya prezidenti, şəxsən mən məşqlərin təqvim üzrə keçirilməsinə nəzarət edirik. Azərbaycanda karateyə dövlət dəstəyi hər zaman olub. Digər idman növlərində də hansısa problem olanda dərhal aradan qalıdırılıb. Çünki Azərbaycan idman ölkəsidir. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlarla yanaşı, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişik. Bakıda Formula 1 üzrə Qran Pri keçirilməkdədir.

- Baş məşqçi məsələsini necə həll etməyi düşünürsünüz?

- Bu məsələlərin həlli üçün zamana ehtiyac var. Doğru qərar verməliyik. Azərbaycan milli komandasına rəhbərlik etməyi bütün məşqçilər istəyər. Dünyanın istənilən ölkəsində baş məşqçi axtarışına çıxsaq, hər kəs bizim yığmada çalışmağa razı olar. Hətta bu il yarışlarda iştirak edən zaman eşidirdik ki, müəyyən statusa malik məşqçilər Azərbaycanda işləmək arzusundadırlar. Çalışırıq ki, yeni baş məşqçi komandanı daha yaxşı tanıyan, yaxından əlaqələri olan, idmançıların zədələrindən tutmuş, vitaminləşməsinə qədər məlumatlı bir mütəxəssis olsun. Təbii ki, bu cür mütəxəssis tapmaq çətindir. Ona görə də məsələni maksimum dərəcədə sürətləndirməyə çalışırıq. Bu, ən aktual müzakirə mövzularından biridir və ən yaxın zamanda həllini tapacaq.

- Yeni baş məşqçi əcnəbi olacaq?

- Xeyr, əcnəbi olacağını deməzdim. Sadəcə, əcnəbilərdən aldığımız müəyyən təkliflər var. Bilirlər ki, hazırda bizdə baş məşqçi mövcud deyil. Ona görə də namizədliklərini irəli sürürlər. Ancaq biz baş məşqçinin azərbaycanlı olmasında maraqlıyıq. İstəyirik ki, komandanı tanıyan, bizə yaxın biri olsun.

- Axı sabiq baş məşqçi Rəhman Hətəmovun nəticələri normal idi...

- Hətəmov IV İslam Həmrəyliyi Oyunlarınadək yığmanın baş məşqçisi olub. Çox əziyyət çəkib, yaxşı işlər görüb. Digər məşqçilərimiz də bu prosesdə yaxından iştirak ediblər. Hazırda Hətəmov baş məşqçi postunu tutmadığı üçün rahat şəkildə axtarışda olduğumuzu söyləyə bilirik.

- Onunla əməkdaşlığı davam etdirməkdə maraqlı deyilsiniz?

- Hətəmovla əməkdaşlığımız davam edir. O, AMKF-nin vitse-prezidentidir. İdarə Heyətinin üzvü kimi bütün müzakirələrimizdə yaxından iştirak edir. Hər gün ofisdə görüşlərimiz olur. Onun tövsiyələrini, fikirlərini qəbul edirik.

- Əməkdaşlıq deyərəkən, baş məşqçi qismində nəzərdə tuturuq...

- Ola bilər ki, Hətəmovun vitse-prezident qismində fəaliyyəti daha yaxşı dəyərləndirilmiş forma sayılır. Onun öz fikirləri də çox vacibdir.

- Yaxınlarda Fransa paytaxtında keçirilmiş Premyer Liqada və Rusiyanın Soçi şəhərində yeniyetmə və gənclərin Avropa çempionatında iştirak etdiniz. Təəssüratlarınız necədir?

- Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunlarından sonra komanda üzvləri ötən il beynəlxalq yarışlarda iştirak etməyiblər. Bu ilin əvvəlində Xorvatiyada təşkil olunmuş turnirdən medallarla qayıtmışdıq. Daha sonra Parisdəki Premyer Liqaya qatıldıq. Ardınca Soçidəki Avropa çempionatına köklənmişdik. Orada 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazandıq ki, bu da bizim üçün rekord göstəricidir. Sevindirici haldır ki, onların bir çoxunun qitə birinciliyində nəticəsi yox idi. Bu, ümumilikdə komanda işinin nəticəsidir. Başqa yöndə olan yanaşmalara da diqqət edirik. Parisdə böyüklərdən ibarət yığmanın səhvlərinin nələrdən ibarət olduğunu gördük. Onların məşq prosesinə çox ciddi nəzarət edirik. İdmançılar da öz səhvlərini görüblər və məşqçilər tərəfindən lazımı tövsiyyələr verilib. Rafael Ağayev kimi böyük bir idmançımızın öz təcrübəsini, fikirlərini bölüşməsi yığmaya ruh yüksəkliyi verir. Qarşıda “Dubay Open” turniri var. İdmançılarımızın oradan yaxşı nəticələrlə dönəcəklərini düşünürəm.

- Hazırda yığmaya Rafael Ağayev məşq keçir?

- Onun məşq keçdiyini deməzdim. Ağayev özü də idmançı kimi yığmada yer aldığı üçün öz təcrübəsini digərləri ilə bölüşür.

- Məşqlərə kim nəzarət edir?

- Hazırda məşqçilərdən Qurban Tağıyev, Şahin Xudaverdiyev və Anar Allahverdiyev nəzarət edir. Bir çox məşqçilər prosesin necə aparılmasını bilirlər.

- Rafael Ağayevin və digər yerli karateçilərin “Tokio-2020”də uğurlu çıxış etməsi üçün strateji plan hazırlamısınız?

- WKF Ağayevi favorit kimi görür. Azərbaycanda bir çox dünya çempionları mövcuddur. Lakin WKF növü üzrə beşqat dünya çempionu ünvanına yalnız Rafael sahibdir. Ağayevlə bərabər digər karateçilərimizdən də böyük nailiyyətlər gözləyirik. Ayxan Mamayev, Niyazi Əliyev, Şahin Atamov, İlahə Qasımova, Fəridə Abıyeva və digərinə də böyük ümidlər bəsləyirik. Ağayev bu qədər böyük imicə, titula sahib olmasına baxmayaraq, bu gün yığmada məşq edənlər arasında ən məsuliyyətlilərdən biridir. İşinə çox böyük peşəkarlıqla yanaşır. Təbii ki, WKF və digər ölkələrin federasiyaları da bunu görürlər və öz idmançılarını buna uyğun hazırlayırlar. Rəqiblərin əsas qorxularından biri məhz Ağayevdir. Artıq bütün dünyada WKF növünə çox ciddi yanaşırlar və yaxşı idmançılar yetişdirirlər. Hər il yeni qaydalar təsdiqlənir və biz də yaxından tanış oluruq. İngilis və rus dillərində olan vəsaitləri tez bir zamanda Azərbaycan dilinə tərcümə edib, məşqçi və idmançılarımızla bölüşməyə çalışırıq.

- 2020-ci ildə Ağayevin 35 yaşlı olacaq. Bu amil problem yaratmaz ki?

- Parisdə Ağayevlə eyni yaşa və statusa malik karateçilər vardı. Yaşın Rafael üçün problem olduğunu düşünmürəm. Bu amil heç vaxt özünü göstərməyib. Çox sevindirici haldır ki, Azərbaycan belə bir idmançı yetişdirib. Onun müxtəlif ölkələrdə seminarları, imza günləri təşkil olunur. Özü də bunun məsuliyyətini bilir və üzərində hamıdan çox çalışır.

- Parisdəki nəticələr gözləntilərinizdən aşağı olmadı?

- İlk vaxtlarda aşağı olduğunu fikirləşirdik. Fransadan dönəndən sonra bütün reytinq cədvəllərini və reytinq meyarlarını qarşımıza qoyub, idmançıları müqayisə etməyə başladıq. Nəticələrimizin başqa cür olmasını çox istərdik. Lakin “Paris Open”də iştirak edənlərin hamısı say-seçmə idmançılar idi. Orada təsadüfi adam yox idi. İslamiadadan sonra ilk yarışımız idi deyə, nəticələrə görə təəssüflənmirik. Fevralın 14-də start götürəcək “Dubay Open” turnirinə hazırlaşırıq. İdmançılarımızın yarışlardakı çıxışını lentə alıb, onların öz səhvlərini görməyə imkan yaradırıq. Məşqçi və idmançılarımız zəif yerin, boşluğun harada olduğunu görürlər və onu aradan qaldırmaq üçün iş aparırlar.

- Bu il keçiriləcək yeniyetmələr olimpiadasına neçə lisenziya qazanmağı planlaşdırmısınız?

- Hazırda vəsiqə qazanması ehtimal edilən 3-4 karateçimiz var. Avropa çempionatında qızıl medal qazanan legioner idmançımız Polina Gurenko və gümüş medal əldə edən Mədinə Sadıxovanı qeyd edərdim. Həmçinin reytinq cədvəlində göstəriciləri müsbət olan idmançılarımız var. Onların il ərzində verəcəkləri nəticələr çox vacibdir. 

- Burada yaş qrupu 17-dir, yoxsa 18?

- Hazırda Yay Olimpiya Oyunları üçün təlimat mövcud deyil. Fevralın sonunda bəlli olacaq.

- Reytinq xalı əsas götürüləcək?

- Müvafiq yaşda olmaq və reytinq cədvəlində “100-lüy”ə düşmək vacibdir.

- Digər legioner İrina Zaretskanın durumu necədir?

- Hazırda zədəlidir, müalicəsi davam edir, vətəni Ukraynadadır. Məşqlərə qoşulacağı deyilib. Onun qısa vaxtda komandaya qoşulacağını düşünürəm.

- Əlavə legionerlərin cəlb edilməsi gözlənilir?

- Xeyr, gündəmdə deyil. Hazırda Azərbaycanın yeniyetmələr, gənclər və böyüklərdən ibarət yığmalarında yetərincə potensiallı idmançılar var. Kənardan hansısa idmançının gəlib, nəticə verəcəyini düşünmürük. Komandanın ruh halı, psixoloji durumu çox vacibdir. Yeni gələcək karateçinin uyğunlaşma prosesi və digər məsələlər var. Ümumiyyətlə, bu mövzu bizim üçün maraqlı deyil. Öz idmançılarımız daha yaxşı nəticələr göstərə bilərlər. Bəzən elə olur ki, nailiyyət gözləmədiyini biri uğur qazanır. İmdançının özündən, yarışda ürəklə döyüşməsindən çox şey asılıdır.

- Azərbaycanda karatenin müxtəlif növləri üzrə federasiyalar var. Bunu problem olaraq qiymətləndirirlər. Hətta bir ara Gənclər və İdman Nazirliyi də bu məsələyə qarışdı. Problemin həlli yolunu nədə görürsünüz? Onların vahid bir federasiyada cəmləşməsi mümkündür?

- Bunu çox ciddi müzakirə etdik. Nizamnaməmizə uyğun olaraq deyə bilərəm ki, AMKF digər federasiyanın nəzdində təmsil oluna bilməz. Əks halda, WKF-in Nizamnaməsinə qarşı çıxmış oluruq. O zaman WKF AMKF-ni tanımaz. Gələcəkdə karatenin digər federasiyalarının özləri təşəbbüs göstərsələr, AMKF buna hər zaman açıdqdır. Azərbaycanda karate üzrə müxtəlif federasiya və klubların olması bu günün işi deyil. Daha əvvəl başlamış bir prosesdir. Daha çox klubun olması pis siyasət deyil. Sabah bir klub təsis etsəniz, Azərbaycanın 50 – 60 vətəndaşı ora gələcək, idmanla məşqğul olub, sağlam həyat tərzi sürəcək. Klubların çoxluğu bizim üçün problem deyil. Onlardan təşəbbüslər var, federasiya ilə işləməyə çalışırlar. AMKF-nin planında regional şöbələrimizin daha da aktivləşməsi var. Bu yöndə müəyyən görüşlərimiz nəzərdə tutulub. Regionlara səfər edib, daxili monitorinq aparmaq istəyirik.

- Yəni digər federasiyalar AMFK-ə birləşə bilərlər?

- Ən yaxşı halda belə ola bilər. Nizamnamə bunu tələb edir. Olimpiya idman növü sayılan WKF üzrə AMKF varsa, niyə başqa federasiya ilə birləşdirməliyik? Gücü bir yera toplamaq, bir amal uğrunda çalışmaq daha doğru olardı. Valideynlər federasiyaya gələrək, bizimlə müzakirələr aparırlar, uşaqlarını karatenin hansı növünə yönləndirməyin daha yaxşı olacağını soruşurlar. Bu, böyük stimuldur ki, uşaq olimpiya idman növü olan istiqamət üzrə hərəkət etsin. Təbii ki, hər kəsin öz seçimi var. Digər növləri də seçə bilərlər. Lakin insanlar qərar verən zaman WKF növününYay Olimpiya Oyununlarının proqramına daxil edilməsini nəzərə alacaq. Kim istəməz ki, olimpiya çempionu olsun?

- WKF-in Yay Olimpiya Oyununlarının proqramına daxil edilməsi digər növlərin sıradan çıxmasına gətirib çıxarmayacaq?

- WKF-in olimpia növü kimi qəbul edilməsi karatedə atılmış ən böyük addımdır. Bu, ən böyük uğur sayıla bilər. Hazırda WKF-ə Antonio Espinoz başçılıq edir. Karatenin olimpiadanın proqramına daxil edilməsində Azərbaycanın da böyük rolu olub. Karatenin I Avropa Oyunlarının proqramına salınması, IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz uğurlar bu idman növünün daha çox tanınmasına imkan yaradıb. Avropa Oyunlarından sonra Antonio Espinoz belə bir təşəbbüslə çıxış etmişdi və Beynəlxalq Olimpiya Komitəsi də bunu təsdiqləmişdi. Karatenin olimpiya növü olması həm bizim, həm də digər federasiyaların üzərinə böyük məsuliyyət qoyur. Burada qaydalar, tələblər və qarşıya qoyulan məqsədlər fərqlidir. Biz də komanda olaraq, çox güclü hazırlaşırıq. İrəlidə Yeniyetmələrin Yay Olimpiya Oyunları var. Həmçinin, ulu öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı kubok yarışı, “Open Baku” təşkil etməyi planlaşdırırıq. İşlərimiz çoxdur. AMKF tərəfindən əmin edirəm ki, hər kəs səfərbərdir. Hamımız maksimum nəticə qazanmağa çalışırıq.

- AMKF-də çalışmağınız “İrəli”dəki fəaliyyətinizə təsir etməyəcək?

- Xeyr. Hazırda “İrəli”nin İdarə Heyətinin sədriyəm, 10 ildən çoxdur gənclər siyasəti ilə məşğulam. Artıq “İrəli”nin formalaşmış bir komandası var və istənilən işin, layihənin öhdəsindən gələ bilir. İdman sahəsinə də yönələ bilməyim mənim üçün çox yaxşıdır. Düşünürəm ki, burada çalışmağım yaxşı olacaq. Azərbaycanın gənclər və idman siyasəti, demək olar ki, eynidir. Bizdə Gənclər və İdman Nazirliyi var, yaxınlarda Prezident Adminstrasiyasında Gənclər məsələləri və idman şöbəsi yaradılıb, Milli Məclisdə gənclər komitəsi fəaliyyət göstərir. Düşünmürəm ki, karate hansısa formada məni gənclər siyəsətindən kənarda qoya və ya işimi ləngidə bilər.

Son xəbərlər

Orphus sistemi