Millinin sabiq baş məşqçisi: “2023-cü il Azərbaycan güləşi üçün uğurlu alındı”

Millinin sabiq baş məşqçisi: “2023-cü il Azərbaycan güləşi üçün uğurlu alındı” “2023-cü il Azərbaycan güləşi üçün uğurlu alındı”.
Fərdi
25 Dekabr , 2023 15:20
Millinin sabiq baş məşqçisi: “2023-cü il Azərbaycan güləşi üçün uğurlu alındı”

“2023-cü il Azərbaycan güləşi üçün uğurlu alındı”.

Bunu “Report”a açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elçin Cəfərov deyib.

64 yaşlı mütəxəssisin fikrincə, il ərzində güləş üzrə yığma komandalarımız mötəbər yarışlarda uğurlu çıxışla diqqət çəkiblər: “Həm yeniyetmələr, həm gənclər, həm də böyüklər qatıldıqları beynəlxalq yarışlarda yaxşı nəticələr qazanıblar.

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” bu ay keçirilən Azərbaycan çempionatındakı mübarizədən də razılıq bildirib: “Bəzi çəkilərdə komandaların liderləri çıxış etmirdilər. Bu da məşqçilər korpusunun göstərişi ilə bağlıdır. Ancaq ümumilikdə çox yaxşı çempionat keçdi. Əsas maraqlı məqam mükafatçılar sırasına düşənlər arasında gənclərin çoxluq təşkil etmələri oldu. Bu, Azərbaycan güləşinin yüksək səviyyədə olduğunu göstərir. Güləşimizin inkişafı istiqamətində işlərimizi davam etdirəcəyik. 2028-ci ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarında ölkəmizi bugünkü perspektivli gənclər təmsil edəcəklər. Təbii ki, öz üzərlərində işləsələr, məsuliyyətlərini dərk etsələr, gələcəkdə mötəbər yarışlarda da medallar qazanacaqlar”.

O, Azərbaycan millilərinin heç də bütün üzvlərinin ölkə çempionatına qatılmadıqlarını vurğulayıb: “Onlar bu il çox sayda yarışda iştirak ediblər. Çempionatda iştirak etməmələrinin də müxtəlif səbəbləri var. Bəzilərinin zədəsi var, bəziləri yanvarın ortalarında təşkil olunacaq beynəlxalq turnirə hazırlaşırlar”.

“Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə təltif olunan Elçin Cəfərov Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı gözləntilərini də açıqlayıb: “Olimpiada ilə bağlı proqnoz vermək düzgün olmaz. Hələ 7-8 ay vaxt var. Bu müddətdə çox dəyişiklik ola bilər. Lisenziya alacaq idmançıların hamısından medal gözləyəcəyik. İstər Azərbaycan Güləş Federasiyası, istərsə də Gənclər və İdman Nazirliyi bunun üçün güləşçilərə əllərindən gələn köməyi edirlər, bütün problemlərini vaxtında həll edirlər. Bu diqqət və qayğının qarşılığı da uğurlu nəticələr olmalıdır”.

Son xəbərlər

Orphus sistemi