Yuxarı

​Milli Olimpiya Komitəsində Sadıq Sadıqovun yubileyi qeyd olunub - FOTO

Tədbirə idman ictimaiyyətinin nümayəndələri qatılıblar

Bakı. 17 noyabr. REPORT.AZ/ Milli Olimpiya Komitəsində (MOK) qurumun İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti və "Neftçi" İdman Klubu İctimai Birliyinin sədri Sadıq Sadıqovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib. "Report"un məlumatına görə, tədbirə idman ictimaiyyətinin nümayəndələri - tanınmış idmançılar və mütəxəssislər qatılıblar.

Çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yubilyarın və rəhbərlik etdiyi klubun ölkənin idman həyatında, eləcə də olimpiya hərəkatındakı xidmətlərindən danışıb.

O bildirib ki, hələ sovet dövründən fəaliyyət göstərən klub idmanın inkişafına böyük dəstək verib. MOK rəsmisinin fikrincə, idman nailiyyətlərinin böyük hissəsi "Neftçi"nin hesabına olub, bu klub olimpiya, dünya və Avropa çempionları yetişdirib.

MOK-un digər vitse-prezidenti Xəzər İsayev, baş katib Ağacan Abiyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, beynəlxalq dərəcəli güləş hakimi Hicran Şərifov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, olimpiya çempionu Namiq Abdullayev, cüdo üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağayar Axundzadə "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev S.Sadıqovu peşəkar, hamı ilə dil tapmağı bacaran idarəçi kimi dəyərləndiriblər. Onlar yubilyarın hələ "Neftçi" futbol klubunun prezidenti olduğu vaxt 3 dəfə ölkə çempionluğu, 2 dəfə kubok, eləcə də Avropa Liqasının qrup mərhələsinə vəsiqə sevinci yaşadığını bildiriblər. Natiqlər öz xatirələrini bölüşüb, onu təbrik edərək, uzun ömür, fəaliyyətində uğurlar arzulayıblar.

Sonda S.Sadıqova MOK və idman ictimaiyyətinin hədiyyələri təqdim olunub. Öz növbəsində, yubilyar yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib, bundan sonra da ölkə idmanının uğurları naminə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi