Milli Olimpiya Komitəsində karateçilərlə görüş keçirilib

Milli Olimpiya Komitəsində karateçilərlə görüş keçirilib "Olimpiadada da uğurlu nəticələr olmuşdu. Dünya çempionatı isə karatenin inkişaf etdiyini bir daha nümayiş etdirdi".
Fərdi
2 Dekabr , 2021 15:27
Milli Olimpiya Komitəsində karateçilərlə görüş keçirilib

"Olimpiadada da uğurlu nəticələr olmuşdu. Dünya çempionatı isə karatenin inkişaf etdiyini bir daha nümayiş etdirdi".

"Report"un məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında uğurla çıxış etmiş karateçilərlə görüşü zamanı deyib.

O bildirib ki, son 2-3 il Azərbaycan üçün uğurlu olub: "Vətən müharibəsində qalib gələn Azərbaycan xalqı idmançılarının da nailiyyətləri ilə dünyada güclü olduğunu sübut edir".

Hüseynzadə olimpiadada idmançıların bəxt üzündən qızıl medal qazana bilmədiklərini söyləyib. Onun fikrincə, finala çıxmağın özü böyük uğurdur: "Rio-2016-da 8 finalımız var idi, cəmi 1 qızıl medal qazandıq".

MOK rəsmisi onu da bildirib ki, olimpiadada qızıl medal qazana bilməyənlərdən bəziləri dünya çempionu olmaqla ən güclü olduqlarını sübuta yetiriblər.

O, karatenin 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramında qalacağının bilinmədiyini deyib: "Los-Anceles-2028-də ola bilər. Avropa Oyunlarının proqramında isə qalır".

Tədbirdə iştirak edən Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov olimpiadada 3 karateçiyə 2 medal qazandıqlarını, bunlardan qızıl medalın olmamasına təəssüfləndiyini söyləyib. O, dünya çempionatında 105 ölkə arasında göstərdikləri nəticəni çox uğurlu hesab edib. Bəşirov Rafael Ağayevin karyerasına davam edəcəyinə ümidvar olduğunu vurğulayıb: "Gürcüstan təmsilçisinin 37 yaşında dünya çempionu olduğunu nəzərə alsaq, Ağayevin də karyerasına davam edəcəyini güman etmək olar".

İrina Zaretskanın bu il Avropa çempionu da olduğunu xatırladan Bəşirov onun ikinci dəfə dünya çempionluğunu qazandığını diqqətə çatdırıb: "Bu, qadınlar arasında da karatedə güclü olduğumuzu göstərir. Asiman Qurbanlı Minsk-2019 II Avropa Oyunlarında qızıl medal qazanmışdı. Bu dəfə bürünc medal əldə etdi. Nəticəni uğurlu saymaq olar".

Funksioner Milli Olimpiya Komitəsi səviyyəsində karateyə diqqət olduğunu qeyd edib: "Ötən gün nazir qəbul etmişdi, bu gün isə siz qəbul etdiniz. Diqqətinizə görə sağ olun".

Rafael Ağayev opuğundakı çat üzündən cəmi bir həftə məşq etdikdən sonra dünya çempionatına yollandığını xatırladıb. O, hakimlərin qərarı ilə uduzduğunu, bununla belə, komanda yarışında bürünc medal qazandıqlarınını vurğulayıb. Ağayev əməyi keçən məşqçilərə təşəkkürünü bildirib, İrina Zaretskanı ikiqat dünya çempionluğu münasibətilə təbrik edib.

Zaretska isə ölkədə nəzərəçarpacaq uğurlara imza atmasından sevindiyini bildirdi.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi