Milli Gimnastika Arenasında ilin ilk yarışı - REPORTAJ

Milli Gimnastika Arenasında ilin ilk yarışı - REPORTAJ Milli Gimnastika Arenası həftəsonu keçiriləcək ilin ilk beynəlxalq yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna hazırdır.
Fərdi
14 Fevral , 2020 16:00
Milli Gimnastika Arenasında ilin ilk yarışı - REPORTAJ
Report / Sultana Ahmadbayli

Milli Gimnastika Arenası həftəsonu keçiriləcək ilin ilk beynəlxalq yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna hazırdır.

“Report”un məlumatına görə, fevralın 15-də start götürəcək yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

İki gün davam edəcək Dünya Kubokunda Azərbaycanı Selcan Mahsudova batut, Fərid Mustafayev isə tamblinq növündə təmsil edəcək. Mahsudova "Report"a açıqlamasında yarışa hazırlığın yaxşı keçdiyini söyləyib. Mahsudova Dünya Kubokundakı hədəflərindən də danışıb: "Əsas məqsədim odur ki, "15-liy"ə düşə bilim. Çünki burada hamı güclü idmançılardır. Olimpiya, Avropa və dünya çempionları da gəlib. "15-liy"ə düşə bilsəm, mənim üçün ən yaxşı nəticə olar. Çünki onların arasında mən də özümü güclü hiss edə bilərəm. Finala vəsiqə qazanacağıma əmin deyiləm, amma çalışacağam. Hərəkətlərim güclüdür, şansım da var. Amma gərək hündürlüyüm də yaxşı olsun".

Gimnast medal qazanma ehtimalının az olduğunu da etiraf edib: "Medal qazanma şansım çox çətin - 30 faizdir".

Fərid Mustafayev
Fərid Mustafayev

Mustafayev də hazırlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. "Bəzi çətinliklər var. Çünki bu, böyüklərin yarışıdır. Hərəkətləri çətinləşir. Əsas məqsədim finala vəsiqə qazanmaqdır. Ondan sonra isə yaxşı çıxış etmək niyyətdindəyəm. Ola bilər ki, yaxşı yerlərdən birini mən tutdum. Medal üçün isə danışmaq tezdir. Çox güclü idmançılar gəlib. Amma mən də medal qazana bilərəm".

Dünya Kubokunda 30 ölkənin 150-dək gimnastı mübarizə aparacaq. Azərbaycan, Avstraliya, Avstriya Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Kanada, Kolumbiya, Çin, Danimarka, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, İspaniya, İsveç, İrlandiya, Niderland, Yaponiya, Qazaxıstan, Meksika, Yeni Zelandiya, Polşa, Portuqaliya, Rusiya, Ukrayna və Özbəkistandan olan iştirakçılar arasında olimpiya mükafatçıları da var.

Bunlar kanadalı Rozanna Maklennan çinli Donq Donq və Qao Ley, britaniyalı Briyoni Peyc və rusiyalı Dmitri Uşakovdur. Yarışın ilk günündə təsnifat, ikinci günü isə final mərhələləri keçiriləcək.

2015-ci ildə Danimarkanın Odense şəhərindəki dünya çempionatında tamblinq növündə qızıl medal qazanmış Andrey Yudin qarşıdakı yarışla bağlı təəssüratlarını bölüşüb. 24 yaşlı idmançı bildirib ki, bu, onların Bakıya ilk səfərləri deyil: "Yenidən bura gəlmək çox xoşdur. Azərbaycana tez-tez gəldiyimiz üçün buranı öz evimiz kimi hiss edirik. Təşkilatçılıq həmişəki kimi ən yüksək səviyyədədir və qonaqpərvərlikdən razıyıq, çox sevinirik. Hədəflər dəyişilməzdir: Hər zaman ən yüksək nəticə qazanmağa çalışırıq. Əlimizdən gələni edəcəyik. Əsas rəqiblərimiz Çin, Belarus, Yaponiya və Yeni Zelandiya idmançılarıdır. Turnirdə yaxşı mübarizə apara biləcək kifayət qədər layiqli gimnastlar var. Kimin güclü olduğunu yarış göstərəcək".

Yudin hələlik Bakını gəzmək fürsətlərinin olmadığını söyləyib: "Bakıya yenicə - 2 saat öncə gəlmişik. Bilirik ki, burada çoxlu sayda tarixi abidə var. Tezliklə həmin yerləri gəzməyə gedəcəyik. Belə gözəl şəhərin küçələrini gəzmək bizim üçün hər zaman xoş olub".

Rusiya yığmasının tamblinq növündə digər üzvü Dmitri Uşakov Dünya Kubokunun ilin ilk vacib yarışı olduğunu vurğulayıb. Bakı-2015 I Avropa Oyunlarında iki qızıl medal əldə etmiş sabiq dünya və Avropa çempionu bildirib ki, yarış olimpiadaya lisenziya xarakterli turnir olduğundan, bütün idmançılar bura yaxşı formada gəliblər: "Hamı öz bacarıqlarını göstərməyə çalışacaq. Lisenziyaların çoxu sahibini tapsa da, nələrisə dəyişmək üçün variantlar var. Hər bir idmançı bütün gücünü ortaya qoyub, lisenziya əldə etmək üçün mübarizə aparacaq”.

Uşakov Bakıdakı gimnastika fanatları barədə də fikirlərini bölüşüb: "Azarkeş amilinə hərə bir cür yanaşır. Şəxsən mən dolu tribunalar qarşısında çıxış etməyi sevirəm. Publika idmançını dəstəkləyəndə arenada əsl bayram ab-havası yaranır. Boş tribunalar qarşısında mübarizə aparmaq mənim üçün mənasızdır.

Gimnast "Rusiya telekanallarından yarışı canlı yayımlayan olacaqmı" sualına belə cavab verib: "Bəli, canlı yayım olacaq. Bu, məsuliyyətimi bir az da artırır. Evdəkilərin məni izləməsi xoşdur. Rusiyada Azərbaycan kanalları göstərmədiyi üçün doğmalarım çıxışıma yerli telekanal vasitəsilə baxacaqlar. Bütün idmançılara uğurlar arzulayıram. Qoy, kim güclüdürsə, o da qalib gəlsin".

Meksikalı qadın tamblinqçi Dafne Navarro Milli Gimnastika Arenasını çox bəyəndiyini söyləyib: "Mənim burada ilk günümdür. Buna baxmayaraq, özümü əla hiss edirəm. Şəhəriniz və insanlarınız möhtəşəmdir. Yarışda ilk növbədə, finala vəsiqə qazanmaq niyyətindəyəm".

Qeyd edək ki, Dünya Kuboku üçün biletləri arenanın kassasından, həmçinin onlayn https://ticketing.mga.az/ saytından əldə etmək mümkündür. Təsnifat günü üçün biletlərin qiyməti 10 manat, final gününə 15 manat təşkil edir. Ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da olimpiadaya təsnifat xarakterli olub. 2021-ci ildə isə Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi