Mahir Məmmədov: "Şəhriyar Məmmədyarovun bu qələbəsi onun tam qayıdışıdır"

Mahir Məmmədov: "Şəhriyar Məmmədyarovun bu qələbəsi onun tam qayıdışıdır" "Ən sevindirici hal odur ki, dünya şahmatında əyani yarışlar bərpa olunmağa başlayıb. Dünya şahmatı yenidən öz keçmiş formatında dirilib. İkinci sevindirici hal Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun bu yarışda iştirak etməsi, sonra Məmmədyarovun qalib
Fərdi
14 İyun , 2021 18:39
Mahir Məmmədov: Şəhriyar Məmmədyarovun bu qələbəsi onun tam qayıdışıdır
Mahir Məmmədov

"Ən sevindirici hal odur ki, dünya şahmatında əyani yarışlar bərpa olunmağa başlayıb. Dünya şahmatı yenidən öz keçmiş formatında dirilib. İkinci sevindirici hal Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun bu yarışda iştirak etməsi, sonra Məmmədyarovun qalib olmasıdır".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Şəhriyar Məmmədyarovun Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olması barədə danışarkən deyib.

O, Azərbaycan təmsilçisinin öz oyun üslubunda çıxış etdiyini bildirib: "Şəhriyar sonuncu partiyanı çıxmaq şərti ilə, hər partiyada qətiyyətlə və sonadək mübarizə apardı. O, özünəxas və maraqlı oyun tərzi nümayiş etdirərək qalib gəldi".

Məmmədov pandemiya üzündən dünya şahmatında 1,5 ilədək onlayn yarışların təşkil edildiyini xatırladıb: "Özü ilə söhbətdə mənə aşkar oldu ki, Şəhriyar onlayn yarışları xoşlamır, bu format ona uyğun gəlmir. Sadəcə, maddi nöqteyi-nəzərdən müxtəlif yarışlarda çıxış edirdi. İstərdim ki, Məmmədyarov ilin əvvəlində Veyk-an-Zeye şəhərindəki turnirə getsin. Bu, uzun müddətdən sonra ilk əyani yarış idi. Ancaq gedə bilmədi, çünki təşkilatçıların turnir iştirakçıları üçün tələbləri həddindən artıq sərt idi. Karantində qalmaq və hotel otağından kənara çıxmamaq lazım idi. Müəyyən xərcləri də ödəmirdilər. Çox ağır maliyyə şərtləri olduğundan, dəvət alsa da, yarışa getmədi. Ancaq gördüyünüz kimi, Şəhriyarın oyun tonusu heç yerə getməyib və ustalığı yerindədir. Şadam ki, o qalib gəldi".

Federasiya rəsminin fikrincə, Məmmədyarovun FIDE reytinqində 2782,4 xalla hazırda 5-ci sırada olması təəccüblü və ilk dəfə deyil: "Şəhriyar əvvəllər - 2017-ci ilin aprel reytinqində 2820 xalla üçüncü pillədə də qərarlaşıb. O, Azərbaycan təmsilçiləri sırasında ən yüksək reytinqə çatan şahmatçıdır. Rumıniyadakı yarışda da öz yüksək səviyyəsini göstərdi. Teymur Rəcəbovun qayıdışı 2-3 əvvəl baş verdi və bunun nəticəsi kimi Dünya Kubokunu qazandı. Ardınca isə bir neçə mötəbər turnirlərdə qalib oldu. Hazırkı qələbəsi Məmmədyarovun tam qayıdışı deməkdir. Onun barəsində onlayn turnirlərdə pis oynadığı üçün bəzi xoşagəlməz fikirlər də var idi".

FIDE rəsmisi bu yarışın qalibi olmağın İddiaçılar Turnirində iştiraka təsir etmədiyini sözlərinə əlavə edib: "Əfsuslar olsun ki, yarışın İddiaçılar Turniri ilə heç bir kəsişmə nöqtəsi yoxdur. Yenə deyirəm əfsuslar olsun. Çünki bu, mötəbər yarışdır. Təşkilatçılar FIDE deyil, özlərinin maliyyə mənbəyi var. Təəssüf ki, yarış İddiaçılar Turnirində iştiraka imkan vermir. Bilirsiniz ki, bizim səyimiz nəticəsində Teymur Rəcəbov 2022-ci ildəki İddiaçılar Turnirinə ilk vəsiqəni əldə edib. Ancaq Şəhriyarın orada çıxış etməsi FIDE qaydalarına əsasən, Dünya Kubokundan, "Grand Swiss" turnirindən və ya Qran-pri yarışından əldə edilməlidir. Bu üç yarışdan birinin vasitəsilə vəsiqə qazana bilər".

Məmmədov deyib ki, dünya şahmat tacı uğrunda uduzan şahmatçı və bu 3 turnirin hər birindən iki şəxs İddiaçılar Turnirində iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi