Mahir Məmmədov: "Ermənistan şahmatçılarının Bakıdakı Olimpiadaya qatılmaması üçün heç bir səbəb yoxdur"

Mahir Məmmədov: "Ermənistan şahmatçılarının Bakıdakı Olimpiadaya qatılmaması üçün heç bir səbəb yoxdur" "Bir nömrəli meydançalar, bir nömrəli otellər olacaq"
Fərdi
19 Fevral , 2016 15:29
Mahir Məmmədov: Ermənistan şahmatçılarının Bakıdakı Olimpiadaya qatılmaması üçün heç bir səbəb yoxdur

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü və "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədovun "Report"a müsahibəsi

- Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının vaxtının dəyişdirilməsinə səbəb nə oldu?

- Azərbaycanda 17-30 sentyabrda digər vacib tədbirlər keçirilə bilər. Biz hər ehtimala qarşı tarix üst-üstə düşməsin deyə ehtiyatlılıq edib Olimpiadanı 1-14 sentyabra dəyişdirdik. 

- Söhbət 15 sentyabr - Bilik günü ilə bağlı tədbirdən gedir, yoxsa başqa tədbirlər də gözlənilir? 

- Azərbaycanda başqa tədbir də ola bilər. Bizdə məlumat vardı ki, digər tədbirlər planlaşdırılır. Dəqiqləşdirmək istəmirəm. Ona görə ki, bu ehtimalı aradan qaldırdıq. Digər tərəfdən, çalışdıq ki, məktəb mövsümü başlayana qədər Olimpiada start götürsün və yekunlaşsın. Məktəb mövsümi problem yaradır.

- Olimpiadada Ermənistan yığmasının iştirakı dəqiqləşib? 

- Ermənistan yığmasının Olimpiadada iştirak edib-etməyəcəyi barədə heç bir məlumatımız yoxdur. Bizdə olan məlumata görə, onların iştirak etməmələrinə elə bir səbəb yoxdur.

- Bu Olimpiada əvvəlkilərdən nə ilə fərqlənəcək? 

- Onunla fərqlənəcək ki, şəhərin ən gözəl yerlərində, ən gözəl otellərində, ən gözəl meydançalarında olacaq. Bir nömrəli meydançalar, bir nömrəli otellər olacaq. Açılış və bağlanış mərasimləri, Beynəlxalq Şahmat Federasiyasının Konqresi üçün arena tələb olunur. 

- Həmin məkanlar müəyyənləşib? 

- Bəli müəyyənləşib. Yarışlar Bakı Kristal Zalında, Konqres "Fairmont" otelində olacaq. Açılış və Bağlanış mərasimlərinin məkanı isə müəyyənləşmə ərəfəsindədir.

- Vüqar Həşimovun xatirə turniri bu il keçiriləcək? 

- Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi, Olimpiadanın Təşkilat Komitəsi, iki il dalbadal keçirilmiş yarışın təşkilatçıları əllərindən gələni edirlər ki, yarış keçirilsin.

- Yəqin ki, əsas məsələ maliyyə ilə bağlıdır... 

- Təbii ki... Yoxsa Azərbaycanda Vüqar Həşimovun xatirəsini yüksək tutmayan adam var? Ehtimal var ki, məsələ müsbət həll olunacaq. Həll olunsa, turnir yenə Şəmkirdə təşkil olunacaq. Başqa məkan axtarışında deyilik.

- Kişilərdən ibarət yığma komandanın kapitanının kim olacağı dəqiqləşib?

- Düşünürəm ki, gələn həftə bu barədə məlumat verəcəyik. Hazırda Aleksandr Xalifmanla əməkdaşlıq davam edir. Yaxın günlərdə onun Bakıya gəlişi gözlənilir. Oturub ilin sonunadək əməkdaşlığı müzakirə edəcəyik.

- Olimpiadada yığmanın kapitanı o ola bilər? 

- Hazırda odur.

- Martda AFFA-nın Hesabat Seçki Konfransı olacaq. Namizədliyinizin yenidən irəli sürüləcəyi gözlənilir? 

- Bu barədə Konfransa bir neçə gün qalmış cavab verərəm. Hələ ki, bilmirəm.

- Növbəti müddətə seçiləcək AFFA İcraiyyə Komitəsindən nə gözləyirsiniz? 

- Azərbaycan futbolunun növbəti müddətə də daha yüksək səviyyədə inkişafını, düzgün seçilmiş rəhbərlik, futbolumuzun son zamanlar artan nüfuzunu, gücünü davam etdirməsini gözləyirəm.

- Bir üzv olaraq İcraiyyə Komitəsinin ötən müddətdəki fəaliyyəti sizi qane etdimi? 

- Hər bir qərara hörmətlə yanaşıram. Əfsuslar olsun ki, Ələkbər Məmmədov dünyasını dəyişdi. Təbii səbəbdən onu itirdik və yerinə başqası gəldi. Mən bütün üzvlərə hörmətlə yanaşıram və bilmirəm yenidən seçiləcəyəmmi, namizədliyim irəli sürüləcəkmi? Yenə deyirəm, bunu Konfransa 2-3 gün qalmış deyə bilərəm.

- Bəs futbol ictimaiyyətində hazırkı AFFA prezidentinə alternativ görürsünüz? 

- Şəxsən mən görmürəm, ancaq bütün futbol ictimaiyyətinə cavabdeh deyiləm.

- Söz-söhbətlər vardı ki, ola bilər ki, Elşad Nəsirovun namizədliyi verilsin... 

- Mən bunun üçün əsas görmürəm. Elşad Nəsirov vitse-prezident kimi öz işini aparır. Gələcəkdə seçilib-seçilməyəcəyini bilmirəm.

- Gürcüstan Futbol Federasiyasına baş sponsorluq müqaviləsinin uzadılması gündəmdədir?

- Hələlik bu məsələ gündəmimizdə deyil. Düşünürük ki, Gürcüstanda futbol dövlətin köməyilə də inkişaf edə bilər.  

Son xəbərlər

Orphus sistemi