Yuxarı

​Mahir Məmmədov: "Ermənistan şahmaçtılarının gəlməyəcəyini eşitmək bizim üçün gözlənilməz oldu" - MÜSAHİBƏ

Bakı Şahmat Olimpiadasında iştirak etməyəcəklərsə, bu, onların məsuliyyətidir

Bakı. 3 avqust. REPORT.AZ/ Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov komitənin mətbuat xidmətinin suallarını cavablandırıb. "Report" M.Məmmədovun müsahibəsini təqdim edir...

- Bakı Şahmat Olimpiadasının başlanmasına az vaxt qalır. Mötəbər yarışa hazırlıq işləri hansı mərhələdədir?

- Bakı Şahmat Olimpiadasına hazırlıq işlərini ölkə prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılan Təşkilat Komitəsi həyata keçirir. Təşkilat Komitəsinə Baş nazirin I müavini Yaqub Eyyubov rəhbərlik edir. Təşkilat Komitəsinin nəzdində fəaliyyət göstərən Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi hazırda gərgin iş prosesindədir. Komitə həm beynəlxalq şahmat qurumları ilə, iştirakçı ölkələrlə əlaqə saxlayır, həm də ölkə daxilində yarışın keçirilməsinə aiddiyyatı olan təşkilatlarla birgə çalışır. Əməliyyat Komitəsinin əsas ofisi ötən il ilk Avropa Oyunlarının yerləşdiyi binadadır. Digər ofisimiz Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında yerləşir. Orada yarışın keçirilməsi ilə əlaqədar xüsusi komanda işləyir.

- Bakı Şahmat Olimpiadasında neçə ölkənin iştirak gözlənilir?

- FİDE (Beynəlxalq Şahmat Federasiyası - red.) hər zaman olimpiadalarda iştirakçı ölkələrin sayının artmasına - rekord olmasına çalışır. Bizim olimpiadada rekord rəqəm əldə olunacaq. Bundan əvvəlki Norveçdə keçirilən olimpiadada 172 ölkə iştirak edib. Bakıda 180 ölkə təmsil olunacaq. Qeydiyyat davam edir, ona görə də ölkələrin sayının artması mümkündür. FİDE-nin 189 üzvü var. Faktiki biz maksimum saya nail olmağa yaxınlaşırıq. Bakıdakı olimpiada iştirakçı ölkələrin sayına görə yeni rekorda imza atacaq.

- Olimpiadanın açılış mərasimində tamaşaçıları hansı sürprizlər gözləyir?

- Olimpiadanın açılış və bağlanış mərasimlərinə hazırlıq davam edir. Bağlanış adətən texniki xarakter daşıyır. Açılışda isə təşkilatçı ölkənin tarixi, idmana bağlılığı, olimpiada barədə müəyyən məqamlar nümayiş olunacaq. Hazırda ssenari üzərində iş gedir. Mərasim Milli Gimnastika Arenasında olacaq. Açılış mərasimində 2500-2600 tamaşaçının iştirakı gözlənilir. Bütün incəlikləri söyləmək istəməzdim, çünki açılış mərasimi canlı yayımlanacaq. Tamaşaçıları intizarda saxlamaq daha maraqlı olardı. Əmin ola bilərsiniz ki, maraqlı bir açılış olacaq. Burada Azərbaycanın şahmata bağlılığı, ölkəmizin qədim tarixi və digər məqamlar göstəriləcək.

- Olimpiadada çoxlu sayda əcnəbi qonaqlar, o cümlədən şahmatçılar Bakıya gələcək. Onların viza məsələsi necə həll olunur?

- Hazırda ən vacib iş vizaların alınmasının sürətlənməsidir. Ölkə prezidentinin sərəncamı əsasında olimpiadaya gələcək şahmatçıların viza almaq prosesi müəyyənləşdirilib. Hər bir ölkədən gələcək iştirakçıların adı dəqiqləşir. Bütün şahmatçıların və qonaqların viza almasını sürətləndiririk. Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidmətinin köməkliyi ilə şahmatçıların yerində viza almasına nail oluruq. Olimpiadada iştirak edəcək komandalar Bakıya eyni vaxtda gələcək. Əgər viza hava limanında alınacaqsa, bu, onların gömrük nəzarətini keçməsini ləngidəcək. Ona görə həmin prosesə əvvəlcədən hazırlaşırıq. İstərdik ki, vizalar əvvəlcədən alınsın və şahmatçılar hava limanında artıq vaxt itirməsin.

-Yarış zamanı nəqliyyat, təhlükəsizlik məsələsi necə tənzimlənəcək?

- Şahmatçılar oteldən Bakı Kristal Zalına rahat yola salınacaq. Bununla bağlı nəqliyyatın hərəkətinin müəyyən məşqi keçirilir. Təhlükəsizlik xidməti ilə bağlı şirkət müəyyənləşib. Şirkət hazırda əməkdaşların təlimi ilə məşğuldur. Yarış zalı və paralel tədbirlərin olacağı məkanlarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması üçün iş aparılır. Eyni zamanda şəhərdə bayram əhval-ruhiyyəsini yaratmaq məqsədi ilə Olimpiadaya aid məkanlarda lazımi bannerlər yerləşdiriləcək. Olimpiadaya yaxın məkanda müəyyən tədbirlərimiz olacaq. 14 otellə əməkdaşlıq edəcəyik. 2500-ə yaxın şahmatçı və hakimlər bu otellərdə məskunlaşacaq. Hər bir mehmanxanada nümayəndəmiz çalışacaq. Olimpiada müddətində qaynar xətt fəaliyyət göstərəcək. İstənilən sualla əlaqədar qonaqlar bu nömrəyə zəng vura biləcək.

- Ermənistan mətbuatında bu ölkənin şahmatçılarının olimpiadada iştirak etməyəcəyi barədə xəbər yayılıb. Bu barədə Əməliyyat Komitəsinə rəsmi müraciət göndərilib?

- Ermənistan komandasının təhlükəsizliyinə zəmanət vermişik. Onların Bakıdakı yarışda iştirakları ilə bağlı müəyyən təcrübəmiz var. Bakı Şahmat Olimpiadasında iştirak etməyəcəklərsə, bu, onların məsuliyyətidir. Düzü, biz belə qərar gözləmirdik. Çünki Ermənistan şahmatçıları Bakıdakı son Dünya Kubokunda iştirak ediblər. Levon Aronyan da daxil olmaqla, Ermənistan şahmatçılarının Bakıya gəlməsində heç bir problem yaşanmayıb. Ermənistan Olimpiadada iki komanda ilə çıxış etməli idi. Ona görə belə məlumatı eşitmək bizim üçün gözlənilməz oldu. FİDE prezidenti Kirsan İlyumjinov Bakıda olduğu zaman, gənclər və idman naziri Azad Rəhimovla söhbətində də vurğulamışdı ki, Ermənistan tərəfi bu məsələni müzakirə edir. Yəqin, son anda gəlməmək barədə qərar qəbul ediblər. Hərçənd, bizdə heç bir rəsmi sənəd yoxdur. Biz hələ də onların gəlişinə hazırıq. Gəlmək istəsələr, onları qəbul edəcəyik.

- Olimpiadada Azərbaycanın 6 komandası mübarizə aparacaq. Şahmatçıların qarşısına hansı məqsəd qoyulub?

- Üç təlim-məşq toplanışı nəzərdə tutulmuşdu. Artıq iki hazırlıq mərhələsi arxada qalıb. Növbəti məşq prosesi avqustun 9-da olacaq. Ümid edirik ki, avqustun sonuna bütün şahmatçılarımız Olimpiadaya hazır olacaq. Əsas komandalardan həmişə böyük nəticələr gözləyirik. Hər bir yarışda başlıca məqsəd qalib gəlməkdir. İkinci-üçüncü komandalardan nəticə tələb etmək sadəlövlük olar. Qadın komandamızın şansları azdır. Kişi şahmatçılardan ibarət yığmamız isə əksinə, həmişə dünyada ən güclülər sırasında olub. Norveçdə keçirilmiş son olimpiadada 2 - 5-ci yerləri bölüşdürdük. Son 8 ildə iki dəfə Avropa çempionu olmuşuq. Komandamız kifayət qədər təcrübəli və titulludur. Qələbə gözləməyə əsasımız var. Sözsüz ki, bu, idmandır, hər şey ola biər. Amma çalışacağıq ki, qalib gələk.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi