Mahaçqalada Azərbaycan millisi və "Anji"nin sabiq futbolçusu İbrahim Həsənbəyovun xatirə lövhəsi açılıb

Mahaçqalada Azərbaycan millisi və "Anji"nin sabiq futbolçusu İbrahim Həsənbəyovun xatirə lövhəsi açılıb Lövhə İmam Şamil prospektində mərhumun yaşadığı 39 nömrəli evə vurulub
Fərdi
1 Oktyabr , 2017 13:18
Mahaçqalada Azərbaycan millisi və Anjinin sabiq futbolçusu İbrahim Həsənbəyovun xatirə lövhəsi açılıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Rusiyanın Mahaçqala şəhərində Azərbaycan millisinin və "Anji" komandasının sabiq futbolçusu İbrahim Həsənbəyovun xatirə lövhəsinin açılışı olub. 

"Report"un "Anji"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, lövhə mərhumun İmam Şamil prospektində bir zamanlar yaşadığı 39 nömrəli evə vurulub.

Təntənəli mərasimdə "Anji"nin baş direktoru Səid Abdullayev, Həsənbəyovun yaxınları, keçmiş həmklubları, futbol veteranları iştirak ediblər. Lövhənin açılışı "Anji"nin keçmiş futbolçuları Budun Budunov və Arsen Akayevə həvalə olunub. 

"Anji" akademiyasının direktoru Maqomed İsayev, Mahaçqala Futbol Federasiyasının prezidenti Camal Gəncəxanov çıxış edib, İbrahimin anası və əmisi təşəkkür nitqi söyləyiblər. Tədbir iştirakçıları Həsənbəyov barədə gözəl insan və komandanın lideri kimi xatirələrini bölüşüblər.

Qeyd edək ki, 25 oktyabr 1969-cu ildə Xasavyurtda doğulan İbrahim Həsənbəyov 1996-cı ildə Kazbek Tuayevin baş məşqçi olduğu vaxt milliləşdirilib. Onda hücum xəttində Nazim Suleymanov, Vəli Qasımov və Samir Ələkbərov kimi ustalar yer aldıqlarından, heyətdə möhkəmlənmək mümkün olmayıb. Oynadığı hər iki qarşılaşmada da İbrahimov meydançaya sonradan daxil olub. 21 yaşında Mahaçqala “Dinamo”sunda debüt etmiş forvard elə ilk oyunlardan bombardir istedadını ortaya qoyub. Bir il sonra o, “Anji”yə keçib. 

Fantastik məhsuldarlığı ilə diqqət çəkmiş Həsənbəyov müstəqillikdən sonra Rusiyada 100 qol həddini keçən ilk futbolçu olub. 1999-cu ilədək “Anji”də 233 oyuna çıxıb, 153 top vurub. O, Mahaçqalada ağır yol qəzasına uğrayaraq, vəfat edib. 1999-cu il iyulun 3-də onun idarə etdiyi "VAZ-2109" "KaMAZ"-la toqquşaraq yük maşının altında qalıb. Onun müəllifi olduğu bir çox rekordlar indiyədək yenilənməyib. İ.Həsənbəyov 29 het-trik, 6 poker edib. Bir oyunda isə 6 qol vurub.

Son xəbərlər

Orphus sistemi