Yuxarı

​"Qalatasaray"ın azərbaycanlı Konqres üzvü: "Kluba xeyli pul qazandırır və bununla qürur duyuram" - MÜSAHİBƏ

Azərbaycan restoranı açmağı düşünürəm

Antalya. 30 mart. REPORT.AZ/ Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Qalatasaray" klubunun Konqres üzvü Bəxtiyar Muradovun "Report"a müsahibəsi

- Uzun müddətdir ki, Türkiyədəsiniz. Buraya gəlişiniz necə oldu?

- Artıq 21 ildir Türkiyədəyik. 1990-cı illərin əvvəllərində Azərbaycanda qarışıqlıqlar olan zaman ailəliklə buraya köçməyə qərar verdik. Türkiyəyə gələrkən hər şeyimizi Azərbaycanda qoyduq. Burada hər şeyə sıfırdan başladıq.

- Dediniz ki, hər şeyimizi Azərbaycanda qoyub gəlmişik. Yəqin ki, hansısa çətinliklər olub...

- Onsuz da orada Sumqayıtdakı bir mənzildən başqa heç nəyimiz yox idi. Ailədə hər kəs işsiz idi. Burada isə dediyim kimi, hər şeyə sıfırdan başladıq. Anam işə düzəldi, mən isə çayçı işləyirdim. Bir müddət sənayedə işlədim, muncuq və qəlyan satırdım, çayxanalarda ofisiantlıqla məşğul olurdum. Hətta çimərliklərdə də işləyib, pul qazanırdım. Yəni çox çətin oldu, amma türklər həmişə kömək əlini uzatdı.

- Bəxtiyar Muradov bu əziyyətlərin nəticəsində nə qazandı?

- Bu gördüyüm işlər, çətin həyat mənə Bəxtiyar Muradovu qazandırdı. İndi məni Antalyada tanımayan insan yoxdur. Hər kəs məni düzgün insan olaraq tanıyır. Çünki indiyədək heç kimin haqqını yeməmişəm. Bir nəfərin pulunda, var-dövlətində gözüm olmayıb. Özüm illərcə işləyərək buna nail oldum. Antalyanın ən gözəl nöqtələrində iş yerlərimiz var. Heç kimsə gəlib deyə bilməz ki, Bəxtiyarın bir lirə borcu var. Məni səhv başa düşməyin, amma bura təzə gəldiyimdə azərbaycanlıların adı çıxmışdı. Azərbaycanlı olaraq mənim burada nəyəsə sahib olmağım bir az çətin idi. Bəlkə də belə olmasaydı, daha asan işləyər, nəyəsə sahib olardım. Bəziləri gəlib tezliklə varlı olmaq istədiyindən, kimlərisə aldadır, oğurluq edirdilər. Bu səbəbdən burada bizə tam inam yox idi. Bu illər ərzində göstərdim ki, azərbaycanlıların hamısı elə deyil. Onların namuslu, əxlaqlı, şərəfli insanları var. Mənimlə xeyli sayda azərbaycanlı işləyir və onlara özüm qədər inanıram.

- Hazırda hansı işləri görürsünüz?

- Ötən ilə qədər Antalyanın ən yaxşı yerlərində qızıl mağazalarım vardı. Rusiya ilə yaşananlardan, oranın turistlərinin ayağı demək olar ki, buradan kəsildikdən sonra mağazaların hamısını bağladım. İndi isə "GS Store", restoran, inşaat, daşınmaz əmlak işləriylə məşğulam. Bunun hesabına ayaqda qala bilirik. Hər şey pis olsa belə, mən yenə də çörəyimi daşdan çıxararam. Çünki heç bir işdən qorxmuram. Fəhlə kimi də işləmişəm. Əvvəllər çay satırdım, yenə də bunu edərəm. Amma heç zaman kiminsə haqqını yeməmişəm.

- "Qalatasaray" Konqresinin üzvüsünüz. Bu, necə baş verdi?

- Bu iş 2000-ci ildən başladı. Həmin müddətdə "Qalatasaray" 5-ci dəfə ard-arda çempion oldu, UEFA Kubokunu və Super Kuboku qazandı. Həyatımda ailəmdən sonra "Qalatasaray" gəlir. Bəziləri bu klubu pul və ya başqa şey üçün sevir. Türkiyədə inanılmaz dərəcədə "Qalatasaray" azarkeşi var. Komandamız müsəlman aləminin ən böyük uğuruna imza atıb və bu uğuru inanmıram ki, asanlıqla kimsə yenidən yaşasın. Ondan sonra bu komandanı sevməyə başladım, bütün oyunlarına gedirdim. Qəpik-qəpik pul yığıb oyunlara gedirdim. Azarkeşlərlə bir olduq, dostlaşdıq. Bir də gözümü açdım ki, artıq "Qalatasaray"ın içindəyəm. Bundan sonra da Konqres üzvlüyüm, mağazalarım oldu. Mən "Qalatasaray"a il ərzində xeyli sayda pul qazandırıram və bununla da qürur duyuram. Buna baxmayaraq, həmişə stadiona biletimi alıb gedirəm.

- Konqres üzvü olmağınızla bağlı təklif klubdan gəldi, yoxsa özünüz müraciət etdiniz?

- Öz müraciətimlə oldu. Dedim "Qalatasaray"a faydam olacağını düşünürəm. Kaş ki, hamı komandamıza bizim kimi xidmət etsin. Çətinliklər çox olur, Antalyanın ən gözəl yerində "GS Store" açmaq o qədər də asan olmadı. Mağazanı açdığımız vaxt "Fənərbağça" və "Antalyaspor" azarkeşləri tərəfindən hücumlar oldu. "Antalyaspor"la bir hadisəmiz oldu, hətta məsələ baş nazirə qədər gedib çatmışdı. Ancaq yaxşı dostluqlar dava ilə başlar. Bundan sonra dostlaşdıq, bir-birimizi tanıdıq. Antalyada yaşamaqdan çox xoşbəxtəm.

- Bakıda da bir ara "GS Store" açıldı, ancaq fəaliyyəti uzun sürmədi...

- Eşitdiyimə görə, onların iş sistemi düzgün olmayıb. Bizim bir sistemimiz var. Səhv etmirəmsə, Azərbaycandakı mağazada buna riayət edilmədi. Bunun üçün daima "Qalatasaray"ı izləməli, ildə 3-4 dəfə keçirilən iclaslarda iştirak etməli, mövsümlük məhsulları bilməlisən. Qış, yay kolleksiyalarını izləməsən, uğursuz olarsan.

- 16 ildir "Qalatasaray" azarkeşisiniz, amma illər öncəki "sarı-qırmızılar"da heç nə qalmayıb. Üstəgəl komanda yeni mövsümdə avrokuboklarda çıxış edə bilməyəcək. Hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?

- Mən "Qalatasaray"ı özü kimi görürəm. 3-5 il bundan əvvəl gözəl pul qazanırdıq, hər şey qaydasında gedirdi. Amma bu il dibə düşdük. İşlər qaydasında getmir. Belə olanda ailəmiz bizi sevməyəcək? Atam bu dəfə az pul qazandı deyə, ona arxamızı döndərəcəyik? Mən də "Qalatasaray"a eyni şəkildə yanaşıram. Həmişə çempion olacaqsan deyə bir şey yoxdur. Biz "Qalatasaray"ı çempion olması üçün yox, bizə yaşatdıqları üçün sevirik. Bu il pis oynasın, amma növbəti illərdə yaxşı olacaq. Bizim pis dediyimiz "Qalatasaray" ötən il Türkiyədə 3 kubok qazandı. Bunu heç kim etməyib. "Qalatasaray" Türkiyənin ən böyük komandasıdır. Ona görə də Türkiyə millisindən bu il o qədər də uğur gözləmirəm. Niyə? Səhv başa düşməyin, amma bir komandanın ruhu "Qalatasaray"dır. İsveçlə matçı izlədim, amma əvvəlki ruh yoxdur. Millidə ən azı 5 "Qalatasaray"lı olmalıdır ki, ruh olsun.

- "Qalatasaray" elə bir komandadır ki, orada taktika yox, ruh, motivasiya olmalıdır...

- Sizə bir şey deyim? Türkiyə futbolunda texnika, taktika adlı nəsə yoxdur. Burada hirs var, paltardəyişmə otağında "Qalatasaray"a Terimin motivasiyasını verəcəksən. Ondan sonra bu komandanın qarşısına "Barselona" belə çıxa bilməz. Bir şeyi başa düşürəm ki, Türkiyə komandalarının baş məşqçiləri sadəcə türk olmalıdır. Bütün uğurlar yalnız türkiyəli mütəxəssislərlə gəldi. Baş məşqçi fikirlərini tərcüməçi vasitəsilə çatdırmamalıdır. Fatih Terimin, Hasan Şaşın, Ümid Davalanın texniki zonada dayandığı vaxtlar üçün darıxdım. İnanıram ki, bu "Qalatasaray" qayıdacaq. Futbolda, voleybolda, basketbolda ən yaxşı baş məşqçilər "Qalatasaray"ındır. Ancaq bizim baş məşqçiləri seçim qarşısında qoyurlar. "Ya klubunu seç, ya da milli komandanı" deyirlər.

- Bu baxımdan Fatih Terimi anlamaq olar. Çünki millini çalışdırmaq hər baş məşqçinin ən böyük arzusudur. Amma bu məsələdə Hamza Hamzaoğluna qarşı haqsızlıq edildi...

- Hamza Hamzaoğluna çox böyük haqsızlıq edildi. Onun adı klubumuza qızıl hərflərlə yazılıb. O gedən zaman "Fənərbağça" ilə aramızda 4 xal fərq vardı. İndi isə bu barədə danışmaq belə istəmirəm. Bizim bir xüsusiyyətimiz var. Ya birinci oluruq, ya da dördüncü. Bizdə ikinci, üçüncü olmaq yoxdur. Amma 6 ay ərzində 3 kubok qazanmış Hamzaoğluna haqsızlıq edildi və o, özünü qurban verdi.

- İstər Türkiyə, istərsə də tarixi Vətəndə işləməklə bağlı azərbaycanlı iş adamlarından təkliflər olur?

- İrəlidəki 5 il ərzində Azərbaycana getməyi, orada hər hansı iş görməyi düşünmürəm.

- Niyə düşünmürsünüz?

- Bu mənim şəxsi fikrimdir və icazənizlə açıqlamaq istəmirəm. Azərbaycanda hansısa iş görməyi, investisiya qoymağı çox istərdim. Ancaq bəzi səbəblərdən edə bilmirəm. Gələcəkdə bir iş görərik. Bəziləri sosial şəbəkələrdə məni tapır və iş görməyi təklif edir, amma hələ bu, mümkün deyil.

- Bəs burada Azərbaycanın adı ilə bağlı hər hansı iş görməyi planlaşdırırsınız?

- Açığı, hazırda elə bir düşüncə yoxdur. Onsuz da bütün iş yerlərimdə bayram zamanı Azərbaycan və Türkiyə bayraqlarını asıram. Hər kəs bilir ki, filan iş yerinin sahibi azərbaycanlıdır. Oyunlara getdiyim zaman hər iki bayrağı da tribunada açıram. Həmişə Azərbaycan restoranı açmağı düşünürəm. İndi özümü ona hazır hiss etmirəm. Ancaq tam hazır olduğumda dünyanın ən yaxşı mətbəxlərindən olan Azərbaycanı tanıtmaq istəyirəm. Bizim mətbəximiz çox gözəl və keyfiyyətlidir.

- 21 ildir Türkiyədəsiniz. Azərbaycandan daha çox nə üçün darıxmısınız?

- Birincisi, Azərbaycanda dostlarla bir yerə yığılıb çaydanla çay içmək üçün darıxmışam. İkincisi, Corat qutabıdır. Bundan başqa, orada bişirilən lülə və tikə kabablarını istərdim. Mənim də restoranlarım var, amma burada dediyim yeməklər Azərbaycandakı kimi bişmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi