Kirsan İlümjinov: "Bakıda keçirilən Dünya Kuboku bir çox cəhəti ilə dünya şahmat tarixinə keçəcək"

Kirsan İlümjinov: "Bakıda keçirilən Dünya Kuboku bir çox cəhəti ilə dünya şahmat tarixinə keçəcək" Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib
Fərdi
5 Oktyabr , 2015 20:50
Kirsan İlümjinov: Bakıda keçirilən Dünya Kuboku bir çox cəhəti ilə dünya şahmat tarixinə keçəcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib. 

"Report"un məlumatına görə, tədbiri gənclər və idman naziri Azad Rəhimov açaraq Azərbaycanda şahmatın sürətlə inkişaf etdiyini bildirib: "Ölkəmizdə şahmatın zəngin ənənələri və uğurları var. Biz onları qoruyub inkişaf etdiririk. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə şahmat məktəbləri inşa edilib. O zaman 70-dək məktəb tikilmişdi. Hazırda dövlətimizin başçısı İlham Əliyev bu işi uğurla davam etdirir. Azərbaycanın regionlarında şahmat məktəbləri fəaliyyət göstərir və uşaqlar, yeniyetmələr idmanın bu qədim növünə böyük maraq göstərirlər".

Nazir deyib ki, Azərbaycanın şahmat üzrə Dünya Kuboku kimi mötəbər yarışa ev sahibliyi etməsi çox mühüm hadisədir: "Gənclərimizin dünyanın aparıcı şahmatçılarının oyununu canlı izləmələrinin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Digər tərəfdən, belə yarışlar ölkəmizdə şahmatın inkişafına mühüm töhfə verir. Gələn il Azərbaycan daha bir mötəbər yarışa - Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Bu tarixi qərar 2012-ci ildə İstanbulda keçirilən Şahmat Olimpiadasında qəbul edilib. Əminəm ki, Şahmat Olimpiadası da Dünya Kuboku kimi yüksək səviyyədə təşkil olunacaq".

“Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Dünya Kubokunda çıxışına marağın böyük olması bizi çox sevindirir. Yarış günlərindən birində 600-dək tamaşaçının partiyaları izləməsi ictimaiyyətin nümayəndələrinin, xüsusən gənclərin şahmata marağını göstərir. Fikrimcə, gənclərin gələcək inkişafında şahmatın böyük rolu var. Bütün şahmatçılarımıza qarşıdakı mötəbər yarışlarda uğurlar arzulayıram”, - A.Rəhimov vurğulayıb.

Nazir Dünya Kuboku və Şahmat Olimpiadasını Azərbaycana etibar etdiyi üçün FİDE-yə minnətdarlıq edib.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov deyib ki, Bakıda keçirilən Dünya Kuboku bir çox cəhəti ilə dünya şahmat tarixinə keçəcək. O, finalçılar Sergey Karyakinlə Pyotr Svidlerin uğurlu çıxışları ilə yüksək təşkilatçılığa töhfə verdiklərini bildirib. 

Mərasimdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov da çıxış edərək yarışın təşkilatçılığından, FİDE ilə sıx əməkdaşlıqdan danışıb.

Sonda finalçıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasının rəsmi loqosu da təqdim olunub.

Son xəbərlər

Orphus sistemi