Kikboksinq üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Kikboksinq üzrə Azərbaycan çempionatının açılış mərasimi olub Sərhədçi İdman Olimpiya Mərkəzində kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Fərdi
20 May , 2022 14:50
Kikboksinq üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Sərhədçi İdman Olimpiya Mərkəzində kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev, digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.

O.Əliyev tədbir iştirakçılarını salamlayaraq, yerli kikboksçularının hətta pandemiya şəraitində də yüksək nəticələr göstərdiklərini bildirib. O, Azərbaycan çempionatında fərqlənənlərin V İslam Həmrəyliyi Oyunlarında çıxış edəcəklərini vurğulayıb.

AKF prezidenti 44 günlük Vətən müharibəsində Azərbaycan kikboksçularının da qəhrəmancasına vuruşduqlarını söyləyərək, dünyasını dəyişən bütün şəhidlərin xatirələrinin 1 dəqiqəlik sükutla yad olunmasını xahiş edib.

Ardından Fərid Qayıbova verilib. Nazir kikboksinq növündə yüksək nailiyyətlərin göstərildiyini xatırladaraq, bütün iştirakçılara uğurlar arzulayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə pandemiyadan sonra qapalı məkanda belə bir yarışın keçirilməsini bayram adlandırıb. O, Azərbaycan kikbokdçularının İslamiadada da yüksək nəticələr göstərəcəyinə inam ifadə edib.

Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Milli Məclis sədrinin müavini Adil Əliyev isə tədbirdə iştirak edən bütün şəhid ailələrini və qaziləri salamlayaraq, qələbənin qazanılmasında rolu olanlara təşəkkürünü bildirib. A.Əliyev 2 illik fasilədən sonra ölkədə kütləvi tədbirlərin keçirilməsinə razılığın verilməsini sevindirici hal adlandırıb: "Biz müzəffər xalqın övladlarıyıq, bununla fəxr edirik. Qarşıda daha böyük yarışlar gözlənilir. Ümidvaram ki, İslamiadada qələbə qazanan idmançılarımız bir daha bizləri sevindirəcəklər. Çünki güclü, qalib xalq olduğumuzu hamı gördü. Hər birimizin borcudur ki, Azərbaycanda idmanın inkişafına gücümüz çatdığı qədər dəstək olaq. Məhz Azərbaycanda gənclər, idman siyasəti və ordu quruculuğunun başlandığı vaxt dünyaya göz açan övladlarımız bizə qələbə bəxş etdi. Hər birimizin borcu budur ki, bu siyasəti dəstəkləyək və irəli aparaq".

Daha sonra fəxri prezident nazir Fərid Qayıbovu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovu, şəhid kikboksçuların ailə üzvlərini plaketlərlə təltif edib.

Ardınca kikboksçu Anar Məmmədova dünya çempionluğu münasibətilə avtomobil hədiyyə olunub.

Qeyd edək ki, Azərbaycan çempionatına mayın 22-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi