“Evdə məğlub olduq. Amma o matç bizə yaxşı təsir etdi. Çatışmazlıqları gördük və bu gün meydanda xarakter nümayiş etdirdik. İnamı itirmədik. Stressli matç oldu, üstün tərəf biz idik. Layiqli qələbə qazandıq”.
“Report” xəbər verir ki, bu fikirləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, qələbədə əsas pay sahibi futbolçulardır:
“Final bir oyundan ibarətdir. “Sumqayıt” öz gücünü göstərib. Asan final olmur. “Qarabağ” da yaxşı komandadır. Amma “Sumqayıt” qələbə qazanıbsa, deməli layiqdir. Zaur Axundovun dəstəyini hər zaman hiss edirik. Əlbəttə mükafat olacaq. Amma mətbuatda yazılanlardan xəbərim yoxdur. "Keşlə" çempionatda istədiyinə nail olmayıb. Klub prezidenti də titul istəyir. Mən də bunun üçün bacardığımı edəcəyəm”.