Azərbaycan karate yığmasının yeni legioneri Bakıda yaşamayacaq

Azərbaycan karate yığmasının yeni legioneri Bakıda yaşamayacaq "Hələ Çexiyada təhsil alıram, burada qızım var"
Fərdi
1 Dekabr , 2016 10:29
Azərbaycan karate yığmasının yeni legioneri Bakıda yaşamayacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ "Azərbaycan yığmasına keçidim kata üzrə məşqçi Vahid Eyvazovun sayəsində baş verdi. O, dünya çempionatında mənə yaxınlaşaraq, bu ölkə komandası ilə müqavilə bağlamağı təklif etdi".

"Report"un məlumatına görə, bunu Azərbaycanın millisinə Çexiyadan cəlb olunmuş karateçi Dorota Baltsiarova "Vestnik Kavkaza" nəşrinə müsahibəsində deyib. 22 yaşlı idmançı eyni hədəfə malik olmaları səbəbindən təklifi qəbul etdiyini bildirib: "Mən böyüklər arasında Avropa və dünya çempionu olmaq, Yay Olimpiya Oyunlarına qatılmaq istəyirəm. Bu, hər cür şəraitə malik, amma karatenin kata növündə elə də yaxşı səviyyədə nəticələri olmayan Azərbaycana da aiddir. Bizim hədəfimiz eynidir. Ona görə də birgə işləməyə başladıq".

Hazırda Çexiyada məşq etdiyini söyləyən Baltsiarova Azərbaycanda Vahid Eyvazovun rəhbərliyi altında ayda iki dəfə çalışa biləcəyini vurğulayıb: "Bakıda yaşamaq bir qədər ağır olacaq. Çünki hələ Çexiyada təhsil alıram, burada qızım var. Burada məşq etmək, Azərbaycanda isə yaşamaq çətin olacaq. Amma orada məşq bazaları var və mən Eyvazovla əməkdaşlıq edəcəyəm, ola bilsin, ayda iki dəfə birgə məşq edəcəyik. Hərçənd, biz mümkün qədər çox məşq etmək istəyirik. Çünki bu, məşqçi ilə eyni istiqamətdə hərəkət etmək üçün çox vacibdir".

Gənc karateçi ilk yarışının 2017-ci ilin yanvarında Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa olacağını açıqlayıb. O, gələn ilin martında Azərbaycan paytaxtında təşkil olunacaq "Baku Open"ə qatılacağını deyib: "Bakıdan xoşum gəldi. Orada çox vaxt keçirə bilməsəm də, artıq mətbəxinə dəyər vermişəm. Yeməyi sevirəm. Məncə, Azərbaycan mətbəxi bizimkinə bənzəyir. Amma Bakıda elə də çox vaxt keçirə bilmədik. Fikrimcə, "Baku Open" vaxtı şəhəri daha yaxşı tanımaq üçün hələ imkanımız olacaq".

Baltsiarova Azərbaycan yığmasının heyətində Rafael Ağayevi çoxdan tanıdığını da əlavə edib: "O, karatenin əfsanəsidir. Mən bir neçə nəfəri tanıyır, onların böyük çempionatlarda necə yarışdıqlarını xatırlayıram. İndi biz Rafaellə dostuq".

Qeyd edək ki, karate 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

Son xəbərlər

Orphus sistemi