Bakı. 11 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi yeni tərəfdaşla müqavilə bağlayıb. Oyunların Əməliyyat Komitəsindən “Report”a verilən məlumata görə, bu, SOCAR şirkətidir.
SOCAR və BP şirkətləri, Oyunların rəsmi neft və qaz tərəfdaşları olaraq, Azərbaycanda idman potensialının inkişafına dəstək olmaq və gənclərin sağlam gələcəyinə töhfə vermək niyyətindədir.
Son illər Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində beynəlxalq idman qurumları tərəfindən ölkədə bir sıra nüfuzlu idman tədbirlərinin keçirilməsinə qərar verilib. Futbol üzrə 2020-ci il Avropa çempionatının 1/4 final görüşü və qrup oyunlarının Bakıda keçirilməsi planlaşdırılır. Eyni zamanda, 2019-cu il Çempionlar Liqasının final oyununun ev sahibliyini edəcək iki namizəd şəhərdən biri Bakıdır.
Qeyd edək ki, ötən müddət ərzində bir sıra yerli və xarici şirkətlərlə Oyunların Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında sazişlər imzalanıb. AZAL, BP və “Microplus” İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı siyahısındadır. Eyni zamanda, “Fresco”, “ITicket.AZ”, “Milla” və “RedBull” şirkətləri də rəsmi dəstəkçilər arasında yer alırlar. Tezliklə yeni tərəfdaşların da sıralara qoşulması planlaşdırılır.