İlqar Rəhimov yaponiyalı səfirə Bakıdakı Qran-pri barədə məlumat verib

İlqar Rəhimov yaponiyalı səfirə Bakıdakı Qran-pri barədə məlumat verib Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.
Fərdi
928
21 Oktyabr , 2020 13:38
İlqar Rəhimov yaponiyalı səfirə Bakıdakı Qran-pri barədə məlumat verib

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.

MPK-dan "Report"a verilən məlumata görə, görüş zamanı İ.Rəhimov 27 sentyabrdan hərbi birləşmələrimizin mövqelərinin və yaşayış ərazilərimizin Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qaldığını vurğulayıb.

O bildirib ki, Azərbaycan Ordusu düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəsini artıq azad edib: "Ermənistanın törətdiyi növbəti terror aktları, yaşayış ərazilərimizi atəşə tutması nəticəsində Azərbaycan tərəfindən mülki şəxslər həlak olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki obyekt və fərdi yaşayış evləri yararsız vəziyyətə düşüb. Bu akt Ermənistanın terror ölkəsi olduğunu bir daha sübut edir".

Azərbaycanın tarixi torpaqların düşmənlərdən azad edilməsi, məcburi köçkünlərin ora qaytarılması uğrunda Böyük Vətən Müharibəsinə başladığını diqqətə çatdıran İ.Rəhimov ölkəmizin haqq yolunda olduğunu və öz haqqını tələb edərək ədalətli müharibə apardığını söyləyib.

Daha sonra MPK prezidenti qonağa komitənin fəaliyyəti, dövründə əldə olunan nailiyyətlər barədə, 2021-ci ilin may ayında Bakıda keçiriləcək “IBSA JUDO GRAND PRIX BAKU 2021” və gələn il baş tutacaq Tokio-2020 Yay Paralimpiya Oyunlarına hazırlıq barədə məlumat verib.

Komitə prezidenti Azərbaycanda əlilliyi olan uşaqların idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkədə Uşaq Paralimpiya Hərəkatının yaradıldığını da qeyd edib və bildirib ki, hər il bu hərəkatdan çıxan paralimpiyaçılar müxtəlif beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.

İ.Rəhimov MPK-nın Yaponiya Paralimpiya Komitəsi ilə yaxından əməkdaşlıq etdiyini qeyd edib. Eyni zamanda Komitə prezidenti Azərbaycan paralimpiyaçılarının Tokio-2020 Yay Paralimpiya oyunlarına Yaponiyanın İşikava prefekturasının Şika şəhərində təşkil ediləcək “Host town” proqramı çərçivəsində hazırlaşacaqlarını bildirib. O, bununla əlaqədar cari ilin fevral ayının 24-də Şika şəhər meriyasında keçirilən görüş zamanı Anlaşma Memorandumunun imzalandığını vurğulayıb və yapon xalqına yaradılan şəraitə görə təşəkkürünü cənab səfirə çatdırıb.

Azərbaycanda əlillərlə bağlı sosial proqramlara böyük diqqət və qayğı göstərdiyini qeyd edən İ.Rəhimov məhz bu məqsədlə MPK tərəfindən Beynəlxalq Abilimpiya Federasiyasına üzv olmaq üçün müraciət edildiyini və üzvlük haqqında müvafiq qərarın qəbulundan sonra Azərbaycanda Abilimpiya Federasiyasının təsis edildiyini bildirib.

Səfir Vada Cüniçi öz növbəsində ölkəsinin paralimpiya və abilimpiya dəyərlərinə önəm verdiyini bildirib, Paralimpiya Komitəsi və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən Beynəlxalq Abilimpiya Federasiyası ilə əlaqələrin qurulmağını vacib hesab edərək müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində birgə iş qurulmasını dəstəklədiyini vurğulayıb. Eyni zamanda, səfir MPK ilə Yaponiya Paralimpiya Komitəsi arasında olan əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan paralimpiyaçılarının Yaponiyanın Şika şəhərində Tokio-2020 Yay Paralimpiya oyunlarına hazırlıq keçməsini hər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdiyini qeyd edib..

Daha sonra tərəflər gələcək əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və Azərbaycan Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Cavad Qasımov da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi